Bakıda Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb

Abid Şərifov

Şəklin mənbəyi, 1news.az

Təhlükə zonası “Əbədi məşəl” kompleksi yaxınlığından “Gülüstan” sarayına qədər ərazini əhatə edir, APA agentliyi rəsmi mənbələrə istinadən xəbər verir.

Ərazidə çatlar əmələ gəlib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işlərinə başlayıb, mütəxəssislər tərəfindən mümükün risklər təhlil edilir.

Baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov hadisə yerindədir.

A. Şərifov deyib ki, ərazidə böyük sürüşmənin qarşısı almaq məqsədi ilə tədbirlər görüləcək, çatlar əmələ gələn yerlər gillə doldurulacaq, bərkitmə və izolyasiya işləri aparılacaq.

Bakının mərkəzində yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Bayıl yamacı istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, Bayıldan Şəhidlər Xiyabanına gedən yol ərazidəki təhlükəli vəziyyət aradan qaldırılanadək bağlı qalacaq.

Turan agentliyinə görə, polis adamları və avtomobilləri Bayıldan Gülüstan sarayına doğru və əks istiqamətə buraxmır.

Sonuncu dəfə Bayılda irimiqyaslı sürüşmə 10 il bundan əvvəl baş vermişdi. Sürüşməsi nəticəsində “Lukoyl” yanacaqdoldurma stansiyası torpaq kütləsi altında qalmışsı, Bakının mərkəzi ilə Bayıl qəsəbəsi arasındakı yol bir müddət bağlı qalmışdı.