İkinci Qarabağ müharibəsinin birinci ildönümü: ötən müddət ərzində nə dəyişib?

Şəklin mənbəyi, Anadolu Agency
- Müəllif, Redaksiya
- Vəzifə, BBC News Azərbaycanca
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından bir il ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib.
Təxminən bir il əvvəl noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişini imzalayarkən Kəlbəcər, Laçın və Ağdamın qansız-qadasız geri qaytarılması, bölgəyə bu razılıq nəticəsində rus sülhməramlılarının gəlməsi, atəşkəsə nəzarət edəcək Rus-Türk Mərkəzinin qurulması iki ölkə arasında nəhayət ki, savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidlərini cücərtdi.
Video açılmırsa YouTube-dan izləyin.
Amma keçən bir il ərzində nəinki sülh sazişi imzalana bilib, 10 noyabr bəyanatında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması da baş verməyib, əksinə, tərəflər arasındakı münaqişə sərhəddə mütəmadi müşahidə edilən gərginliyə çevrilib.
Bəzi təhlilçilərə görə, hələlik nəzərdə tutulan bu gözləntilərin heç biri reallaşmasa da, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib, yeni əməkdaşlıq perspektivləri yaranıb. Bəzi şərhçilər isə hesab edirlər ki, əksinə, İkinci Qarabağ müharibəsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxardıb.

Şəklin mənbəyi, President.az
"Hər şey dəyişib və ya yeni status-kvo"
Azərbaycanlı politoloq Rasim Musabəyova görə, 44 günlük müharibədən sonra regionda "hər şey dəyişib".
Onun fikrincə, Ermənistanla Azərbaycan arasında qüvvələr nisbəti bütün sahələrdə dəyişib: hərbi sahədə, siyasi müstəvidə. "Üstəlik, bu münaqişənin psixoloji qavranılması da dəyişib",- Rasim Musabəyov bildirib.
Politoloq 10 noyabr bəyanatının "Azərbaycanın qələbəsini və Ermənistanın məğlubiyyətini rəsmiləşdirdiyini" düşünür:
"Minsk Qrupunun həmsədrləri üçtərəfli bəyanatın müddəalarına istinad edirlərsə, bu o deməkdir ki, həmin bəyanat artıq tamamilə legitimləşdirilib - təkcə Azərbaycan, Rusiya və Ermənistan arasında yox, eləcə də beynəlxalq səviyyədə".
Türkiyəli təhlilçi və təhlükəsizlik eksperti Abdullah Ağar Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini "Avrasiya geopolitikası baxımından çox önəmli bir zəfər" adlandırıb.
Abdulla Ağarın təbirincə, "Azərbaycan müstəqillik qazandığından bəri çətin sınaqlardan keçərək dövlət qurub".
"Bu mənada bu savaş Azərbaycanın qurtuluş savaşı idi", - təhlilçi vurğulayıb.
Gürcüstanlı siyasi təhlilçi Tengiz Pxaladze-nin fikrincə, regionda yeni status-kvo əmələ gəlib.
"Keçmiş DQMV-nin ərazisinin üçdə ikisi Azərbaycanın nəzarəti xaricindədir. Odur ki, Qarabağ probleminin həll olunduğunu demək mümkün olmur", - Pxaladze deyib.
Bu baxımdan o, Ermənistanla Azərbaycan arasında hazırkı durumu "kövrək atəşkəs" kimi səciyyələndirib.
Tengiz Pxaladze Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik edə və onların arasında danışıqlar üçün neytral meydança ola biləcəyini düşünür.
Müharibə bitəndən az sonra Azərbaycan-Ermənistan sərhədində gərginlik müşahidə olunmağa başlayıb, bəzi vaxtlar bu gərginlik iki ordu arasında o həddə çatıb ki, hər iki tərəf itki verməli olub, yaralananlar qeydə alınıb.
Ermənistandan siyasi təhlilçi Vigen Hakobyanın fikrincə, sərhəddəki bu gərginlik "keçən ildəki kimi böyük müharibəyə" aparıb çıxarmaz: "İndiki sərhəd gərginliyi o müharibənin əks-sədasıdır. İndi tərəflər, sadəcə, öz mövqelərini təyin etmək istəyir".
10 noyabr bəyanatı və "Dağlıq Qarabağ statusu"
10 noyabr bəyanatının 1-ci maddəsi döyüşlərin dayanmasından bəhs edirdisə, sonrakı maddələr atəşkəsin sabitliyini qorumağa hesablanmışdı: Ermənistan Ağdamı, Laçın və Kəlbəcəri müəyyən tarixlərdə geri verməyi öz öhdəsinə götürürdü. Azərbaycan isə qapısını Rusiya sülhməramlılarının üzünə açırdı, eyni zamanda Azərbaycandakı erməni silahlıları ölkəni tərk etməliydi.
Bundan başqa, tərəflər nəqliyyat kommunikasiyalarının bərpasına söz verirdi.
Bir müddət sonra masaya tələblər qoyuldu: Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr bəyanatına istinadən Ermənistandan Naxçıvana quru yol üzərindən dəhliz verilməsini tələb etdi və bunu "Zəngəzur dəhlizi" adlandırdı.
Üstəlik, Azərbaycan hələ də ictimaiyyətə bəlli olmayan xəritəyə əsasən, Ermənistanın Zəngəzur (Sünik) bölgəsində, Qaragöl (Sevliç) ətrafında mövqelərini yerləşdirdi. Həmin vaxt Ermənistan Azərbaycan hərbçilərinin "sərhədi pozduğunu", Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirmişdi.
Sərhəddə yaşanan bu qalmaqalın ardınca Ermənistan Zəngəzur dəhlizinin olmayacağını deyərək, üstəlik Dağlıq Qarabağın bir hissəsində qalan erməni əhalisi üçün stasus tələb etməyə başladı.

Şəklin mənbəyi, Rossiya 24
10 noyabr bəyannaməsində Dağlıq Qarabağın statusu haqqında heç nə deyilmir, lakin Rusiya hərbi kontingentinə Qarabağda ayrılan məsuliyyət zonasının hüdudları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) perimetri ilə onun Bakının nəzarətinə keçmiş əraziləri istisna olmaqla, əsasən, üst-üsə düşür.
İlham Əliyev status məsələsinin və Dağlıq Qarabağ məfhumunun artıq "tarixə qovuşduğu"nu dəfələrlə bəyan edib:
"Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur".
"Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram", - Prezident Əliyev bu günlərdə BMT tribunasında vurğulayıb.
Lakin Ermənistan "Dağlıq Qarabağın statusunun hələ həll olunmadığını" və Dağlıq Qarabağ probleminin öz həllini tapmadığını deyir. Baş nazir Nikol Paşinyan bunu müharibənin bitməsindən iki ay sonra Moskvada, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar tarixli görüşü zamanı kameralar qarşısında deyib.
Status məsələsinin hələlik həll olunmadığını ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy sentyabr ayında azı üç dəfə müxtəlif tədbirlərdə təkrarlayıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri də tərəfləri status məsələsinin müzakirəsinə dəvət ediblər.
Yerevanlı politoloq Vigen Hakobyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına istinad edərək deyir: "Nə qədər ki, Qarabağın son statusu müəyyən edilməyib, tərəflər danışıqlar prosesinə qayıtmalıdırlar. Həmçinin ABŞ-ın mövqeyi belədir".
O hesab edir ki, "bu məsələlər ətrafında müzakirələrdən boyun qaçırmaq mümkün deyil".
"Ermənistan bu gün faktiki olaraq, status barədə danışıqların aparılmasını xahiş edir. Azərbaycan isə deyir ki, bu məsələni, xüsusilə də Ermənistanla müzakirə etmək fikrində deyil. Yalnız dövlətlərarası münasibətlər normal məcraya qayıtdıqdan sonra, beynəlxalq hüquq əsasında, ərazi bütövlüyünün və sərhədlərin tanınmasından sonra, daxili işlərə qarışmamaq prinsipləri əsasında bu barədə söhbət gedə bilər", - politoloq Rasim Musabəyov deyib.
Təhlilçi hesab edir ki, işğaldan azad olunmuş torpaqlar qısa zamanda bərpa olunub abadlaşdırılmalıdır, həmin ərazilərə mülki əhali qayıtmalıdır, ərazilər yenidən məskunlaşdırılmalıdır, ora həyat qayıtmalıdır: "Bu, Azərbaycanın ərazi bütövlüyünün ən möhkəm qarantiyası olacaq, ermənilər isə bu reallıqla hesablaşmağa və Azərbaycan Konstitusiyasına riayət etməyə dəvət olunur".
Azərbaycan Dağlıq Qarabağ ərazisində yaşayan erməni əhalisini öz vətəndaşı saydığını və onların Azərbaycana inteqrasiya etməsinə hazır olduğunu bəyan edib.
Regional əməkdaşlıq təşəbbüsü
10 noyabr bəyanatı və 11 yanvar tarixli üçtərəfli Moskva görüşünün mühüm yekunları sırasında regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması bəndini qeyd etmək olar.
Türkiyə Prezidenti Recep Tayyib Erdoğan və Prezident İlham Əliyev atəşkəs sazişi imzalanmasından bir müddət sonra Cənubi Qafqaz üçün Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutan "3+3" platforması şəklində regionun 6 ölkəsi arasında əməkdaşlıq platforması ideyasından danışıblar.
Recep Tayyib Erdoğan deyib ki, bu cür əməkdaşlıq platforması bölgədə sabitliyi bərpa edə, Ermənistanla münasibətlərdə isə "yeni səhifə" aça bilər.
Gürcüstan bu təşəbbüsdən heç də məmnun görünməyib.
Gürcüstanlı politoloq Tenqiz Pxaladzenin sözlərinə görə, bu düsturun işlək olacağı şübhə doğurur, "çünki bu platformadakı ölkələrdən bəziləri beynəlxalq sanksiyalar altındadır, digərləri arasında isə həll olunmamış münaqişələr var".

Şəklin mənbəyi, Azərtac
3+3 platforması reallaşmasa da, müharibədən sonra Azərbaycan Türkiyə ilə əlaqələrini daha da möhkəmləndirən addımlar atdı: iyunun 15-də iki ölkə arasında "Şuşa bəyannaməsi" imzalandı. Bu bəyannamənin diqqət çəkən məqamlarından biri də üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələrin bir-birini qorumaq üçün birgə addım atacağı öhdəliyidir.
Təhlilçi Şahin Cəfərliyə görə, bu, digər ölkələrə mesajdır ki, Azərbaycana qarşı bundan sonra "hansısa hücumlar, təxribatlar həyata keçirilərsə", Türkiyə Azərbaycanı müdafiə edəcək.
"Aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir", -Prezident İlham Əliyev bəyannamə imzalanarkən demişdi.
Rusiyalı politoloq: "Moskva Zəngəzur dəhlizinin işə düşməsində maraqlıdır"
Azərbaycan və Ermənistan 10 noyabr bəyanatını imzalayarkən nəqliyyat kommunikasiyalarının açılmasına razılaşsa da, bir ilə yaxındır ki, iki dövlət bu məsələdə ortaq məxrəcə gələ bilmir.
Politoloq Rasim Musabəyovun qənaətinə görə, sərhədlərin demarkasiyası ilə yanaşı, Zəngəzur nəqliyyat dəhlizinin açılması Azərbaycanın 'ilk növbədə" nail olmağa çalışdığı məsələlədir.
Rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov bunun 10 noyabr razılaşmasının "əsas təməl daşı" olduğunu və Cənubi Qafqazdakı geosiyasət üçün "prinsipial olaraq ən vacib məsələyə" çevrildiyini deyir.
"Həmin bənddə Ermənistan ərazisi üzərindən, Zəngəzurdan keçəcək və Azərbaycanı Naxçıvanla və daha sonra Türkiyə və İranla birləşdirəcək nəqliyyat dəhlizinin açılması da nəzərdə tutulub",- o deyir.
Onun sözlərinə görə, "Zəngəzur nəqliyyat dəhlizinin açılmasında bu gün daha çox Moskvanın marağı ola bilər" və bu vəziyyət İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda "qüvvələr nisbətinin dəyişməsi nəticəsində Rusiya-Ermənistan münasibətlərinin yeni modelindən irəli gəlir".
Oleq Kuznetsovun təbirincə, ötən ilki məğlubiyyətindən sonra Ermənistan Moskva üçün bu regionda əlavə xərclər tələb edən bir "geosiyasi əngələ" çevrilib.
"Bu xərcləri qarşılamaq üçün Moskva regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır",- Kusnetsov hesab edir.
Onun qənaətincə, Azərbaycan hələ ki, Ermənistanın işğalından azad etdiyi ərazilərdə infrastruktur layihələrin həyata keçirilməsilə məşğul ola, o cümlədən, Zəngəzur dəhlizinin açılması mərhələsinə hesablanmış logistik hazırlıq işləri apara bilər.
Politoloqun fikrincə, Bakının logistik layihələri kommunikasiyaların açılması məsələsi Kremli də fəal olmağa sövq edir.
"Ermənistan isə öz növbəsində hələlik sözdə və əməldə Zəngəzur nəqliyyat dəhlizinin öz ərazisindən keçməsinin qarşısını alır",- Kuznetsov hesab edir.
Rusiyalı politoloqa görə, "Kreml anlayır ki, Zəngəzur dəhlizi ilə bağlı yeni üçtərəfli sazişin hüquqi tərtibatı yubandıqca, bu məsələdə təşəbbüs və regionda liderlik etmək imkanı əldən verilir və təşəbbüs Bakının əlinə keçir".

Şəklin mənbəyi, Getty Images
Ermənistan baş naziri Nikol Paşinyan əvvəllər Ermənistanın "dəhliz məntiqini" nəzərdə tutan "heç bir məsələni müzakirə etməyib, etmir və etməyəcəyini" desə də, bu ilin sentyabrın əvvəlində Yerevanın bu məsələni müzakirə etdiyini bildirib.
Ermənistan Baş nazirinin sözlərinə görə, "Rusiya və İranla dəmiryol əlaqəsinin yaradılması son dərəcə vacibdir və bu məsələnin həlli üçün üçtərəfli formatda - Ermənistan, Rusiya, Azərbaycan - kommunikasiyaların açılması məsələsi müzakirə olunur".
"Biz öz qərarımızda qətiyik və Bakının da Naxçıvanla əlaqə yaratmaq əzmini anlayaraq, konkret nəticələrə çatmaq üçün səy göstərməyə hazırıq", - Paşinyan bəyan edib.

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Azərbaycan ilə Rusiya arasında yığılıb qalan suallar
Son zamanlarda rəsmi Bakının Rusiyanın Ermənistanı silahlandırmasından, rus sülhməramlıların bölgədəki fəaliyyətindən məmnun olmadığını bildirən əlamətlər müşahidə olunub.
Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, rus sülhməramlıların nəzarəti altında olan bölgəyə Ermənistandan hərbçilər göndərilir və buna "son qoyulmalıdır".
Sentyabrın əvvəlində Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubunda xarici ölkələrə mənsub nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına Bakının icazə vermədiyini xatırladıb və bunun 10 noyabr bəyanatına "zidd olduğunu" əsas gətirib.
Azərbaycan Müdafiə Nazirliyi bir müddət əvvəl yaydığı bəyanatda isə Rusiyadan 10 noyabr bəyanatın 4-cü maddəsinin, yəni "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" razılaşmasının yerinə yetirilməsini tələb etmişdi.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda BBC News Azərbaycancaya xatırladıb ki, "Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti yerləşdiriliblər".
O, həmçinin bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı "müəyyən müzakirələr hələ davam edir".
Azərbaycan Müdafiə Nazirliyi son zamanlarda vaxtaşırı olaraq Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasından Şuşa ətrafı da daxil olmaqla Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir.
Rusiya Müdafiə Nazirliyi isə Şuşa ətrafında atışmanın hər iki tərəfdən açıldığını qeyd edərək, Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalan silahlı erməniləri "Dağlıq Qarabağın hərbi birləşmələri" adlandırır.
Bu arada Azərbaycan Rusiyadan "Ermənistanı sılahlandırmayacağını" gözlədiyini bəyan etsə də, rəsmi Moskva Ermənistana silah satışının onların suveren hüququ olduğunu bildirib.
"Təsir rıcaqları Rusiyaya keçib"
Rus sülhməramlıları hazırda Ermənistanla Xankəndini birləşdirən Laçın koridoruna və Dağlıq Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə təhlükəsizliyə nəzarət edirlər.
Ermənistanlı politoloq Aleksandr Markarov hesab edir ki, rusiyalı sülhməramlıların mövcudluğu hərbi əməliyyatların bərpa olunmayacağının qarantiyasıdır.
"Azərbaycan isə bəyan edir ki, Rusiya sülhməramlıları Qarabağda müvvəqqətidir və 5 ildən sonra onların mandatı uzadılmaya bilər. Yəni müharibə status-kvonu dəyişib, lakin problem həll olunmayıb", - Markarov vurğulayıb.
Gürcüstanlı siyasi təhlilçi Tengiz Pxaladze rus sülhməramlılarının Qarabağda olmasını onların bu bölgəyə "qanuni şəkildə yerləşdirilməsi" adlandırır.
"İkinci Qarabağ müharibəsinədək Azərbaycan regionun ərazisində Rusiyanın hərbi mövcudiyyəti olmayan yeganə dövləti idi. İndi isə Rusiya həm Azərbaycanda, həm də Ermənistanda öz mövqelərini gücləndirib", - gürcüstanlı poltoloq hesab edir.
Azərbaycanlı politoloq Şahin Cəfərli deyir ki, bu münaqişənin mövcudluğu hər zaman Rusiyanın bu bölgədə hər iki ölkə üzərində təsir imkanlarını qorumağa imkan verir".
"Əvvəlki vəziyyətə nisbətən Rusiya daha kiçik bir ərazidə yenidən bu konflikti dondurdu və görünür, bu qeyri-müəyyənlik hələlik davam edəcək", - təhlilçi qeyd edib.
"Nə qədər ki, Azərbaycan və Ermənistan arasında bir sülh müqaviləsi yoxdur, nə qədər ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımayıb, bu konfliktin bitməsindən danışmaq mümkün deyil", - azərbaycanlı politoloq qeyd edib.
"Bu müharibədən sonra Dağlıq Qarabağ üzərində əsas təsir rıçaqları Ermənistandan Rusiyanın əlinə keçib, - Cəfərli hesab edir. - Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında əsas söz sahibi məhz Rusiya dövlətidir".
"Yəni, Azərbaycan dövləti bu problemi qəti şəkildə həll etmək istəyirsə, Rusiyayla danışmalı olacaq", - deyə politoloq əlavə edir ki, "Rusiya bu münaqişənin axıradək çözülməsində və bu münaqişəyə son nöqtə qoyulmasında maraqlı deyil.
"Nasionalnaya oborona" nəşrinə müsahibəsində İlham ƏLiyev deyib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr Qarabağ regionunda rusiyalı sülhməramlılarının mövcudluğuna görə daha fəal olub və təqribən son bir il "tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət" şəraitində keçib.
"Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitliyin mühüm amildir", - İlham Əliyev deyib.
Rusiya nəqliyyat dəhlizlərinin bərpasında, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya məsələlərində tərəflərə öz yardımını və məsləhətlərini təklif edib. Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl bildirmişdi ki, sərhəd məsələsini çözmək üçün tərəfləri xəritələrlə təmin edib. O, eyni zamanda, bölgəyə səfəri zamanı ''10 noyabr razılaşmasına əməl olunmasını" vurğulayıb və ''ərazidəki iqtisadi münasibətlərin bərpasının Cənubi Qafqazın inkişafına təkan verəcəyini" söyləyib.
Bir ildən sonra...
Azərbaycan noyabrın 8-də İkinci Qarabağ müharibəsində qalibiyyətinin ildönümünü Zəfər bayramı ilə qeyd edəcək.
Bu ərəfədə rəsmi Bakı Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bir daha bəyan edib. Bunu sentyabrın 24-də BMT Baş Assambleyası qarşısında etdiyi çıxışında Prezident Əliyev bildirib.
"Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər", - İlham Əliyev deyib.
Bundan bir neçə gün əvvəl isə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Ermənistan "müəyyən addımlar" atarsa, Türkiyə "danışıqlar aparmağa hazırdı".
Rəsmi Yerevan hesab edir ki, "iş səmərəli aparılacağı təqdirdə" Ermənistan yüksək və ali səviyyələrdə görüşlərə də hazır olacaq.







