ABŞ trafikinqə qarşı mübarizədə Azərbaycanın tərəqqisini qeyd edib

"Azərbaycan höküməti insan alverinin aradan qaldırıması üçün minimum standartlara tam əməl etmir, amma bunun üçün ciddi səylər göstərir".
ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə insan alveri haqqında hesabatında deyilir ki, Azərbaycan bu problemlə mübarizə aparmaqda irəliləyişlər etsə də, təkmilləşmə üçün imkanlar çoxdur.
ABŞ-nin Azərbaycandakı Missiyası hesabat barədə deyib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində "bundan sonra da, ciddi işlər görülməlidir" və "Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcəkdir".
Dövlət Departamentinin hesabatında ölkələr 4 kateqoriyaya bölünür: Sıra 1-ə aid olan ölkələrin hökümətləri İnsan Alveri Qurbanlarının Müdafiəsi Aktının tələblərini tamamilə yerinə yetirir. Sıra 2-dəki ölkələr bu tələbləri tamamilə yerinə yetirməsə də, bunun üçün ciddi səylər edir. "Sıra 2-yə aid nəzarət altında" olan ölkələr də var: bu ölkələrdə də tələbləri yerinə yetirmək üçün ciddi səylər göstərilir amma eyni zamanda insan alveri qurbanlarının sayı yüksəkdir və ya qalxmaqdadır, ya da tələbləri yerinə yetirmək üçün tədbirlərin həyata keçirilməsi barədə sübut yoxdur. Sıra 3 ölkələrinin hökümətləri isə minimum standartları yerinə yetirmir və bu istiqamətdə çalışmır.
Azərbaycan Sıra 2-yə yerləşdirilib. Cənubi Qafqazın digər ölkələrindən Ermənistan 1-ci, Gürcüstan isə 2-ci Sıradadır.
Reaksiyalar
ABŞ-ın Azərbaycandakı səfirliyi hesabat barədə deyib ki, Azərbaycanın "insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən ölkədəki vəziyyəti yaxşılaşdırılaraq Sıra 2-yə daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edir".
"Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilmişdir. Hesabatda qeyd edildiyi kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcəkdir", ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuata açıqlamasında deyilir.
İnsan alverinə qarşı mübarizədə zəif olmaları haqqında iddiaları Rusiya və Çin qəzəblə qarşılayıb. Çində Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, ABŞ əsassız mühakimələr etməkdən çəkinməlidir. Rusiya rəsmisi Konstantin Dolqov isə deyib ki, ABŞ-ın bu məsələni qaldırması belə hiddət doğurur.
İllik hesabatda ABŞ Dövlət Departamenti Çini 3-cü Sıraya salıb. Səbəblərdən biri, dövlət həbsxanalarında məcburi əməyin işlədilməsi kimi qeyd olunur. Rusiya isə istismarçılığa izin verməkdə suçlanıb.




