A.Mütəllibov Bakıda Heydər Əliyevin məzarını ziyarət edib

Ayaz Mütəllibov

Şəklin mənbəyi, musavat.com

20 ildən sonra Azərbaycana oğlunun vəfatı ilə əlaqədar qayıtmış eks-prezident Ayaz Mütəllibov Bakıda Heydər Əliyevin məzarını ziyarət edib.

Bunu APA-ya açıqlamasında eks-prezident Ayaz Mütəllibov bildirib.

“Oğlum Azadın vəfatı ilə ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən, ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim”, - A.Mütəllibov deyib.

A.Mütəllibovun təbirincə, Heydər Əliyev “Sovet İttifaqında durğunluq illəri olmasına baxmayaraq, Azərbaycanı inkişaf etdirir və ölkənin xoşbəxt gələcəyini görürdü”.

“Elə buna görədir ki, Azərbaycan müstəqil olduqdan sonra böyük iqtisadi çətinliklər çəkmədi”, - A.Mütəllibov deyib.

Eks-prezident A.Mütəllibovun təbirincə, onun bir fərd kimi formalaşmağında və sonradan dövlət xadimi olmağında “Heydər Əliyevin müstəsna rolu olub”.

“Azərbaycanın bu gününü görən hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir”, - A.Mütəllibov deyib.