Tokio-2020 Yay Paralimpiya Oyunları başa çatıb: 10-cu yeri tutmuş Azərbaycan 19 medal qazanıb

Bu gün Yaponiyada Tokio-2020 Yay Paralimpiya Oyunları başa çatıb.

Oyunların bağlanış mərasimi Covid pandemiyasına görə Tokio Olimpiya stadionunda tamaşaçılar olmadan keçirilib.

Azərbaycan Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində 19 medalla 10-cu yeri tutub.

Bu, Azərbaycan millisinin Paralimpiya Oyunlarında iştirak etməyə başlayandan bəri göstərdiyi ən yüksək nailiyyətdir.

Ümumilikdə 19 medal

Azərbaycan millisi Tokio-2020 Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb. Bununla da Azərbaycan millisinin medal sayı 19-a çatıb. Bu medallardan 14-si qızıl, biri gümüş, dördü bürüncdür.

Son iki qızıl medalı Azərbaycan komandasının aktivinə Lamiyə Vəliyeva və Orxan Aslanov əlavə edib. Lamiyə Vəliyeva 400 m məsafəyə qaçışda, Orxan Aslanov isə uzunluğa tullanmada rəqiblərini üstələyib.

Şənbə günü idmançıları Azərbaycan dövlət başçısı təbrik edib.

"Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!", - Prezident İlham Əliyevin tvitində deyilir.

Ötən gün Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiya Oyunlarında üçüncü qızıl medalını qazanıb. O, butterfly üsulla 100 metr məsafəyə üzmədə 57,81 saniyə göstərici ilə yarışın qalibi olub.

Azərbaycana 10-cu qızıl medalı avqustun 31-də Raman Saleh qazandırmışdı. Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, Azərbaycan heyətinin üzgüçülük idman növü üzrə təmsilçisi 100 metr sərbəst kateqoriyasında 52.69 saniyəlik nəticə göstərib.

Raman Saleh bundan öncə 100 metr arxası üstə üzmədə də qızıl medal qazanmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutub.

Çərşənbə günü Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Üzgüçü 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə qalib gəlib.

O, həmçinin Paralimpiya rekordunu qırıb, Azərbaycan Milli Paralimpiya Komitəsi bildirib.

Bununla Azərbaycan heyətinin medal sayı 16-a çatıb. Bu medallardan 11-i qızıl, biri gümüş, dördü bürüncdür.

Azərbaycana ilk gümüş medalı isə Lamiyə Vəliyeva qazandırıb.

O, 100 metr məsafəyə qaçışda ikinci yeri tutub.

Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib.

Ötən həftənin uğurları

Keçən həftə Azərbaycan yığmasının daha üç təmsilçisi Hüseyn Rəhimli, Sevda Vəliyeva və Xanım Hüseynova cüdo üzrə yarışlarda qızıl medal qazanıblar. Daha bir qızıl medalı nizəatma yarışlarında Həmid Heydərli qazanıb. O, rəqiblərini üstələyərək, yeni rekorda imza atıb.

Cümə günü Azərbaycanın paralimpiya təmsilçiləri iki idman növü üzrə üç qızıl medal qazanıblar. Para-cüdoçusu Şəhanə Hacıyeva və Vüqar Şirinli cüdo üzrə, üzgüçülük idman növü üzrə isə Raman Saleh 100 metrə arxası üstə üzmədə Azərbaycana qızıl medal qazandırıblar.

Azərbaycan komandasına digər medalı Pərvin Məmmədov qazandırıb. Pauerliftinqçi Pərvin Məmmədova 49 kq-da mübarizə aparıb və bürünc medala sahib olub.

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, Şəhanə Hacıyeva qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparıb və finalda Fransa təmsilçisi Sandrine Martinet-i məğlub edib.

21 yaşlı Şəhanə Hacıyeva Azərbaycanın qadınlardan ibarət cüdo komandasının idmançısıdır.

60 kiloqram çəki dərəcəsində yarışan Vüqar Şirinli finalda qazaxıstanlı Anuar Sarıyevi məğlub edərək qızıl medal qazanıb.

27 yaşlı Raman Saley üzgüçüluk idman növü üzrə 2016-cı il Rio de Janeyro Yay Paralimpiya Oyunlarında bürünc medalçısıdır.

Çərşənbə axşamı günü Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Pandemiyaya görə fövqəladə vəziyyət şəraitinda olan Yaponiyanın paytaxtı Tokioda çərşənbə axşamı Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

İyulda Yay Olimpiya Oyunlarının açılışında olduğu kimi, bu dəfəki mərasimdə də tribunalarda tamaşaçı olmayıb.Paralimpiya Oyunlarının açılışı ilə əlaqədar Tokio Olimpiya Stadionunun üzərində sərgilənmiş atəşfəşanlıq şəhərin bütün istiqamətlərindən görünüb.Paralimpiya Oyunlarının açılışı mərasimində milli komandalarının keçirdiyi paradda 22 idman növündə yarışacaq beş minə yaxın idmançı iştirak edib.

Tokioda keçiriləcək Paralimpiya yarışlarında Azərbaycanı 35 idmançı təmsil edir.

Azərbaycan idmançıları 6 idman növündə 46 proqramda mübarizə aparırlar, Azərbaycan Milli Paralimpiya Komitəsi açıqlayıb.

Açılış mərasimində Azərbaycan bayrağını Pekin Paralimpiya Çempionu Oloxan Musayev daşıyıb.

Azərbaycan Milli Paralimpiya Komitəsi şənbə günü verdiyi açıqlamasında Azərbaycan komandasından Paralimpiya Çempionu, paracüdoçu Ramil Qasımovun COVİD-19 testinin müsbət çıxdığı üçün xüsusi karantinə yerləşdirildiyini və yarışlardan kənarlaşdırıldığını, digər idmançıların səhhətində hər hansı problem olmadığını bildirmişdi.

Builki Paralimpiya Oyunlarında 22 idman növündə 162 ölkədən təxminən 4400 idmançı 539 medal üçün yarışacaq.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.