Azərbaycan İsraildən pilotsuz təyyarələri almaqda davam edəcək

Pilotsuz təyyarə

Şəklin mənbəyi, Getty

Sentyabrın 12-də Dağlıq Qarabağda Azərbaycan pilotsuz təyyarəsi erməni silahlı qüvvələri tərəfindən deyil, Rusiya hərbi mütəxəssisləri tərəfindən vurulub.

Bu qənaətə İsrailin kəşfiyyat və təhlükəsizlik texnologiyaları sahəsinə aid xəbərləri işıqlandıran Debkafile saytı gəlib.

Nəşrin məlumatına görə, bu zaman xüsusi avadanlıqdan istifadə edilib.

Debkafile hərbi mənbələrə istinadən bildirir ki, Rusiyanın və İranın İsrail-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı narahatlığına baxmayaraq, İsrail istesalı olan pilotsuz təyyarələrin Azərbaycana satışı davam edir.

Xəbər verilir ki, yaxın 2 ay ərzində Azərbaycan ordusu üçün əlavə olaraq daha 60 pilotsuz təyyarə göndəriləcək.

Məlumata əsasən söhbət maksimal yüksəkliyi 4-6 kilometr olan və 5 saata qədər havada qala bilən 2M Orbiter və 10 km-ə qədər yüksəkliyə qədər qalxa bilən və havada 12 saata qədər qala bilən Aerostar təyyarələridir.

Həmçinin gələcəkdə bu uçuş aparatlarının idarə olunan raketlərlə təchiz olunacağı istisna olunmur.

Portal qeyd edir ki, İsrail ordusunda bu raketlərdən səmərəli istifadə olunur.

Debkafile-ın istinad etdiyi qərbin kəşfiyyat mənbələrinin məlumatına görə, İsrail və Azərbaycan arasında həmçinin İsrailin hərbi-kəşfiyyat peyklərinin satışı üzrə ətraflı müzakirələr aparır.

Sayt xəbər verir ki, İran mənbələrinin iddia etdiyinə görə, artıq İsrail Azərbaycan ərazisində Xəzər dənizinin sahilində xüsusi RLS-lər quraşdırıb, onlardan pilotsuz təyyarələrdən uzaq məsafədən İran ərazisini və xüsusən də nüvə obyektlərini müşahidə etmək üçün istifadə edilir.