Azərbaycan müdafiə naziri NATO nümayəndəsi ilə nədən danışıb?

Şəklin mənbəyi, MOD.GOV.AZ
NATO nümayəndəsi Bakıdadır. Haaqadakı BMT Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına baxır. 70 ildən çox SSRİ-nin tərkibində olan Azərbaycan keçən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edib - BBC News Azərbaycancanın icmalında
Müdafiə naziri Zakir Həsənov bu gün Azərbaycan səfərdə olan NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Javier Colomina-nın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə naziri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu tərəfindən görülən işlər və Azərbaycan dövlət sərhədində "hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib", Azərbaycan MN-in məlumatında deyilib.
"General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb."
Javier Colomina "bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib", Azərbaycan MN-i bildirib.
Məlumatda konkret hansı dəstəyin nəzərdə tutulması barədə detallara varılmayıb.
"Görüşdə həmçinin postmüharibə şəraiti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib", rəsmi məlumatda qeyd olunub.
Javier Colomina Azərbaycandan sora Ermənistana və Gürcüstana gedəcək.

Şəklin mənbəyi, Getty Images
BMT məhkəməsində Azərbaycanın Ermənistana qarşı ittihamına baxılır
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı ittihamına baxılır.
Dinləmələr bu gün, oktyabrın 18-də başlayıb və sabah da davam edəcək.
Azərbaycan Ermənistan hakimiyyətini azərbaycanlılara qarşı "etnik ayrı-seçkilik siyasəti" və "etnik təmizləmə" həyata keçirməkdə ittiham edir.
Ermənistan da oxşar ittihamlarla Azərbaycanı günahlandırıb.
Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı dinləmələr Haaqada oktyabrın 14-15-də keçirilib.
İlham Əliyev 18 oktyabr barədə: "...kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir"

Şəklin mənbəyi, Azertag
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.
70 ildən çox SSRİ-nin tərkibində olan Azərbaycan keçən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edib.
Müstəqillik 1991-ci il 30 avqustda "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması barədə Bəyannamə"si və oktyabrda "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan sonra tam təsdiqlənib.
Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı deyib ki, 18 oktyabr gününü "böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir".
"Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir", - Azərtac İlham Əliyevə istinadən yazır.
"SSRİ Azərbaycanda, Baltikyanı ölkələrdə, Ukraynada, Gürcüstanda, Azərbaycanda gedən xalq hərəkatları nəticəsində, müstəqillik mübarizəsi nəticəsində dağıldı. Azərbaycan Xalq Hərəkatı Sövet İttifaqı ərazisində ən güclü hərəkatlardan biri idi", - 1991-ci ildə parlamentin deputatı olmuş, Müsavat partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya deyib.
"Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik"
İlham Əliyev söyləyib ki, Milli Məclis onun təşəbbüsü ilə Azərbaycanın milli bayramlarının təqdimatında düzəlişlər edib. O bu düzəlişlərin "tarixi həqiqətə və tarixi ədalətə tam uyğun olduğunu" hesab edir.
Prezident deyib ki, "əsas müstəqillik bayramı" 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür:
"Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu".
Bu il oktyabrın 15-də Milli Məclis Dövlət Müstəqilliyi gününün adını dəyişdirərək Müstəqilliyin Bərpası Günü adlandırıb.
Qanuna yeni düzəlişə görə, mayın 28-də qeyd olunan Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.
Layihəyə əsasən, həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.







