İlham Əliyev Vladimir Putinlə görüşüb

Şəklin mənbəyi, President.az
Cümə günü Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş barədə hələ ki, təfərrüatlı məlumat yoxdur.
İlham Əliyevlə Vladimir Putinin görüşü Azərbaycan-Ermənistan sərhədində 12-13 sentyabr tarixlərində hər iki tərəfdən 200-dən çox hərbçinin həlak olmasından sonraya təsadüf edir.
Sərhəddəki gərginliyə görə tərəflər bir-birini ittiham edir.
Ermənistan Baş nazirin ofisi bildirib ki, sərhəddəki gərginliyə görə Ermənistan Baş naziri Nikol Paşinyan Səmərqənddəki sammitə qatılmaqdan imtina edib.
BMT nümayəndəsi: "Mən regiondan o əminliklə qayıtdım ki, tərəflər arasında fikir ayrılıqları və inamsızlıq davam etsə də, bunları aradan qaldırmaq olar"
BMT Azərbaycan və Ermənistan sərhəddindəki son döyüşlərdən sonra əldə olunan atəşkəsi alqışlayıb.
"Biz bu razılaşmanı alqışlayırıq və ümid edirik ki, atəşkəs əldə olunacaq", - BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Jenča çərşənbə axşamı atəşkəs elan edilməsindən sonra Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.
Cənab Jenča bildirib ki, həm Ermənistan, həm də Azərbaycan BMT baş katibinə və Təhlükəsizlik Şurasına sərhəddəki döyüşlər zamanı atəşkəs rejiminin pozulması ilə bağlı məktub yazıb.
"Birləşmiş Millətlər Təşkilatı bu hesabatların xüsusiyyətlərini yoxlamaq və ya təsdiqləmək iqtidarında deyil. Bununla belə, biz bu təhlükəli eskalasiya, o cümlədən onun mülki şəxslərə mümkün təsiri ilə bağlı dərindən narahatıq", - baş katibin köməkçisi Miroslav Jenča bildirib.
Onun sözlərinə görə, bu həftə baş verən döyüşlər "2020-ci ildən bəri baş vermiş insidentlər silsiləsində ən sonuncu və ən böyüyüdür.
Miroslav Jenča -nın fikrincə, bu hal Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin ciddi maneələrlə üzləşməkdə davam etməsinin göstəricisidir.
Cənab Jenča bildirib ki, Ermənistanla Azərbaycan arasındakı toqquşma "bölgədə sabitliyi pozmaq potensialına" malikdir: "Buna görə də beynəlxalq və regional oyunçuların məsələni sülh yolu ilə həll etmək üçün tərəflərə təzyiq etmələri zərurudur".
Miroslav Jenča bildirib ki, yaxın vaxtlarda o, regiona səfər edib və münaqişənin həlli istiqamətində qarşıya çıxan problemləri öz yerində qiymətləndirə bilib.
"Mən səfərdən əminliklə qayıtdım ki, tərəflər arasında fikir ayrılıqları və inamsızlıq davam etsə də, bunları aradan qaldırmaq olar", - Miroslav Jenča deyib.
KTMT-nin missiyası artıq Yerevandadır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti monitorinq etmək üçün göndərdiyi missiya artıq Yerevana çatıb.
Döyüşlər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan kömək üçün KTMT-yə müraciət etsə də, qurum bölgəyə hərbi kontingent göndərməyəcəyini bəyan edib.
"Nancy Pelosi Ermənistana gələcək"
Politico nəşrinin məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nancy Pelosi-nin bu həftə sonu Ermənistana gəlməsi gözlənir.
Onun G-7 (Böyük yeddilər) Zirvəsi üçün Berlinə gəlməsi, sonra ABŞ konqresinin nümayəndəsi Jackie Speier-in (Kaliforniya) müşayiəti ilə Yeravana gedib orada Baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşməsi nəzərdə tutulur.
"Politico"nun məlumatına görə, bu, spikerin keçən ay Tayvana mübahisəli səfərindən sonra ən son dramatik xarici səfəri olacaq.
Artıq iki gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində sakitlikdir və əldə olunan atəşkəs ABŞ, o cümlədən Avropa İttifaqı tərəfindən alqışlanıb.
Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price deyib ki, onlar "Ermənistan və Azərbaycanın atəşkəs rejiminə sadiq qalmalarını" alqışlayırlar.
"Biz tərəfləri yenə də sülh prosesinə qoşulmağa çağırırıq. Biz hərbi əməliyyatları dayandırmağa çağırırıq. Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələlərin sülh danışıqları yolu ilə həllinə çalışmağı tələb edirik. Gücdən istifadə heç vaxt məqbul yol deyil və biz şadıq ki, Ermənistan və Azərbaycanda yüksək səviyyədə davam edən əlaqə tərəflərə atəşkəs əldə etməyə kömək etdi. Biz davamlı sülhə nail olmaq üçün lazım olan işi görməyə və tərəfləri təşviq etməyə davam edirik", - Ned Price bildirib.
ABŞ təmsilçisi vurğulayıb ki, məsələnin hərbi yolla həlli ola bilməz.





