"Bir cənub şəhərində", "İstintaq", "Ad günü" filmlərinin ssenari müəllifi Rüstəm İbrahimbəyov Bakıda dəfn edilib

Rüstəm İbrahimbəyov

Şəklin mənbəyi, Artyom Geodakyan/TASS

Çərşənbə günü Azərbaycan paytaxtında tanınmış yazıçı, dramaturq və ssenarist Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Uzun sürən xəstəlikdən sonra vəfat edən mərhumun cənazəsi Moskvadan Bakıya gətirilərək, Fəxri xiyabanda dəfn olunub.

Məşhur kino ustasının uzun müddət müalicə olunduğu bildirilir:" O uzun müddət, 5 aya yaxın idi ki, xəstə idi, müalicə olunurdu. Düşünülürdü ki, hər şey öz qaydasına düşür, amma təəssüf ki, müalicə effekt vermədi", - BBC News Azərbaycancaya Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç bildirib.

Rüstəm İbrahimbəyov "Bir cənub şəhərində", "Səhranın bəyaz günəşi", "İstintaq", "Ad günü", "Günəşdən usanmışlar", kimi bir çox məşhur və kult filmlərinin ssenarilərini yazıb. Onun əsərləri ən yüksək beynəlxalq mükafatlara layiq görülüb.

Bakıda anadan olan yazıçı 1939-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, lakin sonda Moskvaya gedib və Ali rejissorluq və ssenaristlik kurslarında təhsil alıb.

İndi, geriyə nəzər salanda neft sənayesinin nə itirdiyini söyləmək çətindir. Amma ədəbiyyat və kino sənətinin qazandığını aydın şəkildə görmək olar: kinematoqrafiya Rüstəm İbrahimbəyovun simasında mahir dialoq ustası, hamıya yaxın və tanış personajların yaradıcısını əldə edib: "Səhranın bəyaz günəşi" filmindəki Fyodor Suxovdan tutmuş "Günəşdən usanmışlar" filmindəki Mitya obrazına qədər, BBC Rusca redaktoru Famil İsmayılov deyir.

Rüstəm İbrahimbəyov 40-dan artıq bədii və televiziya filmlərinin ssenari müəllifi olub. O, həmçinin illər boyu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub. Lakin Rüstəm İbrahimbəyovun hakimiyyətlə münasibətləri həmişə hamar olmayıb.

Onun ilk filmlərindən biri, 1969-cu ildə ekranlara çıxan və Azərbaycanda sovet həyatının ziddiyyətlərindən bəhs edən "Bir cənub şəhərində" filmi bir neçə il ekranlarda görünməyib.

Onun yenidən üzə çıxmasına o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əliyev kömək edib, sonralar onun özü belə demişdi.

Rüstəm İbrahimbəyov

Şəklin mənbəyi, Sergey Fadeichev/TASS

Bundan 10 il keçmiş, İbrahimbəyovun ssenari müəllifi olduğu "İnstintaq" filmi də hakimiyyət tərəfindən pis qarşılandı, lakin sonda film ekranlara çıxdı və hətta dövlət mükafatına da layiq görüldü.

Rüstəm İbrahimbəyovun öz etirafına görə, onun və böyük qardaşı - tanınmış dramaturq və yazıçı Maqsud İbrahimbəyovun Heydər Əliyevlə münasibətləri birmənalı olmayıb.

BBC Rusca Xidmətinə müsahibəsində Rüstəm İbrahimbəyov etiraf edib ki, buna görə, o, vaxtilə Azərbaycanı tərk edib, Moskvaya köçməli olub.

"Mən Kommunist Partiyasının üzvü olmamışam və bütün yaradıcılığım sübut edir ki, mən ömrüm boyu vətənimdə baş verənlər barədə həqiqəti yazmışam, xəcalət çəkəcəyim heç bir dənə də olsun əsərim yoxdur, nə də hansısa şəkildə sovet rejiminə işləməmişəm, bu, istisna olunur", yazıçı deyib.

2003-cü ildə Rüstəm İbrahimbəyov Heydər Əliyevin vəfatından sonra İlham Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyib.

Lakin o, bundan on il sonra, 2013-cü ildə Azərbaycan prezidentliyinə namizədliyini müxalifətdən irəli sürməyə çalışıb. Hərçənd ki, onun İlham Əliyevə qarşı rəqib kimi, siyasi proseslərə qatılmaq cəhdi baş tutmayib - Mərkəzi Seçki Komissiyası onu qeydiyyata almaqdan imtina etdi.

Bundan sonra siyasətdən uzaq olmaq istədiyini deyən Rüstəm İbrahimbəyov bir müddət vətənə gəlmədi.

Lakin artıq Bakının ən məşhur övladlarından biri, haqqında əsərlər yaratdığı öz doğma cənub şəhərinə həmişəlik qayıdıb.

"Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır", - Azərbaycan siyasətçiləri və mədəniyyət xadimləri, o cümlədən prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tərəfindən imzalanmış rəsmi nekroloqda deyilir.

Çərşənbə günü Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.