Ermənistan rəsmisi “Zəngəzur dəhlizi” barədə danışıb

Armen Qriqoryan

Şəklin mənbəyi, 1tv.am

Şəklin alt yazısı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Ermənistan rəsmisi "Zəngəzur dəhlizi" barədə danışıb, Azərbaycan Prezidenti Ermənistanın Baş naziri ilə danışıqlara hazır olduğunu bildirir, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsvermə başa çatıb, Ermənistan xeyrinə "casusluqda şübhəli" olan şəxs həbs edilib, BBC News Azərbaycancanın icmalında oxuyun.

Ermənistan ərazisində «suveren dəhliz» ola bilməz, İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması barədə danışan Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

"Dəhlizin məntiqini anlamaq lazımdır. Biz artıq bəyan etmişik ki, Ermənistan ərazisində suveren dəhliz ola bilməz", - Armen Qriqoryan İctimai televiziyaya müsahibəsində deyib. - Bəlkə də Ermənistanda azərbaycanlıların və ya türklərin Azərbaycanla əlaqə saxlamaq üçün istifadə edə biləcəyi dəhlizlər və ya yollar açılacaq".

Armen Qriqoryanın sözlərinə görə, yollar açılsa belə, onlar Ermənistanın "suveren nəzarətində" olacaq.

Rəsmi vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanı təmsil edən Baş nazir müavinləri səviyyəsində dəhliz məsələsi yox, bütün yol infrastrukturunun blokdan çıxarılması müzakirə olunur.

"Bu məqamda, biz daha çox mövcud infrastrukturdan, yəni Yerevan-Tbilisi-Bakı-Rusiya dəmir yolundan, habelə infrastruktura demək olar ki, investisiya yatırmağa ehtiyac olmayan Yerevan-Naxçıvan-Culfadan istifadə etməyə daha çox meylliyik", - Armen Qriqoryan deyib.

Onunj sözlərinə görə, Ermənistan və Naxçıvan sərhədində kiçik 1 kilometrlik hissə çəkilməlidir və bu "çox vaxt tutmaz".

"Azərbaycan da Ermənistanın yollarından istifadə edə biləcək. Yəni Azərbaycanın qərb bölgələri Tavuş və ya Sünikin infrastrukturlarından istifadə etməklə Naxçıvanla əlaqə saxlaya biləcəklər".

Armen Qriqoryan sonuncu varianta meylli olduğunu və irəliləyişə nail olmaq üçün onun müzakirə edildiyini deyib. Onun sözlərinə görə, problemin həlli üçün dialoqa ehtiyac var.

"Türkiyə prezidenti "dəhlizlər" terminini işlətdi. Tək deyil, cəm şəklində - "dəhlizlər". Və "dəhlizlər" deyəndə bir neçə yolu başa düşürük. Bu məntiqimizə çox yaxındır. Və müzakirə, dialoq üçün bir fürsət olarsa, düşünürəm ki, həll yollarını tapacağıq. Yəni "dəhlizlər" sözü ilə biz bunları başa düşürük: Ermənistanda bir neçə yolun istifadəsi".

Bu həftə Soçidə Prezident Putinlə görüşdən sonra Türkiyə Prezidenti "Zəngəzur dəhlizinin" bütün bölgə üçün əhəmiyyətli fürsət olacağını vurğulayıb. Recep Tayyip Erdoğana əsasən, Azərbaycan bu dəhlizin reallaşması üçün miqyaslı işlər görür və Ermənistan tərəfi də öz öhdəliklərini "yerinə yetirməlidir".

Azərbaycanla Ermənistan "Zəngəzur dəhlizi" ilə bağlı fərqli mövqelərdə dururlar. İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu "tarixi nailiyyət" kimi qiymətləndirir, Nikol Paşinyan bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir.

Bu həftə Prezident İlham Əliyev deyib ki, 10 noyabr bəyannaməsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması "aydın qeyd olunsa da", Ermənistanın tutduğu mövqeyə görə bu əlaqə qurulmayıb.

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Azərbaycan Prezidenti Ermənistanın Baş naziri ilə "danışıqlara hazırdır"

Azərbaycan Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlara hazır olduğunu bildirib. İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində deyib.

"Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram", - İlham Əliyev deyib. Onun sözlərinə görə bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 12-də Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu və ATƏT-in Minsk Qrupundan "konkret təkliflər" gözlədiyini bildirib.

Ötən gün isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, əgər Bakı məsələləri müzakirə etməyə hazırdırsa, Baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bilər.

EFE-yə müsahibəsində Prezident İlham Əliyev həmçinin gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğunu deyib. Lakin o, belə təşəbbüslərə Ermənistanın hələ də "müsbət cavab" vermədiyini qeyd edib.

Bu həftə Fransanın "France-24" televiziya kanalına müsahibə verən İlham Əliyev söyləmişdi ki, Minsk qrupunun həmsədrləri iki ölkə liderinin görüşü təklifi ilə çıxış etsə, Azərbaycan "buna qarşı çıxmaz".

Cümə axşamı günü Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, ATƏT Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfəri Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında mümkün görüşün təşkili üçün "əlverişli şərait yaratmağa" kömək edəcək.

Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrlərinin New-Yorkda Bakı və Yerevanla Dağlıq Qarabağa iş səfərlərinin bərpası barədə razılığa gəldiklərini demişdi.

Seçicilər

Şəklin mənbəyi, TASS/ Getty Images

Gürcüstanda yerli hakimiyyət seçkilərində səsvermə başa çatıb

Bu gün Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər saat 20:00-da başa çatıb.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, saat 17:00-da seçki fəallığı 40 faizdən artıq olub.

Səsvermə qarışıq - proporsional və majoritar sistemlər üzrə keçirilib.

Seçkilərdə 40-dan çox partiyanın iştirak etdiyi bildirilir.

Koronavirus pandemiyasına görə səsvermə vaxtı Gürcüstan Səhiyyə Nazirliyi və MSK tərəfindən təsdiqlənən qaydalara əməl olunub.

Dövlət Təhlükəsizliyi Xidməti

Şəklin mənbəyi, AzertTAG

Şəklin alt yazısı, Dövlət Təhlükəsizliyi Xidməti

Ermənistan xeyrinə "casusluqda şübhəli" olan şəxs həbs edilib

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən vətəndaşın həbs edildiyi barədə məlumat yayıb.

"Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir".

Aydın Zəkiyevin dövlətə xəyanət maddəsi və digər "cinayət faktlarına görə" məsuliyyətə cəlb olunduğu deyilir. Onun özünün bu ittihamlara münasibəti məlum deyil.

DTX cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirir.