"Ağlıma gəlməzdi ki, dekabr ayında kölgə axtaracağam" - Azərbaycanda havalar niyə isti keçir?

Bakı dekabr istilər isti hava

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Azərbaycanda bu həftənin çərşənbə günü yaşanan isti hava bir çoxlarını təəccübləndirib.

Həmin gün həm paytaxt Bakı, həm də bölgələrdə havanın normadan yüksək olması həm əhalinin, həm də mütəxəssislərin diqqətini cəlb edib.

Masallı sakini Elcan Dadaşzadə dünənki istini xatırlayaraq deyir: "Ağlıma gəlməzdi ki, dekabr ayında kölgə axtaracağam".

"İsti külək və günəş şuası elə bil adamın üzünü yaydaki kimi yandırırdı," - o deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycanda dekabr ayı üçün bəzi bölgələrdə temperaturun iqlim normasından 1-2 dərəcə artıq olacağını açıqlayıb.

BBC News Azərbaycancaya danışan ətraf mühit məsələləri üzrə mütəxəssis Rövşən Abbasov hesab edir ki, ümumilikdə son bir ayda yaşanan istilər nəinki yayda, elə qışda da quraqlığa səbəb olacaq.

Son illərin hərarəti

Bakının Maştağa qəsəbəsində yaşayan Könül İsmayılova belə istiləri adətən daha çox qış fəslində "görüb".

"Son illərdə mən isti havaları, əsasən, qışda müşahidə edirdim. Payız fəsli üçün isə dünənki isti mənə görə çox anormal idi. Çox isti idi. Özüm də belə başa düşdüm ki, metereoloqlar da bu istini qeydə alıblar. Masallıda, Lənkəranda həddindən artıq istinin olmasını. Bizdə Maştağada da həddindən artıq isti vardı. Qolu açıq geyimdə gəzənləri görəndə əmin oldum ki, təbiətdə ciddi dəyişikliklər baş verir. Sadəcə çox şükür ki, bu gün hava bir az soyudu".

Könül İsmayılova vurğulayır ki, o, ötən illərdə noyabr ayında qalın paltoda gəzibsə, bu noyabr ayını və dekabrın ilk günlərini nazik geyimlərlə keçirib.

"Uşaqları dərsə aparmaq olsun, ya nəsə başqa bir işin arxasında getmək olsun, qalın geyinməmişəm. Heç uşaqları da qalın geyindirməmişəm. Arada yalnız bəzi günlərdə soyuq olub. Məsələn, sentyabr ayının son həftəsi daha soyuq oldu, nəinki payızın son günləri. Elə bil ki, təbiətdə yerdəyişmə var".

Könül İsmayılova deyir ki, qaz istifadəsi artmasa da, o, son bir ildə qazın qiymətindəki "dəyişikliyə görə qiymətlərdəki fərqi deyə bilməyəcək".

"Ancaq bu dəfəkinin istiliyi bir ayrı idi. İsti külək və günəş şüası az qala adamın üzünü yaydaki kimi yandırırdı. Bir gün ağlımıza gəlməzdi ki, dekabr ayında kolgə axtaracayıq", bunu isə Masallı sakini Elcan Dadaşzadə deyir.

Bu, "quraqlıq hadisəsidir"

"Əvvəlki illərin statistikasına baxanda bu, əlbəttə ki, normal deyil. Havalar çox isti və dolayısı ilə quraq keçir. Bu, quraqlıq hadisəsidir," Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov deyir.

Təhlilçi hesab edir ki, "dekabr ayında 23 dərəcə istinin olması ölkədə demək olar ki, bütün sektorlara o cümlədən, içməli və kənd təsərrüfatı təyinatlı suyun azalmasına, qurunt sularının səviyyəsinin düşməsinə səbəb olacaq" amillərdəndir.

"Hal-hazırda kənd təsərrüfatında qış əkinləri üçün su tələb olunan vaxtda bölgələrimizdə bilirsiniz ki, onsuz da su qıtlığı var. Əvvəllər ilin bu fəslində, xüsusilə bu ərəfələrdə güclü yağışlar yağardı və bu da kənd təsərrüfatında suya olan tələbatın xeyli hissəsini ödəyirdi. Hazırda bu yoxdur və Azərbaycanda hökmən bu, məhsul qıtlığına səbəb olacaq. Yem, taxıl bitkilərinin qıtlığına səbəb olacaq. Bu, ərzaq çatışmazlığına da səbəb olacaq," - ətraf mühit və su məsələləri üzrə mütəxəssis vurğulayır.

Rövşən Abbasov bildirir ki, Azərbaycanda Milli Uyğunlaşma konsepsiyası çərçivəsində həm kənd təsərrüfatında, həm də su ehtiyatlarının idarə olunmasında iqlim dəyişiklərinə necə hazırlaşmaqla bağlı işlər görülür.

Nə etməli?

"2021-ci ilin iyul ayından tətbiq olunan Milli Adaptasiya Proqramı Azərbaycanda çoxsaylı fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Burada məqsəd su qıtlığı şəraitində kənd təsərrüfatının inkişafına nail olmaq - su qıtlığı şəraitində kənd təsərrüfatı bitkilərinin becərilməsi, sudan qənaətlə istifadə etməyə imkan verən texnologiyaların geniş tətbiqi, suya tələbatı az olan yerli bitkilərin əkilməsi, virtual su ticarətinin genişləndirilməsi, çox su tələb edən məhsulların becərilməsini dayandırmaq və həmin məhsulları hazır şəkildə xaricdən almaq, onların əvəzinə digər daha az su tələb edən kənd təsərrüfatı məhsulları istehsal edib xaricə satmaq da bir çıxış yolu ola bilər", Rövşən Abbasov deyir.

Bütün dünyada baş verən iqlim dəyişiklərinin Azərbaycandan da yan keçməyəcəyini deyən təhlilçi vurğulayır ki, Azərbaycan fəlakət riskinin azaldılması üçün "çox ciddi işləməlidir".

Mütəxəssis iqlim dəyişikləri ilə bağlı Azərbaycanın və qonşu ölkələrin su çatışmazlıqlarının qarşısını almaq üçün tikintisi planlaşdırılan su anbarları layihələrini dayandırmasının vacib olduğunu deyir.

"Transsərhəd ölkələrlə danışmalıyıq. Gürcüstanda iri su anbarı tikilir, bu ölkə Kür üzərində 5 su anbarı tikməyi planlaşdırır. Xudafərin üzərində su anbarı tikdik, tikməyə də bilərdik. Bu, Arazın suyunu azaldır. Yəni, bax, biz qonşu ölkələrlə danışmalıyıq. Azərbaycan transsərhəd çaylarının idarə olunması üzrə Beynəlxalq Konvensiyanı imzalasa da, Türkiyə, Gürcüstan, Ermənistan imzalamayıb. Biz onlarla danışmalı, suyun doğru paylanması, bizə az gəlməsinin qarşısını almaq istiqamətində çalışmalıyıq", - Rövşən Abbasov vurğulayır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağını proqnozlaşdırıb.

Qurum dekabr ayı üçün hesabatında bildirir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası (Naxçıvan MR) istisna olmaqla digər bölgələrində havanın temperaturu normadan 1-2 dərəcə artıq olacaq.

Məlumatda həmçinin son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturların 0,4-1,30C-yə qədər artdığı da açıqlanıb.