Eurovision 2013-də Azərbaycan finala çıxıb

Eurovision-2013 Mahnı Müsabiqəsinin ikinci yarım-finalında Azərbaycan finala keçib.
17 ölkə arasında çıxış edən Azərbaycan təmsilçisi 21 yaşlı Fərid Məmmədov "Hold Me" mahnısı ilə dördüncü yerdə səhnəyə çıxıb.
Bu mərhələdə onunla yanaşı, Gürcüstan və Ermənistan da çıxış edib və onlar da finalda yarışacaq.
Yarım-finalda çıxış edən digər ölkələr isə Yunanıstan, İsrail, Finlandiya, Latviya, Malta, Rumıniya, Makedoniya, Malta, Bolqarıstan, San Marino, İslandiya, Macarıstan, Norveç, Albaniya, İsveçrə olub.
İsveçin Malmö şəhərində keçiriləcək Final Mərhələsi isə mayın 18-ə planlaşdırılıb.
2012-ci il müsabiqəsində 42 ölkə təmsil edilsə də, bu il Eurovisionda cəmi 39 ölkə iştirak edir.
Keçən ilə fərqli olaraq, bu il Ermənistan müsabiqəyə qatılsa da, Bosniya və Herseqovina, Portuqaliya, Türkiyə və Slovakiya müsabiqədə iştirak etməyəcək.
Avropa Yayım Ittifaqının (EBU) ən böyük maliyyəçiləri olduqlarına görə, 2000-ci ildən bəri Fransa, Almaniya, İspaniya və Böyük Britaniya avtomatik finallara keçir.
2010-cu ildə İtaliya da bu siyahıya daxil olub.




