"Araz suyunun Urmiyə gölünə yönləndirilməsi fəsadlar yaradar"

Urmiyə gölü

Şəklin mənbəyi, MEHR

Urmiyə gölünün qurumasının qabağını almaq üçün Araz çayının suyunun ora axıdılması Azərbaycan üçün böyük problemlər yarada bilər, ekspertlər deyir.

İran hökuməti Urmiyə gölünün qurumasının qarşısını almaq üçün Araz çayının suyunun gölə yönləndirilməsini nəzərdə tutduğunu bildirib.

İran Azərbaycan hökumətindən istəyir ki, , "qonşuluq haqqı əsasında və ətraf mühitə yardım naminə İranın su payından iri həcmin Urmiyə gölünə köçürülməsi ilə razılaşsın" , - Tehran radiosunun məlumatına görə, bu sözləri İranın Energetika Nazirliyinin MDB ölkələri və sərhəd çayları üzrə baş idarəsinin direktoru Cabbar Vətənfəda deyib.

Belə bir köçürülmə baş verərsə, "Azərbaycan ərazisinin 40 faizi səhralaşmaya məruz qalar, su qıtlığına, biomüxtəlifliyin məhvinə səbəb olar, kənd təsərrüfatı sıfıra enə bilər, insanların miqrasiyası ilə nəticələnə bilər", - Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bu fikirdədir.

Urmiyə gölü İranın azərbaycanlılar yaşayan ərazisində yerləşir. Gölün yaxınlığında məskunlaşan azərbaycanlılar, göl quruyarsa, onun ətrafında yaşayan insanlara zərər dəyəcəyindən qorxduqlarını bildirirlər.

"İran istəyir ki, güney azərbaycanlıların zehnində bu fikri yaratsın ki, quzey Azərbaycan (Azərbaycan Respublikası-red.) əslində bu işi görə bilər, amma görmür", - İsveçdə yaşayan və əslən İrandan olan azərbaycanlı Saleh Kamrani BBC Azərbaycancaya deyib.

Onun fikrincə, Araz çayının suyu yönləndirilərsə, Araz hövzəsinin özü quraqlıq və ətraf mühit fəlakətilə üzləşə bilər.

Cənab Vətənfəda bildirib ki, Araz çayı suyunun Urumiyə gölünə daşınması "təbii ki Azərbaycan Respublikası ilə əldə olunan müqavilələr çərçivəsində olacaq və lazımi müzkirələr də aparılacaq".

Araz çayının sularına nəzarət beynəlxalq konvensiyalarla tənzimlənir və Azərbaycan və İran bu konvensiyaların üzvüdür.

Azərbaycan hakimiyyəti bildirib ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı hələlik tərəflər arasında heç bir razılaşma yoxdur.

"Azərbaycan suya ehtiyacı olan ölkələrdəndir. Bu məsələdə də Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq çıxış edəcək", - ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib, Trend xəbər verir.

Urmiyə gölü niyə quruyur?

Urmiyədə həbslər

Şəklin mənbəyi,

Şəklin alt yazısı, Urmiyə gölünün qurumasına etiraz olaraq bir neçə ildir ki, Təbrizdə və İranın digər şəhərlərində etiraz aksiyaları keçirilib.

"Hökumət Urmiyə gölünün hövzəsində olan çayların qabağını kəsir, sədd vurur və lazımi suyu Urmiyə gölünə ötürmür" - hüquqşünas Saleh Kamrani deyir.

"Urmu gölünün öz suyunu saxlaması üçün əsas təminat mənbəyi yağış, həmçinin ətrafında axan çaylar və yeraltı sulardır". Cənab Kamrani deyir ki, gölün ətrafında axan çaylara həddən artıq su səddi qurulub.

"Onlar vurulmamalıdır, dövlət bunu azı 3-4 ildir ki, bilir və amma davam etdirir".

Onun fikrincə, ikinci mühüm səbəb əkinçilik üçün ərazidə qazılan su quyularının sayının həddindən artıq çox olmasıdır. "Dövlət bunun qabağını ala bilərdi və indi də ala bilər" - Kamrani deyir və bir çox quyuların ağzının bağlanmasını çarə olaraq görür.

Daha bir mühüm səbəb "ətraf mühit məsələlərinə riayət edilmədən" Urmiyə gölünün üzərindən körpünün salınmasıdır, - hüquqşünas bildirir.

"Beynəlxalq konvensiyalara görə, belə körpülərin salınmasında ən yüksək texnologiyalardan istifadə olunmaldır və beynəlxalq təşkilatlardan (ekspertlik üçün) yararlanmaq olar".

O deyir ki, körpü salınmazdan öncə ətraf-mühit sertifikatı alınmalı idi, amma Ürmiyə gölündə "buna riayət olunmayıb".

"Ən az bilikli ekspert də bilir ki, bu işləri burda görməzlər, İran dövlətinin niyə bunu etməsi sual doğurur" - Kamrani əlavə edir.

Onun sözlərinə görə, Urmiyə gölününü qurumasına qarşı etirazlar dörd ildən artıqdır davam edir və onlar insanların həbsilə nəticələnir.

"İndi (İran) məsələni qarışdırmaq üçün istəyir topu atsın Azərbaycan dövlətinin yerinə" - cənab Kamrani deyir.

Məlumatlara görə, ötən il İran parlamenti Urmiyə gölünün qurumasının qarşısını almaq üçün tədbirlərə maliyyə vəsaiti yaymaqdan imtina etmişdi.

İran hökumətinin gölə "etinasızlığı" Bakıda və İranın azərbaycanlılar yaşayan şəhərlərində etiraz aksiyalarına səbəb olmuşdu.