Azərbaycanlıları və erməniləri bir-birinə yaxınlaşdırmağa çalışan insan - Əvəz Həsənovun xatirəsinə

Аваз Гасанов

Şəklin mənbəyi, Avaz Hasanov/Facebook

    • Müəllif, Jenny Norton
    • Vəzifə, BBC News Rusca Xidmətinin baş redaktoru

Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən biri, regionda sülhün bərpası uğrunda mübarizəsiylə də məşhur olan Əvəz Həsənov vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Millətlərarası münaqişələrin və siyasi fikir ayrılıqlarının hökm sürdüyü Cənubi Qafqazda tərəfləri bir-birinə yaxınlaşdıra biləcək insanlar azdır. Əvəz onlardan biriydi.

Onun ölümü həm Dağlıq Qarabağa görə Ermənistan və Azərbaycan arasındakı qanlı münaqişənin iştirakçılarında, həm də dünyanın bir çox ölkələrində yaşayan insanlarda dərin kədər doğurdu.

Sosial şəbəkələrdə yazılan çox sayda xatirə və başsağlığı statusları onun malik olduğu yüksək keyfiyyətləri - müxtəlif sosial təbəqələrin, mədəniyyətlərin və ölkələrin nümayəndələriylə, münaqişənin qarşı-qarşıya qoyduğu insanlarla dialoq qurmaq bacarığını, xeyirxahlığını və təvzökarlığını bir daha yada salır.

Qaçqın taleyi

İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov deyir ki, əslində Əvəzin yaşadıqları onu sülhpərvər vətəndaş cəmiyyəti fəalı olmağa yönləndirməməliydi:

"Çox çətin taleyi olub. Kəlbəcər işqal olunandan sonra ailəsiylə birlikdə Bakıya köçüb; evsiz, pulsuz qalıb; dostlarının, o cümlədədn mənim evimdə qalıb. Öz yurdundan qaçqın düşmüş biri şovinist olmalıydı, amma Əvəz sülhpərvər oldu".

Şəxsi həyatındakı çətinliklərə baxmayaraq o, Qarabağ müharibəsindən zərər görmüş digər insanlarla əlaqə qurmağa çalışıb:

"İtkin düşmüş şəxslərin ailələri, öz yurdlarından qovulmuş qaçqınlar və cəbhə xəttində yaşayanlar arasında Əvəzin böyük bir dost-tanış çevrəsi vardı. Əvəz həmin şəxsləri dinləyən, onların yaşadıqlarını başqalarına çatdıran ilk adamlardan biriydi" - sülh təşəbbüsləriylə məşğul olan "Uzlaşma Resursları" qeyri-hökumət təşkilatının Qafqaz proqramının direktoru Lorens Broers belə deyir.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

2000-ci ildə Əvəzi Brirnci Qarabağ müharibəsi zamanı (1992-1994) əzizləri girov götürülmüş və ya itkin düşmüş yüzlərlə erməni və azərbaycanlı ailəsinə yaxınlarının taleyini öyrənməyə kömək etməyə - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq İşçi Qrupda işləməyə dəvət ediblər.

Azərbaycanlıların Qarabağa səfəri ağlasığmaz olduğu bir vaxtda Əvəz bu qrupun üzvü kimi Dağlıq Qarabağa getməli, həbsxanalara giriş əldə etmək üçün hər iki tərəfin rəsmiləriylə danışıqlar aparmalı, münaqişənin hər iki tərəfində İşçi Qrupunu son və yeganə ümid yeri sayan ailələrlə görüşməliydi.

Əvəz Həsənov

Şəklin mənbəyi, Avaz Hasanov/Facebook

Şəklin alt yazısı, İtkin düşənlərin axtarışı Əvəzi ermənilərlə azərbaycanlılar arasında sülh üçün nələr etmək olar deyə düşünməyə vadar edib

"Onun saflığı və dürüstlüyü ilk günlərdən diqqəti çəkirdi. Başqalarının dərdi onun da dərdiydi. Bizə Azərbaycan, Ermənistan və Qarabağın dövlət komissiyalarından müraciətlər daxil olurdu, Əvəz dərhal qollarını çirmələyib işə girişir və əlindən gələn hər şeyi etməyə çalışırdı" - İşçi Qrupun üzvü, Qarabağ ermənisi Albert Voskanyan Əvəzi belə xatırlayır.

Qrupun koordinatorlarından biri, sonralar Gürcüstanda nazir olan Paata Zakareyşvili isə deyir ki, həmin vaxt məhz Əvəvzin yardımı sayəsində Azərbaycan həbsxanalarındakı ermənilərə baş çəkə biliblər:

"İnsanları kateqoriyalara bölməmək - onda bu çox nadir xüsusiyyət vardı. Mən Əvəzin ondan kömək gözləyən, ona bel bağlayan adamlara necə anlayışla yanaşdığını görürdüm".

"Məhtəşəm insan, möhtəşəm dost"

2009-cu ildə Azərbaycan və Ermənistanın gənc kinematoqrafçıları Əvəz Həsənov və Albert Voskanyanın birgə fəliyyəti haqqında film çəkmişdilər və Əvəz həmin filmdə etiraf etmişdi ki, itkin düşənlərin axtarılması prosesi onu ermənilər və azərbaycanlılar arasında sülhə nail olmaq barədə düşünməyə vadar edib:

"Müharibədən sonra bircə azərbaycanlının da qalmadığı Dağlıq Qarabağ kəndlərinə gedə bildim. Mənim orda olmağımdan hamı xəbər tuturdu və bu, artıq nailiyyət idi. Sülhün bərpası üçün etdiyimiz işlərin görünməsini istəyiriksə, yerli əhali və təşkilatlarla daha çox görüşməliyik".

Sonrakı illərdə Əvəz Qarabağ müharibəsindən zərər çəkmiş insanlar arasında əlaqələrin qurulması, ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın yaranması istiqamətində yorulmadan çalışıb.

BBC-nin müxbiri Famil İsmayılov 2006-cı ildə Britaniyanın sülhpərvər təşkilatının nümayəndə heyətinin tərkibində Əvəzlə birlikdə Dağlıq Qarabağa gedib.

"O dəstədə yalnız biz ikimiz - Əvəz və mən azərbaycanlıydıq və Qarabağın erməni əhalisinin diqqəti bizdəydi. Bizi açıq şəkildə təhdid edən olmasa da, təhlükəsizlik baxımından ikimizi bir otağa yerləşdirmişdilər və axşamlar həm mövcud reallıq, həm də gələcək haqqında uzun-uzadı söhbət etmişdik. O, baş verənlərin mahiyyəti haqqında çox sakit, qərəzsiz, münaqişənin ermənilərə və azərbaycanlılara yaşatdığı əzabları dərindən anlayaraq danışa bilirdi".

Əvəz Azərbaycanın ucqar kəndlərində yaşayanlardan tutmuş məmurlara və xarici diplomatlara qədər ən müxtəlif sosial təbəqələrə məxsus insanlarla çalışa bilirdi.

"Bakıda işləyəndə professionallıq baxımından Əvəz mənim əsas həmsöhbətlərimdən biriydi. O mənim üçün həm müəllim, həm həmkar, həm də möhtəşəm insan və dost idi" - 2016-2019-cu illərdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin məsləhətçisi olan, Qarabağ münaqişəsini Bakı kafelərində Əvəzlə müzakirə etmələrini minnətdarlıqla xatırlayan Coanna Ketola belə deyir.

Əvəz Həsənov

Şəklin mənbəyi, Avaz Hasanov/Facebook

Şəklin alt yazısı, Əvəz münaqişədə olan xalqlar arasında dialoq yaratmaq üçün sənədli filmlərin gücünə inanırdı

Vətəndaş çəmiyyətindən hakimiyyət dəhlizlərinə

Əlbəttə, ermənilərlə azərbaycanlılar arasında sülhün bərpasına, Azərbaycanda insan haqlarının və demokratiyanın inkişafına həsr edilən illər problemsiz ötüşməmişdi.

Azərbaycan hakimiyyəti Qarabağla bağlı diskussiyalara nəzarəti gücləndirdikcə, bir çox qeyri-hökumət təşkilatının işi çətinləşmişdi. Nəinki cəmiyyətdəki fikir ayrılıqlarını üstələməyi, eyni zamanda hakimiyyətlə dialoqu qoruyub saxlamağı bacaran tək-tük adamlardan biri Əvəz idi.

Lorens Broers deyir ki, "Xeyirxahlığı, müdrikliyi və diplomatik bacarıqları Əvəzi vətəndaş cəmiyyətinin bütün qruplarıyla dostlaşdırmışdı".

"O, eyni zamanda məmurlarla da dil tapa bilir, hakimiyyət dəhlizlərində hərəkət etmək kimi çətin bir işin öhdəsindən gəlirdi" - bu isə Paata Zakareyşvilinin sözləridir.

Əvəz Həsənovun gəncləri

Üç uşaq atası olan Əvəz həmişə sonrakı nəsillər haqqında düşünür, həm ölkə, həm də dünya haqqında daha çox şey bilmələri üçün gənclərə kömək etməyə şalışırdı.

Bəxtiyar Aslanaov 2008-ci ildə Əvəzin komandasında təcrübə keçib. Bakıdakı kiçik kabinet həmişə gənc könüllülərlə, çoxsaylı təlimlərin iştirakçılarıyla dolu olurdu.

"Əvəz Həsənov xeyli gəncin, o cümlədən də mənim şəxsi və professional inkişafımız üçün çox iş görüb. Onunla bir yerdə olmaq fürsəti qazananlar çox şanslıdırlar. Əvəz bəy görüşdüyü insanların həyatına çox müsbət təsir edirdi və mən inanıram ki, onun ideyaları sonrakı nəsillərə də təsir edəcək" - hazırda münaqişə bölgələrindəki insanlara yardım edən "Berghof Foundation" qeyri-hökumət təşkilatının (Almaniya) Azərbaycan şöbəsinin rəhbəri olan Bəxtiyar Aslanov belə deyir.

Sənədli filmlərin diliylə

Əvəz həm də yaradıcı insanıydı.

Coanna Ketola: "Mən ona kino istehsalı prosesini öyrəndiyimi deyəndə gözləri işıqlandı. Hər ikimiz sənədli filmin gücünə inanan adamlar kateqoriyasına aidik".

Əvəz bir neçə sənədli filmin prodüseri olmuş, Ermənistandan və Dağlıq Qarabağdan olan həmkarlarıyla birlikdə Birinci Qarabağ müharibəsi haqqında sənədli filmlər seriyası üzərində işləmişdi.

O, tez-tez Azərbaycanın müxtəlif bölgələrinə gedərək Qarabağ münaqişəsi haqda filmlərin nümayişini təşkil edirdi.

Ölümündən bir qədər əvvəl Əvəz yeni planlar qurmuşdu: köhnə dostu, jurnalist Şahin Rzayevlə birlikdə keçən il baş vermiş İkinci Qarabağ müharibəsi haqqında sənədli film çəkməyə hazırlaşırdı.

"Bu layihəni Əvəz olmadan necə reallaşdıracağımızı təsəvvür edə bilmirəm" - Şahin Rzayev BBC-yə açıqlamasında belə deyib.

İkinci müharibədə Azərbaycan itirdiyi torpaqları, o cümlədən Əzəvin doğulub-böyüdüyü Kəlbəcər rayonunu geri alıb. Ancaq təəssüf ki, Ermənistan və Azərbaycan uzunmüddətli sülhə yaxınlaşmayıblar.

Bir çoxları üçün Əvəzin ölümü ikiqat itkidir: indi - ermənilər və azərbaycanlılar arasında münasibətlərin maksimum gərginləşdiyi bir vaxtda onun optimizminə, tükənməyən ümidinə və sülhpərvər entuziazmına daha çox ehtiyac var.

Materialın hazırlanmasında Məhərrəm Zeynalov və Famil İsmayılov da iştirak ediblər.