Türkiyə və İsrail: öncə gözünü kim qırpdı?

Obamanın vasitəçiliyilə İsrailin Türkiyə qarşısında üzrxahlığından bir neçə gün sonra Türkiyə paytaxtı Ankaranın küçələrində nəhəng plakatlar peyda olmağa başladı.
Ədalət və İnkişaf Partiyasından olan mer Melih Gokcekin göstərişililə qoyulmuş bu plakatlarda Baş Nazir Recep Tayyip Erdoğana, merin diliylə desək, ölkəyə "bu qüruru yaşatdığı üçün" təşəkkür edilir.
İsrail Baş Naziri Benjamin Netanyahu və Erdoğanın şəkilləri altında yazılıb: "Sayın başqanımız...minnətdarıq. İsrail Türkiyədən üzr istədi".
İsrail 2010-cu ildə Türkiyə gəmisinə hücum etdikdən və doqquz fələstinçi fəalı öldürdükdən bəri iki ölkə arasında münasibətlər çox pisləşib. Mavi Mərmərə gəmisi İsrailin Qəzzaya qarşı blokadasını qırmaq üçün yolda ikən vurulanda beynəlxalq sularda idi.
Bundan üç il sonra, bu il martın 22-də, İsraildə səfərdə olan ABŞ Prezidenti Barak Obama ölkəni tərk etməzdən azacıq öncə, aeroportda telefonu ev sahibi Benjamin Netanyahuya ötürdü. Xəttin o biri başında Türkiyənin Baş Naziri idi.
Daha sonra bu üç tərəf Mavi Mərmərə insidentilə münasibətləri ciddi zədələnmiş Türkiyə və İsrail arasında barışıqdan danışdılar. Hər üç ölkə dedi ki, cənab Netanyahu insan itkisilə nəticələnən səhvlərə görə üzrxahlıq edib və kompensasiya razılaşması əldə etməyə razı olub.
Həm İsrail, həm də Türkiyə bir əsrlik dostluq və əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyib.
Ağ Evin bəyanatında deyilirdi ki, ABŞ da hər iki ölkə ilə yaxından əməkdaşlığı yüksək dəyərləndirir və regional sülh və təhlükəsizliyi təmin etmək üçün müsbət əlaqələrə böyük əhəmiyyət verir.
Niyə indi?
Diplomatik nəzakət uzun çəkmədi və hər iki tərəfdə fərqli və müxalif fikirlər baş qaldırmağa başladı.
"Geri çəkildiyi üçün" İsraildə opponentlərinin tənqidinə məruz qalan cənab Netanyahu sonrakı gün qərarını Facebook səhifəsində izah etdi.
O dedi ki, Suriyada pisləşən vəziyyət onun üzr istəməsi üçün əsas faktor olub. "Suriyada vəziyyətin hər dəqiqə daha da pisləşməsi faktı mənim üçün əsas səbəb idi", o deyib və əlavə edib ki, İslamçı silahlıların Suriyanın kimyəvi silah anbarlarını ələ keçirəcəyindən ehtiyat edir.
Türkiyədə isə nəhəng reklam lövhələri zəfərin yeganə nişanəsi deyil. Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu ölkəsinin bütün tələblərinə əməl olunduğunu iddia etdi. Baş Nazir Erdoğan əlavə etdi ki, İsrailin üzr istəməsi Türkiyənin regionda artan gücünün göstəricisidir.
Türkiyənin aparıcı jurnalistlərindən birinin "yeni Şarl de Qol" adlandırdığı cənab Erdoğan dedi ki, Türkiyə və region yeni prosesin başlanğıcındadır və bu proses "Türkiyəni keçmişdə olduğu kimi yenidən sözünü deyə biləcəyi, təşəbbüs və gücə malik olacağı mövqeyə qədər aparacaq".
Üzrün əvəzində
Türkiyə-İsrail münasibətləri heç zaman göründüyü kimi olmayıb. Daha çox detal üzə çıxdıqca, ciddi kompromisə gəlindiyi də məlum olur. Netanyahunun üzrxahlığı müqabilində Erdoğan sionizm haqqında kəskin narazılıq yaradan fikirlərinə düzəliş etdi. Ankara həmçinin İsrailin blokadanı qaldırmalı olması barədə israrından geri çəkildi.
Türkiyə regionda enerji mərkəzinə çevrilmək istəyir. Türkiyə şirkətləri üçün Şimali İraqda və Kipr sularında imkanlar son aylarda əhəmiyyətli dərəcədə artıb. İsraillə münasibətlərin normallaşdırılması bu ambisiyaların reallaşması üçün mühüm əhəmiyyət daşıyır.
İki ölkənin hökumətləri arasında siyasi narazılıqlardan Türkiyə və İsrail şirkətləri zərər görməyib. Mavi Mərmərə hadisəsindən sonra belə ikitərəfli ticarət davam edib və hətta ildən-ilə artıb.
Kommersiya motivlərindən başqa, Türkiyənin qonşuluğunda sürətlə dəyişən şərait də yaxınlaşmada mühüm rol oynayıb. Ankara Bəşər Əsəd rejiminin tezliklə devriləcəyinə inansa da, Suriyada böhranın sonu görünmür.
ABŞ adminsitrasiyası İsrail və Türkiyə arasında yaxınlaşmaya nail olmaq üçün uzun müddət idi ki, səhnə arxasında çalışırdı. Suriya və İranla bağlı təhlükəsizlik narahatlıqları artdığı bir vaxtda, Amerikanın iki əsas regional müttəfiqi arasında yaranın sağaldılması Obamanın Yaxın Şərq siyasətində uğuru üçün mühüm amil oldu.
Gözünü birinci kim qırpdı? Türkiyə və İsrail bununla bağlı çox mübahisə edə bilərlər. Amma bu üzrxahlığın Prezident Barak Obama üçün diplomatik qələbə olmasına şübhə yoxdur.



