Bakı sakinləri özlərini “Avroviziya qurbanları” adlandırır

Dövlət Bayraq Meydanı ərazisində yerləşən doqquzmərtəbəli binanın sakinləri, binanı tərk etmədən tikilinin sağ tərəfinə iri həcmli kranın qoyulmasından şikayət edir.
Kranın qoyulmaması üçün hər gün səhər 9-dan axşama kimi binanın önündə “keşik çəkirlər”. Onlar deyir ki, ərazi çox küləklidir və əgər kran qoyularsa, o bərk külək nəticəsində binanı yararsız hala sala bilər. Cümə axşamı icra hakimiyyəti nümayəndələrinin də iştirakı ilə etirazlara baxmayaraq artıq kranın tikintisinə başlanılıb və bu səbəbdən, onlar arasında mübahisə düşüb.
Prosesdən əvvəl isə əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. BBC Azərbaycancaya müsahibə verməkdən imtina edən nümayəndələr sakinlərə deyib: “Siz köçürüləcəksiniz, sonra kran qoyulacaq”. Lakin üstündən bir-iki saat keçməmiş işə başlanılıb. Kran hələ qoyulmayıb.
Vətəndaşlar 2007-ci ildə Aqil Əliyev, 5 küçəsində “Dövlət Bayraq Meydanının tikintisi başlayandan bəri günümüz qaralıb” deyir. Sakin Əlif Hacıyev “dörd ildir toz-torpaq içində olduqlarını, səs-küydən yata bilmədiklərini, soyuqdan donduqlarını” dilə gətirib. Bayrağın hazırki ərazisində binanın qazanxanası olub, tikinti ilə əlaqədar sökülüb.
“Avroviziya qurbanları”
Onlar, məsələnin Meydanın yaxınlığında “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən arenada olduqlarını deyir.
Sakin Xədicə Güləmirova deyir: “Bəlkə də Avroviziya lazımdır, lakin bizim hesabımıza yox, sakinlərin evsiz qalması hesabına yox”.
Təkcə Güləmirova deyil, bütün sakinlər özlərini “Avroviziya qurbanları” adlandırır.
Ərazi 8-ci bölmənin çevik polis alayının işçiləri ilə qorunur.
Özünü təqdim etmək və kameraya müsahibə vermək istəməyən polislər BBC Azərbaycancaya “burada asayişi qoruyuruq” deyib. Sakinlər deyir ki, onlar Səbail rayon İcra Hakimiyyəti (SRİH) və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən vətəndaşların söküntüyə mane olmaması üçün göndərilir.
Köçmək göstərişi
Sakinlərə köçmək üçün 15 gün vaxt verilib. Vətəndaşların sözlərinə görə, bunu, dekabrın 5-də BŞİH başçısı Hacıbala Abutalıbov qəbulunda deyib.SRİH başçısının müavini Qəzənfər Novruzov BBC Azərbaycancaya dəqiq bir vaxtdan söz etməyib: “Bu dövlət proqramı çərçivəsində həyata keçirilir, vəssalam. Sakinlər köçürüləndə görəcəksiniz”.
Sakinlər deyir ki, onlara binanın sökülməsi üçün prezidentin sərəncamı təqdim edilməyib. Onlar yalnız imzasız və “geydirmə” adlandırdıqları bildirişləri alıb. İsmayılov isə, onlara və mediaya “bütün sənədlərin təqdim olunduğunu və sakinlərin məktublarına cavab verildiyini” deyir.

Sakin Əlif Hacıyev deyir ki, köçməmələrinə səbəb evlərinə dəyərindən az pul verilməsidir: “O pula dəniz kənarında olan evləri almaq olmaz, o evlərin kvadrat metri 2000-7000 AZN civarındadır”. Onlara evin hər kvadrat metri üçün 1500 AZN pul təklif edilir.
Digər sakin Nüşabə Mustafayeva deyir ki, onlarda olan xəbərə görə, əslində evin hər kvadrat metrinə 1500 AZN yox, 4500 verilməlidir. Vətəndaşlar “məmurların pulları mənimsədiyini” iddia edir.İcra nümayəndələri deyir ki, sakinlərə ya evi dəyişmək, ya da ki pul təklif edilib. İcranın Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban İsmayılov sakinlərə Patamdart və Nəqliyyat Nazirliyi tərəflərdə (Papanin) təmirli ev verdiklərini, lakin bəyənmədiklərini deyib.
Sakinlər o ərazilərdə deyil, indiki evlərinə yaxın əraziyə köçürülmələrini istəyir. İcra hakimiyyəti başçısının müavini isə “Kim köçməyəcəksə, qalacaq, lakin bina söküləcək” deyir. Hacıyev deyir ki, onlara həm də “psixoloji təsir göstərirlər”. Su, qaz və işıq xətlərində tez-tez problem yaranır. Kanalizasiya sistemi isə keçən həftə üstünə torpaq tökülərək qapadılıb. Yalnız müqavimətdən sonra kanalizasiya sistemini tam olmasa da, bərpa edilib. Bu bazar ertəsi əhali və polis, icra hakimiyyəti nümayəndələri arasında qarşıdurma olub. Bir sakin saxlanılsa da, sonradan azad edilib.
Şikayətlərə cavab verilmir
Prezident Administrasiyasına beş ədəd, Milli Məclisə iki, həmçinin Ombudsman, baş nazir Ramiz Mehdiyev, BŞİH, Ədliyyə Nazirliyi və PA iqtisadi məsələlər üzrə məsləhətçisinə məktublar yazan sakinlər cavab almadıqlarını deyir.
Son iki ildə yalnız BŞİH başçısı Hacıbala Abutalıbovla görüşdüklərini bildirir sakinlər. Güləmirova danışır: “Üç dəfə qəbulunda olmuşuq, birincidə, köçürülmə üçün sakinlərin fikrini almasını xahiş etdik, ikincidə, xarici perimetrə görə pul verilməsini dedik”. Sakinlər, dediklərinə görə, üçüncü görüşü əsəblə xatırlayır. “Abutalıbov bizə “Qanun mənəm” və “Konstitusiya sadəcə kağızdır - dedi”, Güləmirova bölüşür.

BBC Azərbaycanca BŞİH-in mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb, lakin telefon qaldırılmayıb.
Yerli medianın bu problemi işıqlandırmadığını, şikayətlərinə cavab vermədiklərini deyən vətəndaşlar çıxış yolunu xarici ölkələrin səfirliklərinə və ATƏT, Aİ və AŞ Ofislərinə də müraciət etməkdə görürlər.
Vətəndaşlıqdan imtina
Sakinlərdən bəziləri vətəndaşlıqdan çıxmaq istədiklərini bildirib. Pərvin Hacıyeva və Xədicə Güləmirova deyir ki, əgər hansısa ölkə onları qəbul etmək istəsə, “Azərbaycan vətəndaşlığından imtina etməyə” razıdırlar.
Onlara görə, indiki köçürmə “ikinçi köç”dür.
Sakinlərin 80 faizi Sovet İttifaqı dövründə digər ölkələrdə yaşamış və müstəqillik zamanı ölkəyə gəlməsi xahiş edilən hərbçilərdir.
Media ilə yalnız təqaüdə çıxan hərbçilər əlaqə saxlaya bilir. Qalanları isə iş yerlərini itirməmək üçün mediaya danışmır.
Məkanda tikinti işlərini AzenKo və Azvirt şirkətləri aparır. Əraziyə gələn yük maşınlarının üzərində isə BŞİH yazır.
İki bloklu binada 72 ailə və ya 200 nəfərə qədər sakin yaşayır. Onlardan yalnız 5-6-sı hər kv metrə 1500 manat kompensasiya ilə razılaşıb. Qalan 65 ailə köçməyə razı olsalar da, məbləğlə razılaşmırlar və mənzillərini tərk etməkdən imtina edir.




