Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdur

Demokratik Qüvvələrin Milli Şurasının ilk təsis iclasında qurumun sədri kinodramaturq Rüstəm İbrahimbəyov seçilib.

Müxalifət partiyaları, vətəndaş cəmiyyəti və ziyalıların iştirak etdiyi tədbirdə Şuranın əsasnaməsi, bəyannamə və dünya birliyinə müraciəti qəbul edilib.

Turan agentliyi yazır ki, iclası açan Ziyalılar Şurasından Cəmil Həsənli Şuranın yaranma səbəbinin sosial-iqtisadi problemlər, korrupsiya, insan haqlarının pozulması və Qarabağ məsələsində irəliləyişin olmamasıdır.

Vahid namizəd

İclasda həm də, prezidentliyə vahid namizədin seçilməsi məsələsi də müzakirə edilib, lakin qərar verilməyib.

Çünki hüquq müdafiəçisi Leyla Yunus vahid namizəd kimi Rüstəm İbrahimbəyovun adını çəkib.

Məlumata görə, əsasən Musavat partiyasından Arif Hacılı bu fikrə narazılıq bildirib.

Narazılıq

Birmənalı qarşılanmayan təklifdən sonra qərara alınıb ki, bununla bağlı siyasi partiyalarla məsləhətləşmələr aparılmalıdır.

Milli Şura barədə ilk elanlar verilən vaxtdan hökümət rəsmiləri və mediasının tənqidi ilə üzləşib.

Tənqidlərdə əsasən, Şuranın rus mənbələrindən maliyyə alması və “Rusiyanın layihəsi” olduğu deyilsə də, Şura təşkilatçıları bu iddiaları təkzib edib.

“Rusiyanın layihəsi”

“İlk növbədə Kremlin layihəsi İlham Əliyev hökumətidir. Onların çox sıx əlaqələri var, rəsmi Bakı dəfələrlə bəyan edir ki, Rusiya bizim strateji tərəfdaşımızdır, hazırki MŞ sədri İbrahimbəyov Turana bildirib.

Rusiyadan demokratik dəyişiklik gözləmədiyini deyən sədr bildirib ki, biz Amerika, Avropa, Türkiyə və digərlərindən “demokratik başlanğıclarımızı dəstəkləməyi” xahiş edəcəyik.

Tənqid

Lakin hakim partiya rəsmisi yeni yaradılan qurumun “perspektivsiz” olduğunu deyib.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, “Bəzi müxalifətdə olan şəxslərin cəmləşdiyi və bu gün təsis edilən Milli Şura adı milli olsa da, anti-milli Şuradır”, APA yazır.

Müsavat, AXCP, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi, Liberal, Açıq Cəmiyyət, Aydınlar, İslam, Böyük Azərbaycan, Milli Birlik partiyalar və EL Hərəkatının daxil olduğu Şuranın təsis iclasında 97 nəfər iştirak edib. Bu iclas Əsasnnaməyə görə, iki ildə bir dəfə çağrılır.