2021: Azərbaycanda baş vermiş 10 önəmli hadisə

Şəklin mənbəyi, Alamy
2021-cı il Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş tikinti işlərinə başladı, hətta Füzuli beynəlxalq hava limanını tikib işə saldı. Azərbaycanla-Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb, əksinə, ilin sonuna qədər iki ölkə arasında münasibətlər xeyli gərgin keçib, İranla münasibətlər də son on illərdə ilk dəfə gərgin vəziyyətə çatmışdı.
BBC News Azərbaycanca bu il Azərbaycanda baş vermiş 10 önəmli hadisəsini təqdim edir.

Şəklin mənbəyi, president.az
Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü
İlin əvvəlində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü iki ölkə arasında yüksək səviyyədə təmasların sıxlaşacağına ümidlər yaratsa da, bu, ancaq ilin sonunda mümkün oldu. İlham Əliyev və Nikol Paşinyan ilin sonuna az qalmış ardıcıl bir neçə dəfə görüşdülər.
Onlar həm də Avropa İttifaqının vasitəçiliyi ilə təkbətək görüşüblər. Müharibədən sonra bu iki lider arasında baş tutan ilk təkbətək görüş idi.
Azərbaycan və Ermənistan liderlərinin 44 günlük müharibədən sonrakı görüşlərində tərəflərin münasibətlərində irəliləyişlər sezilir.
Həm Azərbaycan, həm də Ermənistan rəhbəri bir neçə dəfə qarşı tərəflə sülh danışıqlarına başlamağa hazır olduqlarını açıqlayıb.
İlin sonunda intensivləşən bu görüşlərdə İlham Əliyevlə Nikol Paşinyan nəhayət ki, bölgədə nəqliyyat kommunikasiyalarının açılacağına işarə edən addım atıblar: onlar Azərbaycanı böyük hissəsi Ermənistandan keçməklə Naxçıvanı birləşdirəcək dəmiryolunun tikintisi barədə razılığa gəliblər.

Şəklin mənbəyi, Reuters
15-16 noyabr döyüşləri
İki ölkə rəhbərinin bir neçə razılaşma əldə etdiyi və nisbətən yaxınlaşma hiss olunduğu görüşlərindən əvvəl, 44 günlük müharibədən sonra ilk dəfə Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində qanlı döyüşlər baş verdi.
Noyabrın 15 və 16-da fasiləsiz getmiş döyüşlərdə Ermənistan altı, Azərbaycan yeddi hərbçini itirdi. Hər iki tərəfdən yaralılar oldu.
Ermənistan bu döyüşlər nəticəsində 13 hərbçinin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirib və "itkin" hərbçilərin axtarıldığını deyib.
Həmin döyüşlərdə İkinci Qarabağ müharibəsi başa çatandan sonra ilk dəfə artilleriya və döyüş texnikasından istifadə edilib.

Şəklin mənbəyi, president.az
Şuşa bəyannaməsi
Bu il Türkiyə və Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı azad edilən Şuşada bəyannamə imzaladılar.
Bu bəyannaməyə görə, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.
Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, "aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir".
Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib.
Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir.

Şəklin mənbəyi, IRNA
İran-Azərbaycan arasında gərginlik
Bu il Azərbaycanın qonşu Türkiyə ilə əlaqələrini möhkəmləndirdiyi və birgə hərbi təlimlər keçirdiyi bir vaxtda digər qonşusu İranla münasibətlərdə gərginlik artdı.
Yerli təhlilçilər gərginliyin artmasına səbəblər sırasında Azərbaycanın Türkiyə və Pakistanla birgə hərbi təlim keçməsini, Gorus-Qafan yolunda İran sürücülərini gömrüyə cəlb etməsini, iranlı sürücülərin Azərbaycanın razılığı olmadan Qarabağa girməsini, İranın Azəraycanla sərhəddə hərbi təlimlərə başlamasını əsas gətirirlər.
Azərbaycan bu ilin sentyabrında Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsində öz nəzarətini bərpa elədi və bəyan etdi ki, İran sürücüləri qanunsuz olaraq, Qarabağa daxil olublar. Azərbaycanın iki iranlı sürücünü həbs etdi, bu ölkəyə nota verdi. İran isə Azərbaycanın işğal etdiyi əraziləri ilə sərhəddə "Xeybər fatehləri" adını verdiyi hərbi təlimlərə "zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan" atəş açmaq taktikası da daxil edilən hərbi təlimlərə başladı.
Bu təlimləri qınayan İlham Əliyev bildirdi ki, o, İranın onların "qanuni addımlarına emosional reaksiyasının müvəqqəti" olacağına ümid edir.
İlham Əliyev bu şəraitdə Azərbaycanın "özünü çox məsuliyyətli", təmkinli" apardığını vurğulayıb.
Sonrakı aylarda iki ölkə arasında gərginlik pik həddə çatmadan səngiməyə başlayıb, Azərbaycan iki iranlı sürücünü azad edib və iki ölkə rəsmiləri normal qonşuluq əlaqələrinn zəruriliyindən danışıblar.

Şəklin mənbəyi, Zengezur TV
Qaragöl mübahisəsi
Bu ilin mayında Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur ( Sünik ) bölgəsində, Qaragöl (Sevliç) ətrafında gərginlik yaşanıb.
Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozub 3.5 km ölkə içərisinə irəlilədiyini, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.
Ermənistan və Azərbaycanda səslənən iddialardan belə məlum olur ki, bu ərazinin kimə məxsus olması ilə bağlı istinad edilən xəritələr fərqlidir.
Lakin yeddi aydan çoxdur davam edən gərginliyə baxmayaraq, tərəflər hələ də sərhədləri cızmaq üçün istinad etdikləri xəritələri ictimaiyyətə açıqlamayıblar.
Hələ ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə hər hansı razılaşma əldə olunmayıb. Rusiya bu məsələni çözmək üçün tərəflərə öz xəritələrini və yardımını təklif edib.

Şəklin mənbəyi, Dövlət Sərhəd Xidməti
Qaraheybətdə hərbi helikopter qəzası
Bu il həm də Azərbaycan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopter Qaraheybət hərbi poliqonunda qəzaya uğramasıyla yadda qaldı.
Noyabrın 30-da baş verən aviaqəzada DSX-nın Mi-17 hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.
Dövlət Sərhəd Xidməti qəzaya kənar müdaxilənin istisna olunduğunu deyib.
Qəza ilə bağlı Azərbaycan Baş Prokurorluğu istintaqın ilkin nəticələrini elan edərkən deyib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq... "idarəetmədə yol verdikləri kobud səhvlər" helikopteri qəzaya uğradıb".
Qurum bildirib ki, "qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib".
Qurum eyni zamanda "helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğramasının qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verdiyini" açıqlayıb.
Qəza baş verən gün DSX-nın rəisi Elçin Quliyev helikopterin pilotunun - polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biri olduğunu deyib.

Şəklin mənbəyi, Baş Prokurorluq
"Tərtər işi"nin yarımçıq etirafı
2021-ci ildə Azərbaycan Hərbi Prokurorluğu dörd il sonra "Tərtər işi" kimi tanınan hadisələr barədə ictimai olaraq məlumat verdi. Amma Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin "Tərtər işi"ndə, sadəcə bir nəfərin öldüyünü deməsi qəzəbə səbəb olub.
Prokuror Vəliyev prokurorluğa ünvanlanmış, istintaq prosesi zamanı ölüm və işgəncə halları barədə ittihamlara toxunmayıb və bir nəfərin ölümünün istintaqdan əvvəl baş verdiyini deyib.
Hüquq müdafiəçiləri və hərbçilərin ailələri BBC-yə deyiblər ki, 2017-ci ildə istintaq zamanı 11 hərbçi öldürülüb, onlarla hərbçi isə şiddətli işgəncəyə məruz qalıb.
Xanlar Vəliyev "Tərtər işi"ndə kütləvi işgəncə hallarının olduğunu desə də, o bunun prokurorluğun müdaxiləsindən öncə baş verdiyini bildirib.
O, istintaq işinin "obyektiv" aparıldığını deyib, ancaq hüquq müdafiəçiləri iddia edirlər ki, daha çox işgəncə və ölüm halları Hərbi Prokurorluğun istintaqa başlamasından sonra baş verib.
İddialara görə, istintaqın getdiyi 2017-ci ildə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlar vətənə xəyanət etmədə, Ermənistana məlumat ötürmədə ittiham olunub və ya onlardan məlumat ötürənlərin adlarını vermələri istənilib.
Hadisələrin əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən ictimaiyyət arasında bu məsələ "Tərtər işi" kimi tanınıb.

Şəklin mənbəyi, Əminə Məmmədova
Saleh Rüstəmlinin acılıq aksiyası, Tofiq Yaqublunun döyülməsi
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda müxalifət partiyalarının siyasi hərəkətliliyi zəiflədiyi bir vaxtda 2019-cu iln fevralında həbs olunmuş AXCP üzvü Saleh Rüstəmov məhbəsdə aclıq aksiyasına başladı.
Bir aydan çox aclıq aksiyası keçirən Saleh Rüstəmov vəkili vasitəsilə həbsinin qanunsuz olduğunu bu yolla çatdırmaq istədiyini deyib.
Saleh Rüstəmov aksiyasının 41-ci günündə həkiminin məsləhəti ilə aclığı dayandırıb.
Rusiya vətəndaşı Saleh Rüstəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib, ona Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaq və AXCP-yə maliyyə yardımı etməsinə görə ittiham verilib. O, həbsini siyasi sayır.
Saleh Rüstəmov AXCP-dən olan "siyasi məhbus ailələri"nə pul yardımı göndərdiyini, amma ona verilən rəsmi ittihamdakı məbləğin şişirdildiyini deyib.
Saleh Rüstəmovun həbsdə aclıq aksiyası etməsinə dəstək nümayiş etdirən bəzi siyasi və ictimai fəallar Bakının mərkəzində Fəvvarələr meydanında aksiya keçirməyə cəhd göstəriblər.
Aksiyada iştirak edən onlarla adam polis tərəfindən saxlanılıb. Siyasi fəal Tofiq Yaqublu polis tərəfindən zorakılığa məruz qaldığını deyib.
Tofiq Yaqublunun üzündə işgəncə izləri olduğu deyilən ləkələri əks etdirən video və fotolar mediada yayılıb.
Daxili İşlər Nazirliyi Tofiq Yaqubluya saxlanılan zaman işgəncə verilməsi barədə iddiaları təkzib edib.

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
Media haqqında yeni qanun
Azərbaycan hakimiyyəti ölkədə medianın fəaliyyətini tənzimləmək üçün yeni qanun qəbul etməyə hazırlaşır.
Amma bu qanun layihəsi müstəqil media icması tərəfindən narahatlıq və tənqidlərlə qarşılanıb.
Onlar hesab edirlər ki, bu qanun layihəsində sosial media və internet platformalarına dövlətin nəzarətini gücləndirən bəndlər var.
Media üzrə hüquqşunaslar hesab edirlər ki, belə bir qanun sərbəst işləyən jurnalistlərin fəaliyyətini məhdudlaşdırır.
Bundan başqa, qanun layihəsində jurnalistlərə güzəştli kredit verilməsi, bəzi idman və mədəni tədbirlərə pulsuz bilet təklifi kimi imtiyazların tanınması da peşə kodeksinə zidd sayılıb.
Medianın İnkişaf Agentliyinin təmsilçisi Natiq Məmmədli BBC News Azərbaycancaya açıqlamasında deyib ki, qanun layihəsinin beynəlxalq hüquqa zidd olması, ifadə azadlığına təhlükə yaratması ilə bağlı iddialar əsassızdır. O söyləyib ki, bu qanun bloqçuların, YouTube-da kanalı olub aktiv istifadə edənlərin, ictimai fəalların fəaliyyətini tənzimləmir.
Yaxın günlərdə qanun layihəsinin parlamentin üçüncü oxunuşuna çıxarılması gözlənir.
Yeni qanun qəbul edildikdən sonra hazırda qüvvədə olan və KİV haqqında və İctimai televiziya və Radio haqqında qanunlar qüvvədən düşəcək.

Füzuli hava limanı
Bu ilin sentyabrında İkinci Qarabağ müharibəsindən bir il sonra Azərbaycan işğaldan azad edilən Füzuli şəhərində beynəlxalq hava limanını açıb.
Rəsmi məlumata görə, hava limanı istənilən tip təyyarələrin qəbul edə bilər.
Bu, Qarabağda fəaliyyətə başlayan ilk beynəlxalq hava limanı olub.
Azərbaycanın yerli mətbuatı yazır ki, artıq Rusiyanın "IrAero" aviaşirkətinə paytaxt Moskvadan Füzuli hava limanına həftədə iki dəfə uçuşlar etmək üçün icazə verilib.
Azərbaycan işğaldan azad olunan ərazilərdə ikinci hava limanını da tikməyə başlayıb.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə hava limanlarından başqa da geniş tikinti işlərinə başlayıb.
İri tikinti layihələri Azərbaycanın "dost" ölkə adlandırdığı Türkiyə, İsrail, Böyük Britaniya kimi ölkələrin şirkətlərinə həvalə olunub.








