Sadəcə biznes. Avropa Azərbaycanda Rusiya qazına alternativ axtarır

Фон дер Ляйен пожимает руку Ильхаму Алиеву на фоне флагов ЕС и Азербайджана.

Şəklin mənbəyi, Anadolu Agency

    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Rusca

Avropa İttifaqının Rusiya qazına alternativ axtaran nümayəndələri bəzi beynəlxalq təşkilatların "avtoritar rejim" kimi qiymətləndirdiyi daha bir ölkəyə - Azərbaycana üz tutublar. Avropa Komissiyasının Prezidenti Bakını etibarlı və əsas tərəfdaş adlandırır, Azərbaycan müxalifətisə bunu xəyanət hesab edir: tənqidçilər deyirlər ki, Azərbaycan avropalı istehlakçıların qaz tələbatını ödəyə bilmir, amma belə ziyarətlər və İlham Əliyevlə bu cür razılaşmalar onun hakimiyyətini gücləndirir.

Putinin yerinə Əliyev

Bu yay Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya gəlib. Növbəti 5 il ərzində Azərbaycandan qaz idxalını iki dəfə artırmaq barədə razılığa gələndən sonra avropalı məmur Əliyevin əlini sıxaraq məmnunluqla gülümsəyib. Von der Leyenin fikrincə, bu razılaşma Rusiyadan qaz tədarükünün azaldılmasını kompensasiya etməlidir.

Sənədi imzalamazdan qısa müddət əvvəl o öz "Twitter" səhifəsində yazıb ki, Aİ indi "daha etibarlı enerji təchizatçılarına üz tutur". Von der Leyen həmin paylaşımında Azərbaycanı "əsas tərəfdaş" adlandırıb. Bu açıqlamaları heç də hamı müsbət dəyərləndirməyib, əksinə, onu bir avtokratla əməkdaşlıqdan yayınaraq digəri haqqında xoş sözlər deməkdə günahlandırıblar.

Azərbaycanın vətəndaş cəmiyyəti fəalları belə qənaətə gəliblər ki, Avropa insan haqlarının pozulmasına əhəmiyyət vermir. 50 fransalı siyasətçi isə müraciət imzalayaraq bəyan edib ki, Avropa Azərbaycanı seçməklə özünü zəiflədir, İlham Əliyevin "diktaturasını gücləndirir".

"Bu [müqavilə], insan hüquq və azadlıqlarına təzyiq və fəallara qarşı repressiyaları kölgədə qoymamalıdır. Əks halda, Avropa İttifaqı avtoritar liderin rəhbərlik etdiyi və qazını, neftini almaqla gücləndirdiyi bir ölkədən asılılığını başqa bir avtoritar liderin idarə etdiyi ölkədən asılılıqla əvəz edəcək", - Azərbaycanın tanınmış müxalif siyasətçisi Bəxtiyar Hacıyev belə yazıb.

Azərbaycanda hətta ən kiçik mitinqlərdə də iştirakçılara qarşı zorakı davranırlar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycanda hətta ən kiçik mitinqlərdə də iştirakçılara qarşı zorakı davranırlar

Hacıyev hesab edir ki, Aİ rəsmiləri Azərbaycana səfərləri zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini də nəzərə alsalar, yaxşı olardı. O, Von der Leyenin yalnız ölkə rəhbərliyilə görüşməsini qaza görə "Avropa İttifaqı dəyərlərindən imtina" kimi qiymətləndirir.

Ursula Von der Leyen heç vaxt Azərbaycanda insan haqlarının pozulması faktlarına münasibət bildirməyib. Doğrudur, bu onun fəaliyyət sahəsinə aid mövzu deyil, amma əvvəllər Türkiyədəki pozuntular haqda danışdığı məlum faktdır. Bundan başqa, Azərbaycanda insan haqlarının vəziyyətini digər avropalı siyasətçilər, o cümlədən Almaniya Bundestaqının deputatları da tənqid ediblər, həm də məhz Von der Leyenin deputat olduğu dönəmdə.

Sentyabrın sonunda Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyanın qaz kəmərləri operatorları Azərbaycan qazının Aİ-yə tez və ucuz tədarükünün təşkilinə kömək etməyə hazır olduqlarını bildiriblər.

"Bu kimi layihələr sayəsində Avropanın bu qış kifayət qədər qazı olacaq. Rusiya qazından qurtulmaq üçün atılan ilk addım daha etibarlı tərəfdaşların xeyrinə diversifikasiya oldu" - tənqidlərə məhəl qoymayan Ursula Von der Leyen Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılışı münasibətilə keçirilən görüşdə belə deyib.

Sonra o, zalda əyləşmiş Əliyevə müraciət edib: "Prezident Əliyev, bu məqsədlə yayda sizin yanınıza gəlmişdim".

"Lap yaxşı, Avropanın qaza ehtiyacı var. Amma Avropanın enerji təhlükəsizliyi insan hüquq və azadlıqlarının pozulması bahasına təmin edilməməlidir", - Bəxtiyar Hacıyev belə yazıb.

Avropa Komissiyası BBC-nin Von der Leyen və Aİ-yə yönəlik tənqidləri şərh etmək xahişini cavabsız qoyub.

Əliyevdən alınan qaz: gec və az olacaq

Əliyevlə görüşlərə sərf olunan səylər Avropa İttifaqının özünə də tezliklə divident gətirməyəcək: Azərbaycan qazı nə indi, nə də yaxın gələcəkdə Rusiya qazını əvəz edə bilər.

Rusiya hər il Avropaya 150 milyard kubmetr qaz ixrac edirdi, halbuki Aİ-nin Azərbaycanla yeni müqaviləsində Bakının yalnız bir neçə ildən sonra 20 milyard kubmetr qaz tədarük edə biləcəyi göstərilir.

Azərbaycan qazı Gürcüstan ərazisindən Trans-Anadolu Qaz Boru Kəməriylə (TANAP) Türkiyəyə, 2020-ci ilin sonunda istifadəyə verilmiş Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsiyləsə Avropaya nəql edilir. Birincinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr, ikincininkisi isə 10 milyard kubmetrdir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, TANAP vasitəsilə Türkiyəyə nəql olunan qazın həcmini zamanla 31 milyard kubmetrə, TAP vasitəsilə isə göndərilənin həcmini isə 20 milyard kubmetrə çatdırmaq mümkün olacaq. Amma ətraf mühitin mühafizəsi və yaşıl enerji sahəsində ixtisaslaşmış "Bankwatch" QHT-lər şəbəkəsinin nümayəndəsi Qliqor Radeçiç bunun Avropa üçün niyə problem olduğunu izah edir:

"Azərbaycanda qaz hasilatı və nəqlinin artırılmasını texniki baxımdan 5-7 ildən tez reallaşdırmaq mümkün deyil. Bu, Avropanın ehtiyacının çox kiçik bir hissəsini ödəyə bilər".

2021-ci ildə Aİ 412 milyard kubmetr qaz istehlak edib, 2030-cu ilə qədər bu həcmi 30 faiz azaltmağı planlaşdırırlar, buna baxmayaraq Azərbaycandan alınacaq həmin o 20 milyard kubmetr qaz Aİ-nin tələbatının çox cüzi hissəsini təşkil edəcək.

Carnegie Fondunun Qafqaz üzrə baş elmi işçisi Thomas de Waal da hesab edir ki, Avropanın Azərbaycanla razılaşması "daha çox siyasi mesajdır, nəinki iqtisadi" və bu razılaşma yaxın gələcəkdə Avropaya kömək etməyəcək:

"Burada söhbət 2027-ci ilə qədər qaz tədarükünün həcminin artırılmasından gedir, amma Avropanın qaza indi ehtiyacı var, bir də, ola bilsin, gələn qış olacaq. Yaşıl enerjiyə keçiddən danışıb Bakıya getmək və uzunmüddətli qaz sövdələşməsi elan etmək mənə qəribə gəlir. Həm də sənin iki problemin varsa - bu qışda qısamüddətli enerji çatışmazlığı və uzunmüddətli perspektivdə qazdan imtina etmək istəyi".

Amma Azərbaycanda bu, Aİ-nin yerli hakimiyyətə fayda verəcək dəstəyi kimi qiymətləndirilir, "Dostluq və tərəfdaşlıq ritorikasından istifadə edərək Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar", - de Waal belə deyir.

Hələ Heydər Əliyevin hakimiyyətdə olduğu 90-cı illərdən Azərbaycan Avropaya neft və qaz tədarükü üzərində işləyir

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Hələ Heydər Əliyevin hakimiyyətdə olduğu 90-cı illərdən Azərbaycan Avropaya neft və qaz tədarükü üzərində işləyir

Avropaya qaz, Azərbaycana - həbslər

Sülhməramlı missiyalar üzrə araşdırmaçı Arzu Qeybulla hesab edir ki, Azərbaycanda demokratiyanın olub-olmaması əslində Avropanı heç vaxt maraqlanmayıb:

"Əlbəttə, bəyanatlar olub, Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələriylə də görüşüblər, amma bu görüşlər və bəyanatlar heç vaxt ölkədəki vəziyyətə ciddi təsir göstərməyib. Bu, daha çox "zərər dəyən vətəndaş cəmiyyətinə dəstək ifadə etmək" kimi səslənib. Uzun illər boyu təkrarlanan, bir neçəsində iştirak etdiyim həmin görüşlərdə bu detal çox aydın göründü - Azərbaycan çox uzaqda olduğu üçün Avropa ona əhəmiyyət vermir. Və bəli, Azərbaycanın təbii sərvətləri demokratik uğurlarından daha böyük əhəmiyyət kəsb edib".

Azərbaycanda insan haqlarıyla bağlı nəhəng problemlərə baxmayaraq Avropa İttifaqı ən aktual məsələlərdə, o cümlədən, Dağlıq Qarabağdakı müharibəyə münasibətdə əsasən bitərəf mövqe sərgiləyir. Eyni zamanda, Korrupsiyanı Qavrama İndeksi üzrə Azərbaycan 180 ölkə arasında 128-ci yeri tutur, amma Prezident İlham Əliyevin ailəsinin Avropada aktivləri var və maliyyə çatışmazlığı hiss etmir.

Hüquq müdafiəçilərinin sözlərinə görə, hazırda Azərbaycanda fəallar, siyasətçilər və jurnalistlər də daxil olmaqla, yüzə yaxın siyasi məhbus var. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Azərbaycan hakimiyyəti illərdir ki, rejimin xaricdəki tənqidçilərini ölkəyə qaytarmağa və həbs etməyə çalışır. "Sərhədsiz reportyorlar" təşkilatı qeyd edir ki, "Prezident İlham Əliyev ölkədə plüralizm adına hər şeyi məhv edib və 2014-cü ildən etibarən olan-qalan tənqidçiləri də amansızcasına susdurmağa çalışır". Mətbuat azadlığı reytinqində ölkə 154-cü yerdədir - Rusiya və Belarusun arasında.

Böyük səs-küy yaratmış faktlardan biri də Gürcüstana getmiş araşdırmaçı jurnalist Əfqan Muxtarlının qaçırılması, zorla Azərbaycana gətirilərək sərhədi qanunsuz keçmək ittihamıyla dərhal həbsə atılması olmuşdu. Amma ölkədən həmişə belə xəbərlər gəlir - məsələn, sentyabr ayında orda tanınmış jurnalisti və onun vəkilini həbs ediblər (Bir neçə gün sonra vəkil sərbəst buraxılıb).

Sentyabrın 30-da müxalifətin Azərbaycanda siyasi partiya yaradılması şərtlərini ağırlaşdıran yeni qanuna etiraz olaraq təşkil etdiyi mitinq dağıdılıb.

Almaniyaya qaçmış siyasi fəalların Azərbaycana deportasiya edilməsi və dərhal da həbs olunması bəzi ekspertləri belə bir ehtimal səsləndirməyə məcbur edib ki, Avropayla Azərbaycan arasında hansısa razılaşma ola bilər. Çünki belə presedentlər əvvəllər də olub.

Tofiq yaqublunun azad edilməsi üçün Berlində keçirilən etiraz aksiyası

Şəklin mənbəyi, Əfqan Muxtarlı

Şəklin alt yazısı, Azərbaycan təkcə neft-qazıyla yox, siyasi məhbusları və repressiyalar ucbatından xaricə qaçmış onlarla fəalıyla (şəkildə) da tanınır

2013-cü ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda siyasi məhbuslarla bağlı sərt qətnamə əvəzinə onun "yumşaldılmış variantını" qəbul etdi. Sonrakı araşdırmalar sayəsində məlum oldu ki, Azərbaycan hakimiyyəti ölkədəki insan haqlarından danışmamaları üçün avropalı deputatlara sistemli şəkildə rüşvət verib. Bakının Avropadakı hadisələrə bu yolla təsir etmək cəhdləri "kürü diplomatiyası" adlandırılıb - hər il AŞPA-nın onlarla deputatını ölkəyə qonaq çağırıb onlara bahalı xalçalar və kürü hədiyyə ediblər. Bu qalmaqala görə assambleyanın 13 deputatı mandatını itirib.

"Sosialist blokunun dağılması eyforiyasında elə görünürdü ki, məhz demokratik ölkələr birtərəfli şəkildə keçmiş istibdad rejimlərinə təsir edir, amma zaman keçdikcə məlum oldu ki, məsələ bu qədər sadə deyil. Avtoritar rejimlər demokratik ölkələrə çox destruktiv təsir göstərə bilirlər. Azərbaycan hakimiyyəti bu işdə çox fəal olub" - sosioloq Sergey Rumyantsev belə deyir.

Arzu Qeybulla hesab edir ki, AŞPA-nın təxminən 10 il əvvəl qəbul etmədiyi qətnamə ölkədəki rejimə repressiyaları gücləndirmək imkanı yaradıb, nəticədə illər sonra ən tanınmış hüquq müdafiəçiləri və jurnalistlər həbs edilib, QHT-lərin fəaliyyətinə məhdudiyyətlər qoyulub:

"Avropanın əsas institutu sonradan həbs olunan və uzun müddətə azadlıqdan məhrum edilənlərin hüquqlarını qoruya biləcək o sənədi qəbul etməyəndə çox aydın göründü ki, Avropa Azərbaycanın demokratik dirçəliş perspektivləri haqqında çox az düşünür".

Ekspert hesab edir ki, təkcə demokratiyalar diktaturalara təsir etmir, bunun əksi də ola bilir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ekspert hesab edir ki, təkcə demokratiyalar diktaturalara təsir etmir, bunun əksi də ola bilir

Demokratiya ayrı, qaz ayrı

Tarixçi və dissident Arif Yunus yazır ki, azərbaycanlı müxalifətçilərin çoxu İlham Əliyevlə Ursula Von der Leyen arasındakı razılaşmanı az qala avropalıların bəyan etdikləri demokratik dəyərlərə xəyanət kimi qiymətləndiriblər."... Onlar əminliklə deməyə başladılar ki, indi qaza görə bir çox Avropa ölkələri Əliyevin xahişilə orda yaşayan müxalifətçiləri deportasiya edəcəklər".

Amma Arif Yunus özü belə düşünmür. O qeyd edir ki, iyulun 18-də Bakıda imzalanmış razılaşma energetika sahəsində çoxsaylı analoji sənədlərdən biridir. Yunus yazır ki, Azərbaycana münasibətində Avropa enerjini demokratiyadan ayırır.

Avropanın Azərbaycana (həmçinin Rusiyaya, digər postsovet ölkələrinə və Çinə) yanaşmasına münasibət bildirən sosial antropoloq Sevil Hüseynova xatırladır ki, 1960-cı illərdə AFR avtokratik Şərqi Almaniyaya qarşı "Wandel durch Annäherung" (yaxınlaşma yoluyla dəyişiklik") siyasəti yeridib:

""Soyuq müharibə" dövründə ADR mahiyyət etibarilə AFR-ə təhlükə yaradan avtoritar ölkə olsa da, ağıllı siyasətçilər yaxınlaşma haqqında düşünürdülər, uzun illərdən sonrasını fikirləşirdilər. Bu, həqiqətən də işə yaradı, 30 ildən sonra".

Sevil Hüseynova deyir ki, indi bu, "Wandel durch Handel" (ticarət yoluyla dəyişiklik) siyasətinə çevrilib. "Bunlar qarşılıqlı şəkildə faydalı olan prinsiplərdir: siz bizə ikitərəfli biznesin inkişafı üçün xammal və məkan, bizsə sizə yeni texnologiyalar və innovasiyalarla yanaşı, demokratiya, insan hüquq və azadlıqları ideyalarını veririk".

Hərçənd antropoloq onu da qeyd edir ki, Tayvandakı vəziyyətə, Çində uyğurların sıxışdırılmasına görə, eləcə də Rusiyanın Ukraynaya hücümunadan sonra "Wandel durch Handel" siyasətinin özünü doğrultmadığını deyərək ondan əl çəkməyə çağıranlar xeyli aktivləşiblər - indi onlar avtokratiyalara qarşı daha sərt mövqedədirlər.

Tarixçi Arif Yunus əlavə edir ki, Azərbaycanda demokratik islahatlar məsələsi ayrıca sənəddə əks olunmalıdır.

"Aİ və Azərbaycan arasında hərtərəfli saziş bağlanması üçün 2017-ci ildən bəri davam edən danışıqlardan söhbət gedir. Artıq beş ildir, Aİ təkid edir ki, Azərbaycan hakimiyyəti qanunvericilikdə, seçkilərdə və vətəndaş cəmiyyətinin inkişafında ciddi dəyişikliklərlə bağlı öhdəliklər götürsün. Rəsmi Bakıya bununla bağlı təzyiq siyasətində əsas rolu anti-Əliyev ovqatının çox güclü olduğu Avropa Parlamenti oynayır".

2020-ci ilin oktyabrında Brüsseldə Ermənistanı dəstəkləyən aksiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı ermənilərin Brüsseldəki nümayişlərinə baxmayaraq Avropa tərəf tutmadı, hər iki paytaxtı atəşkəsə səslədi

Doğrudan da, Avropa komissarının Bakıya səfər etdiyi həmin günlərdə Aİ və Azərbaycan arasında hərtərəfli sazişin müzakirəsi üçün Brüsseldə Azərbaycan xarici işlər naziriylə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəhbərinin 18-ci görüşü keçirilib.

Eyni zamanda, Bakıda Əliyevlə Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə nümayəndə heyəti arasında da görüş olub və həmin görüşdə Əliyev bildirib ki, Avropa Parlamenti "anti-Azərbaycan" mövqeli bir sıra qətnamələr qəbul edib və "Parlamentdə Azərbaycana qarşı ittihamlar, təhqirlər, yalan məlumatlar səsləndirilib". Əliyev nümayəndələrə deyib ki, bütün bunlardan sonra onların Bakıya gəlməsinə "bir az təəccüblənib". İqtidaryönlü mətbuat görüşdə erməni lobbisinin təsirini görüb və onu sərt tənqid atəşinə tutub.

"Bankwatch" QHT-lər şəbəkəsinin nümayəndəsi Qliqor Radeçiç qeyd edir ki, "Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ-nin alternativ qaz tədarükü üçün müraciət etdiyi yeganə despotik rejim Azərbaycan deyil, demokratiyaya münasibətin o qədər də yaxşı olmadığı Səudiyyə Ərəbistanı və Qətər də var".

"Artıq tədqiqatlar göstərir ki, neft və qazla zəngin ölkələrdə demokratiya əhəmiyyətli dərəcədə sarsılıb, hasilat sənayesindən gələn pul axını zəif demokratiyaları və avtoritar dövlətləri repressiyaları davam etdirməyə sövq edir", - Radeçiç belə deyir.

Ekspert hesab edir ki, ən azı indilik Avropa Komissiyası və Aİ hökumətləri üçün daha vacib olan məsələ qışa qədər enerji böhranını aradan qaldırmağa çalışdıqlarını öz seçicilərinə göstərməkdir - bunun insan haqları üçün fəsadlarını gizlədərək.