İstanbulda Heydər Əliyevin heykəlinə qrafiti yazmaq "xalqın malına zərər vurmaqdır, nifrət deyil"

İstanbul

Şəklin mənbəyi, MFA.GOV.AZ

    • Müəllif, İlhamə Qasımlı
    • Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün

İstanbulun Sarıyer rayonunda Heydər Əliyevin heykəlinə qrafiti yazmaqda ittiham olunaraq saxanılan şəxslər məhkəmə tərəfindən azadlığa buraxılıblar.

"Onlar irəli sürülmüş ittihamları rədd edir. Bu hadisə, istintaq materiallarında deyildiyi kimi, ictimai nifrət və düşmənçiliyə təhrik cinayəti kimi yox, "olsa-olsa, xalqın malına zərər vurmaq əməli kimi dəyələndirilə bilər", vəkil Gökhan Soysal BBC Azərbaycancaya bildirib.

İstanbulda yaşayan Azərbaycan diaspora fəalı Kəbutər Haqverdi mayın 12-də gecə saatlarında Facebook səhifəsində etdiyi paylaşımda Heydər Əliyevin heykəlinə "aşağılayıcı sözlər yazılması" faktı ilə bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soyluya mesaj yazdığını və ondan bu hadisənin araşdırılmasını xahiş etdiyini yazmışdı.

Mayın 10-da internet resurslarında İstanbulun Sarıyer bölgəsində Heydər Əliyevin heykəli üzərinə bir nəfərin grafiti ilə "Qul bayramınız mübarək. Bayram Məmmədov" yazdığını əks etdirən video görüntü yayılıb. Videonun sonunda həmin şəxsin heykəl üzərinə anarxistlərin simvolu olan dairə içində A hərfini yazdığı da görünür.

Diaspora fəalı Kəbutər Haqverdi deyir ki, daxili işlər nazirinə müraciətindən təxminən 40 dəqiqə sonra İstanbul polisindən ona zəng ediblər və hadisənin istintaqına başlanıldığı bildirilib.

BBC News Azərbaycanca İstanbul polisindən məlumat ala bilməyib, Sarıyer rayon polisi isə hadisəni nə təsdiq, nə də təkzib edib.

İstanbul polisinin Heydər Əliyevin heykəlinə qrafiti yazmaqda şübhəli bilərək saxladığı iki şəxsin hüquqlarını müdafiə edən vəkil Gökhan Soysal Bayram Məmmədovun İstanbulda vəfatı ilə bağlı aparılan istintaqda da vəkil olub. Bakıda Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" sözlərini yazan fəallardan biri Bayram Məmmədov Azərbaycandan həbsdən azad olunduqdan sonra Türkiyədə yaşayırdı və ötən il onun cəsədi dənizdə tapılmışdı.

"Heykəl məhbusu" kimi tanınan Bayram Məmmədov 2019-cu ilin martında Novruz bayramı qabağı İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında azadlığa çıxmışdı.

O, 2016-cı ildə siyasi fəal Qiyas İbrahimovla birlikdə, mərhum Prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" şüarı yazdıqdan sonra həbs edilib.

Ona narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham elan edilib 10 il həbs cəzası verilib.

"Kamera görüntüləri var"

Vəkil Soysal BBC News Azərbaycancaya müsahibəsində "müvəkkillərinin istəyi ilə" onların adı, yaşı, sosial durumu kimi şəxsi məlumatları açıqlamayıb. Vəkil yalnız onların "gənc yaşda" olduqlarını deyib.

Vəkilin sözlərinə əsasən, müvəkkilləri, "bu hadisə ilə əlaqələri olmadığını" deyir.

"Cinayət işinin materiallarında fərqli kamera görüntüləri var, amma qaranlıqda, qara rəngli geyimdə kimisə müəyyənləşdirmək çətindir", vəkil deyir.

Vəkilin sözlərinə əsasən, müvəkkilləri hazırda ölkəni tərk etməmək və polis məntəqəsində imza atmaq şərtilə "həbssiz mühakimə edilirlər".

Vəkil deyir ki, müvəkkilləri Heydər Əliyevin heykəlinə qrafiti yazmadıqlarını desələr də, məhkəmə onları şübhəli şəxs kimi tanıyıb.

Hadisədən bir neçə saat əvvəl Azərbaycanın İstanbuldakı Baş Konsulluğu bu parkda Heydər Əliyevin 99-cu ildönümünü qeyd edib.

Parkın açılışını 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev edib.