İngilis fasadı. Azərbaycan inkişaf etmiş Avropaya qoşulmaq istəyir – amma demokratiyasız

Bakı
Şəklin alt yazısı, Qərbi Avropadakı kimi olmalıdır - bu, müasir Bakının imicinin mühüm cəhətidir

Bakıda müxtəlif dövrlərin Avropa arxitekturasına aid binalar, London taksiləri və həmin şəhərdəki kimi qırmızı telefon köşkləri var. Ötən illərdə Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etməyə çalışmış, buna nail ola bilmədiyi üçün Avropa Oyunları təşkil etmişdi. Burda Avropa futbolunun ən yaxşı oyunları keçirilmişdi. Dövlət Avropa ölkəsi kimi görünməyi çox istəyir, amma demokratik dəyərlərdən uzaq siyasət yürüdür.

Avropanın bir hissəsi olmaq arzusu hakimiyyətin ritorikasıyla kəskin ziddiyyət təşkil edir. Hakimiyyətyönlü mətbuat, məmurlar və prezident özü tez-tez Avropanı və demokratik dəyərləri tənqid edirlər.

Araşdırmaçı jurnalistlərsə azərbaycanlı məmurların və prezident İlham Əliyevin yaxın qohumlarının Avropadakı pul və əmlaklarını aşkar edirlər.

Qara şəhər - Ağ Şəhər

Köhnə Bakı qədim qala divarlarıyla əhatə olunmuş kiçik bir ərazidir. Çox vaxt onu elə belə də adlandırırlar - "Köhnə şəhər". Bəzən də "İçəri şəhər" deyirlər. Burda Şirvanşahlar sarayı, bir neçə qədim məscid və birmərtəbəli evləri olan dar, labirintli küçələr var.

Bu ərazidə neft tapılandan sonra Bakı genişlənib, "İçəri şəhər"dən kənardakı hər şey həmin vaxtdan etibarən tikilməyə başlayıb.

Bakı
Şəklin alt yazısı, Köhnə və yeni şəhər. Bakının müasir arxitekturası fonunda Şirvanşahlar sarayı

Şəhərin indiki mərkəzi qala divarlarının yanından başlayır, bura 19-cu əsrin birinci yarısındakı neft bumu zamanı - Azərbaycan Rusiya imperiyasının tərkibində olan dövrdə formalaşıb; əsasən 2-3 mərtəbəli, Avropa arxitekturasının müxtəlif stillərində tikilmiş binalardan ibarətdir.

Bakıda, xüsusilə də mərkəzdə keçmiş sovet ölkələrinə xas tikililər - "stalinka"lar da var, bu binalarda partiya nomenklaturası yaşayıb. Mərkəzdən uzaq mikrorayonlarda isə beşmərtəbəli "xruşşovka"lar hələ də qalmaqdadır.

1917-ci il inqilabına qədər Bakının böyük sənaye bölgəsi "Qara şəhər "adlanıb. Boris Akunin öz məhşur qəhrəmanını - xəffiyə Erast Fandorini məhz burda "öldürmüşdü". Müstəqillik dövründə onun yerində "Ağ şəhər" salınıb, ərazinin ən görkəmli yeri Heydər Əliyev Mərkəzidir (H.Əliyev - keşmiş prezident, indiki prezidentin atası), tanınmış arxitekror Zaha Hadidin layihəsi əsasında tikilmiş, onun ən məşhur işlərindən olan bu binada muzeylər və konfrans zalları var.

Heydər Əliyev Mərkəzi
Şəklin alt yazısı, Arxitekror Zaha Hadidin layihəsi ilə tikilmiş Heydər Əliyev Mərkəzi Bakının ən görkəmli binalarındandır

Azərbaycanın tanınmış arxitektoru Elçin Əliyev Bakını Avropa şəhəri adlandırır.

"Son 100 ildə biz XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid dəbdəbəli "art-nuva"; 1920-1930-cu illərə aid vəhşi konstruktivizm, 1940-1960-cı illərə aid romantik Stalin ampiri, 1970-1980-ci illərə aid sovet modernizmi və nəhayət, müasir arxitektura yaratmışıq" - Əliyev belə deyir.

"Badımcan"lar və "pomidor"lar

Bakıda artıq 10 ildir ki, London taksilərinə bənzəyən, Çinin "Geely" şirkəti tərəfindən istehsal olunmuş keb-taksilər fəaliyyət göstərir. Tünd bənövşəyi rənginə görə bakılılar onlara "badımcan" deyir.

2020-ci ilin avqust ayında Bakı həmin şirkətdən yeni, qırmızı keblər alıb, şəhər sakinləri onları "pomidor" adlandırır.

taksi

Şəklin mənbəyi, AzerTag

Şəklin alt yazısı, Bakıda London taksilərinə bənzəyən yeni maşınları ilk dəfə prezident Əliyev özü sınaqdan keçirib

Hakimiyyətyönlü mətbuat bu maşınları məhz "London taksiləri" kimi təqdim edir. Bakı küçələrində "pomidor"u ilk dəfə prezident Əliyev özü sürüb.

Əvvəllər keb-"badımcan"da gediş haqqı sayğacla hesablanıb, amma bu, çox məsrəfli olub. Mərkəzdən şəhər kənarına getmək 10 dollara - Bakı üçün xeyli baha qiymətə başa gəlib. Sonra sürücülər sayğacları çıxarıblar, indi kebləri "Uber" vasitəsilə sifariş etmək, eyni məsafəni 5 dollara getmək mümkündür.

Paytaxtın mərkəzində Londondakılara bənzəyən çox sayda qırmızı telefon köşkü var. Amma onların içinə telefon əvəzinə terminallar qoyulub - kommunal və bank xidmətlərinin ödənişi üçün. 2013-cü ildə quraşdırılmış bu köşklərin yanında şəhər sakinləri ilk vaxtlar selfi çəkirmişlər.

Büllur içində "Avroviziya"

Azərbaycan "Avroviziya" yarışmasına həmişə ciddi yanaşıb. Rusiyada olduğu kimi, burda da bu yarışmanın reytinqi yüksəkdir, insanlar ölkələrin bir-birinə neçə bal verdiyini izləyir və müzakirə edirlər.

2011-ci ildə "Avroviziya"da Azərbaycanı təmsil edən duet - Eldar Qasımov və Nigar Camal birinci yeri tutublar və yarışmanın qaydalarına görə növbəti il müsabiqə Bakıda keçirilib. Şəhər xəsislik etməyib: bu mərasim üçün Bayraq Meydanında "Baku Crystal Hall" adı verilən xüsusi bina tikilib. Açılşı rusiyalı milyarder Araz Ağalarovun oğlu, onda İlham Əliyevin kürəkəni olan Emin Ağalarov edib.

Baku Crystal Hall

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bakıda keçirilən "Avroviziya" yarışması üşün xüsusi konsert zalı inşa edildi - Baku Crystal Hall

"Avroviziya-2012" bu müsabiqənin tarixində ən bahalı tədbir olub - tikiliyə çəkilən xərci çıxmaqla, yarışma ölkəyə 65 milyon dollara başa gəlib.

O vaxtdan bu yana "Baku Crystal Hall"-da Cennifer Lopes, Şakira və Rianna kimi məşhur müğənnilər çıxış edib.

Həm bahalı, həm narahat

Azərbaycan həm də idman vasitəsilə Avropanın diqqət çəkən ölkələrindən birinə çevrilmək istəyir.

Bu ölkə 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib, paytaxtı ekoloji cəhətdən dünyanın ən təmiz şəhərlərindən birinə çevirməyi vəd edən "Albert Speer und Partner" şirkətiylə (Almaniya) müqavilə bağlayıb. Hər ikisində rədd cavabı alandan sonra artıq tikilmiş olan "olimpiya" obyektlərində ilk və hələ ki son Avropa Oyunları təşkil edib.

Açılışa Ledi Qaqa dəvət olunub, "Yevrosport" telekanalının xəbərinə görə, bu kiçik çıxış üçün ona 2 milyon dollar qonorar ödənib.

Obyektlərin ən böyüyü - 69 min yerlik "Olimpiya" stadionu 2015-ci ildə istifadəyə verilib və təxmini hesablamalara görə (Dövlət xərcləri açıqlamayıb), onun tikintisinə 600 milyon dollar vəsait sərf edilib. Bu, dünyadakı ən bahalı idman obyektlərindən biridir.

Bakı Olimpiya stadionu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hətta ən maraqlı futbol matçlarında belə (foto Azərbaycan-Portuqaliya oyununda çəkilib) stadiondakı azarkeşlər trubunası boş görünür

Ölkə olimpiadasız qalandan sonra məlum olub ki, stadiondan istifadə böyük problemlər yaradacaq. Çünki Azərbaycanın özündə o sayda insanı cəlb edəcək idman hadisələri sadəcə yoxdur.

2019-cu ildə həmin stadionda Avropa Liqasının finalı keçirilib - Londonun "Çelsi" və "Arsenal" komandaları arasında. Amma oyun "Çelsi"nin inamlı qələbəsindən daha çox onu müşayət edən qalmaqallarla yada qalıb. Əvvəlcə İngiltərədən olan futbol fanatları Bakıya getməyin baha başa gəldiyini öyrənib matçı Londonda keçirməyi xahiş ediblər. Sonra məlum olub ki, "Arsenal"ın erməni oyunçusu Henri Mhitaryan Bakıya getməyəcək. Ardınca da şəhərdə polislər, stadionda isə nəzarətçilər arxa hissəsinə futbolçunun soyadı yazılmış köynək geyənləri - nə baş verdiyini tam olaraq anlamayan fanatları həmin köynəyi çıxarmağa məcbur ediblər.

Nəhayət, britaniyalı şərhçilər onlara ayrılmış yerdən oyunu izləməyin çox çətin olduğunu görüblər. Onlardan biri - Hari Lineker deyib ki, futbola öz evində oturub televizor vasitəsylə baxsaydı, mənzərə daha yaxşı olardı.

2021-ci ildə Bakıda "Avro-2020"-nin koronavirusa görə təxirə salınmış bir neçə oyunu keçirilib, amma onların heç birində stadion tam dolmayıb. Səbəblərdən biri də pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər olub.

Azərbaycanlı iqtisadiyyatçı Toğrul Maşallı durumu belə şərh edir:

"Stadionu Azərbaycanın pulu çox olanda tikiblər, obyektin gələcəyini düşünmədən. Və ancaq Avropa Oyunlarından sonra sual yaranıb ki, ondan hansı şəkildə istifadə etmək mümkün olacaq".

Siyasi şərhçi Şahin Rzayev deyir ki, yerli futbol uğurlar qazanıb müntəzəm şəkildə Avropa Liqasında təmsil olunsa da, stadionun xərcini çıxarmaq mümkün olmayacaq:

"Uyğunsuz tikiblər, tamaşaçı tribunaları çox uzaqdadır, hətta yerli komandalar da başqa meydançalara üstünlük verirlər".

Şəhər küçələrində avtomobil yarışı

"Formula-1" - Bakının daha bir fəxri.

Son vaxtlara qədər dünyanın ancaq bir şəhərində - Monte-Karloda bu yarış xüsusi çəkilmiş yollarda yox, şəhəin içində keçirilmişdi. 2017-ci ildən etibarən Bakı ikinci belə şəhərdir.

Hakimiyyətyönlü mətbuat ilk yarışdan sonra belə yazıb: "Dünyanın idman nəbzi Bakıda döyünürdü". Prezident Əliyevsə deyib ki, "Formula-1" ölkənin nüfuzunu qaldırmaq və bütün dünyadan turist cəlb etmək üçün əla vasitədir.

Açılışa dünya səviyyəli ulduzlar dəvət olunub- Merayya Keri, "Black Eyed Peas" və 2018-ci ildə "Qremmi" laureatı olmuş Cardi B.

2020-ci ildə yarışı təxirə salmaq lazım gəlib, 2021-ci ildəsə keçirilib - bu dəfə tamaşaçılarsız,

Hər il yarışa bir ay qalmış şəhərin küçələrinə səddlər çəkməyə başlayırlar və taksi sürücüləri bundan çox narazıdırlar: həmin dövrdə onların gəlirləri kəskin azalır.

Bakı
Şəklin alt yazısı, Bakı Formula 1 yarışları ərəfəsində sakinlər üçün narahat bir yerə çevrilir

Yarış günlərində isə sakinlərə də ciddi məhdudiyyətlər tətbiq olunur və mərkəzdə yaşayanlar işə və ya mağazaya gedib evlərinə qayıtmağa çətinlik çəkirlər.

Tribunaya biletlərin minimum qiyməti 70 manatdır (41 dollar). Bəziləri yarışa pəncərədən, balkondan və ya reklam lövhələri arasındakı dəlikdən baxırlar.

Azərbaycanın xüsusi yolu

Rəsmi Bakı inkişaf etmiş Qərbi Avropa ölkələrinə siyasi baxımdan bənzəmək barədə heç düşünmür də. Hakimiyyətyönlü mətbuat (faktiki olaraq hamısı) tez-tez Qərbi ümumi şəkildə tənqid edir, onu "təxribatçı fəaliyyətdə" və "məxməri inqilabların ixracında" günahlandırır.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yerli KİV-də dərc olunmuş "İkili standartlı dünya düzəni və müasir Azərbaycan" adlı proqram mətnində isə əsas fikir budur: müxtəlif ölkələrdə inqilab yoluyla baş verən hakimiyyət dəyişikliklərinin arxasında ABŞ və Qərb durur. Azərbaycanın hüquq müdafiəçilərini və müxalifətçilərini maliyyələşdirən də onlardır. Amma Heydər və İlham Əliyevlərin yaratdığı "müasir və müstəqil Azərbaycanın möhkəm təməlini" dağıtmağa heç birinin gücü çatmaz.

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ciddi səviyyədə çətinləşib. Hüquq müdafiəçiləri narazıların, o cümlədən də ölkədən gedənlərin təqib olunduğunu bildirirlər. Onlar qeyd edirlər ki, ölkədə siyasi məhbusların sayı həmişə 100-dən çox olur, insan haqları sistematik şəkildə pozulur, saxlananlara işgəncə verilir.

Jurnalistlərin çoxu ölkədən gedərək Avropa və ABŞ-dan işləməyə davam edirlər. "Freedom House" təşkilatının demokratik azadlıqlar reytinqində Azərbaycan 209 ölkə arasında 193-cü yerdədir.

"Sərhədsiz reportyorlar" təşkilatının mətbuat azadlığı reytinqində isə 180 yerdən 163-cüsündə qərar tutub (müqayisə üçün: Gürcüstan - 60-cı, Ermənistan 63-cü, Rusiya 150-cidir).

Prezident İlham Əliyev artıq 18 ildir ki, ölkəyə rəhbəlik edir. Onun haimiyyəti dövründə konstitusiyaya dəyişikliklər edilib - prezidentə iki dəfədən artıq seçilmək hüququ verilib, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Atası Heydər Əliyev ölkəni həm sovet, həm də müstəqillik dövründə idarə edib: 1969-1982-ci və 1993-2003-cü (ölümünə qədər) illərdə. Azərbaycanda onun adı parklara, binalara, şəhərlərin mərkəzi küçələrinə, məcsidlərə və Bakıdakı beynəlxalq aeroporta verilib.

Heydər və İlham Əliyevlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Heydər və İlham Əliyevlər Azərbaycanın müasir siyasi sisteminin memarlarıdırlar

"Ümummilli liderimiz (Heydər Əliyev nəzərdə tutulur) sayəsində Azərbaycanın özünə məxsus dövlət quruculuğu yolu formalaşıb və bu yol dünya siyasət elminə "Azərbaycansayağı inkişaf yolu" kimi daxil edilib" - Meadia.az dövlət informasiya agentliyinin saytında belə yazılır.

Avropa Şurası və Londondakı evlər

Azərbaycanla Qərbi Avropanın iki əsas kəsişmə nöqtəsi var.

Birincisi budur ki, ölkə Avropa Şurasının üzvüdür və Avropa İnsan Haqları Məhkəməsinin qərarları bu ölkədə də keçərlidir.

Hərçənd Azərbaycan həmin qərarları yerinə yetirməyi xoşlamır. Məsələn, 2017-ci ildə, növbəti prezident seçkiləri ərəfəsində müxalifət liderlərindən biri İlqar Məmmədovun həbsdən buraxılması haqqında AHİM-in qərarını yerli məhkəmə icra etməmişdi.

Rəsmi Bakı bu qərara görə Avropa Şurasını tərk edəcəyi barədə hədə-qorxu gəlmiş, amma bu addımı atmamışdı. Məmmədovu isə İlham Əliyev növbəti müddətə prezident seçiləndən sonra azad etmişdilər.

İkinci kəsişmə nöqtəsi Azərbaycan elitasının siyasi sistemini tənqid etdiyi ölkələrdə daşınmaz əmlak almasıdır.

Məsəllən, OCCRP-nin araşdırmaçı jurnalistləri aşkar ediblər ki, İlham Əliyevin ailə üzvlərinin Londondakı və Çexiyanın Karlovı Varı şəhərindəki evlərinin toplam dəyəri təxminən 140 milyon dollardır.

Onlar həmçinin üzə çıxarıblar ki, İlham Əliyevin əmisi qızı İzzət Cavadova və onun həyat yoldaşı Süleyman Cavadov Londonda və İbizada dəyəri 20 milyon dollardan çox olan mülklərə sahibdirlər.

Azərbaycanın ən böyük maliyyə qurumlarından olan Beynəlxalq Bankın keşmiş sədrinin arvadı Zamirə Hacıyevanın işi isə Britaniya hüquq-mühafizə sistemi üçün çox vacib məsələlərdən birinə çevrilib. Hakimiyyət Hacıyevaya mənbəyi açıqlanmayan vəsaitlər hesabına alınmış evlərin və digər qiymətli əşyaların dövləti hesabına müsadirə olunmasına imkan verən yeni qanunu tətbiq edib.

Heç bir rəsmi gəliri olmayan Hacıyevə Londonda dəbdəbəli həyat sürüb, onun bu şəhərdəki xərcləri ərinin maaşından qat-qat çox olub.