You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Tokio Yay Olimpiadasında Azərbaycan öz çıxışından razı qaldımı?
Tokioda Yay Olimpiya Oyunları artıq tarixə qovuşub. 44 idmançı ilə olimpiadaya qatılan, 3 gümüş və 4 bürünc medalla geri qayıdan Azərbaycanın Tokiodakı çıxışı necə qiymətləndirilir?
Bəzi idman şərçiləri hesab edirlər ki, Tokio Olimpiadası Azərbaycanın bəzi idman növlərində geriləyib, amma builki nəticələri qənaətbəxş sayanlar da var.
"Uğursuzluqdur"
"Birmənalı şəkildə uğursuzluqdur," - deyə "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli əlavə edib:
"Özünə "idman ölkəsi" deyirsənsə, 44 idmançı ilə qatıldığın Olimpiadadan 3 gümüş, 4 bürünc medalla dönməyin adı başqa nə ola bilər?! Bu il dövlət müstəqilliyinin 30 illiyini qeyd edən Azərbaycan öz idmançılarının (Hacı Əliyev, Rafael Ağayev, Rafiq Hüseynov) hesabına cəmi 3 medal qazanıb.
Qızıl medal almadığımızı nəzərə alsaq, lap əvvələ - 1996-ya döndük. Ancaq onda ölkə Qarabağ müharibəsindən yenicə çıxmışdı, idman lazımi həcmdə maliyyələşmirdi, ölkədəki indiki infrastruktur heç yarısı da yox idi".
"Qənaətbəxşdi"
İdman TV kanalının baş redaktoru Fikrət Adıgözəlov hesab edir ki, Azərbaycan idmançılarının qazandığı 3 gümüş, 4 bürünc medal "yaxşı nəticədir".
Şərhçi bunu son iki il ərzində bütün dünya idmanında baş verənlər, yarışların təxirə salınması, təlim-məşq toplanışlarının keçirilməməsi kimi amillərlə əsaslandırır və nəticəni qənaətbəxş qiymətləndirir.
"Bütün idmançılar yarışa gedir ki, orada yüksək nəticə göstərsin. Mən orda olan idmançılarımızın əksəriyyətində bu mübarizliyi gördüm. Karate, güləş, bədii gimnastika kimi idman növlərində yüksək mübarizlik hiss olunurdu, amma bu sözü cüdoçular üçün deyə bilmərəm," - Fikrət Adıgözəlov deyib.
"Cüdoçular bizi məyus etdilər"
"Cüdoçular doğrudan da bizi məyus etdilər, halbuki bizim komandaların arasında, bildiyim qədər, ən yaxşı şərait cüdoçular üçün yaradılmışdı. Amma burada bir nəticə olmadı. İlk dəfə tam heyətlə iştirak edən komanda nəticə göstərə bilmədi,"- o, əlavə edib.
Fikrət Adıgözəlov iki karateçinin finala çıxmasını, Hacı Əliyevin finalda mübarizə aparmasını vacib faktor kimi dəyərləndirib. Onun fikrincə, "idmançının mübarizliyini qiymətləndirmək lazımdır, nəticəsini yox".
İdmançılara mükafatlar verilib
Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev "Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, ikinci yeri tutan idmançıya 100 min, məşqçisinə 50 min, üçüncü yeri tutan idmançıya 50 min, məşqçisinə 25 min manat məbləğində pul mükafatı təyin edilib.
Üstəlik, Olimpiadada yer tutan idmançılar və onların məşqçiləri müxtəlif dövlət medalları ilə təltif olunublar.
Azərbaycan -67, Gürcüstan-33
İdman jurnalisti Elmir Əliyev yığmalar arasında medal birinciliyində Azərbaycanın Tokioda 67-ci yeri tutmasına diqqət çəkərək, bu göstəricinin 1996-cı ildən etibarən ən aşağı göstərici olduğunu qeyd edib: "Postsovet məkanında Azərbaycanı Rusiya, Özbəkistan, Ukrayna, Belarus, Gürcüstan, Estoniya və Latviya qabaqlayıblar".
Maliyyə imkanları Azərbaycanla müqayisədə xeyli aşağı olan Gürcüstan 2-si qızıl olmaqla 8 medal qazanaraq Azərbaycandan 34 pillə yuxarı, 33-cü yerdə qərarlaşıb.
Elmir Əliyev əlavə edib ki, Gürcüstan ardıcıl olaraq ikinci Olimpiadadır ki, komanda hesabında Azərbaycanı qabaqlayır və daha stabil nəticələr göstərir.
Əliyev qeyd edib ki, ənənəvi olaraq Azərbaycana daha çox medal qazandıran idman növlərində idmançılar bu dəfə zəif çıxış edib.
"Misal üçün, güləşçilər böhran vəziyyətində idi, Tokio Olimpiadasına yalnız 7 güləşçimiz lisenziya qazana bilmişdi, yəni bundan əvvəlki Rio Olimpiadasından düz 2 dəfə az," - şərhçi qeyd edib.
"Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığma komandası isə ilk dəfə olaraq Olimpiya Oyunlarına tam heyətlə yollanıb, lakin heç bir medal qazana bilməyib. Yalnız qadınlar arasında İrina Kindzerska fərdi yarışların son günündə Azərbaycan Cüdo komandasını tam uğursuzluqdan xilas edərək bürünc qazanıb," - Elmir Əliyev deyib.
Təsadüfi deyil ki, Tokio Olimpiadası hələ bitməmiş Cudo Federasiyası Bakıda iclas keçirərək ukraynalı Ruslan Maşurenko başda olmaqla kişi komandasının bütün məşqçi heyətini istefaya göndərib.
Taekvondoçular arasında da medal qazanan olmayıb.
Yaş amili
Elmir Əliyevin fikrincə, Tokioda çıxış edən idmançıların çoxunun yaşının 30 və yuxarı olması da təsirsiz ötüşməyib.
"20 yaşlarında olan idmançılarımız isə yox idi," - idman jurnalist qeyd edib. Onun sözlərinə görə, Tokio Olimpiadasının 1 il təxirə salınması gənc idmançılara əlavə hazırlıq imkanı verdisə də, təcrübəli, lakin yaşlı idmançıları 1 il geriyə saldı, onları daha güclü etmədi.
Jurnalistin qənaətinə görə, Tokio-2020 "uşaq və gənclər idmanının inkişafına daha çox diqqət ayırmağın" necə vacib olduğunu sübut etdi.
Elmir Əliyev komandadakı legionerlərin çoxunun da onlara bəslənən ümidləri doğrultmadığı fikrindədir. Bu xüsusda, o, ilk növbədə Rio 2016 Olimpiadasının Kuba əsilli gümüş medallı boksçu Lorenzo Sotomayoru və üzgüçülükdə sonuncu yerləri tutmuş legioner idmançıları qeyd edib.
"Əgər legionerlər son yerləri tutursa, onları dəvət etməyə dəyərmi?" - şərhçi vurğulayır.
"Yaşlı-cavan müqayisəsi yersizdir"
İdman TV-nin baş redaktoru Fikrət Adıgözəlov düşünür ki, yaşın çox olması fiziki hazırlıqda müəyyən təsir göstərir, amma texniki hazırlığa bunu aid etmək olmaz.
Onun sözlərinə görə, elə idmançılar var ki, 35, 36, hətta 40 yaşına kimi də olimpiadalarda iştirak edirlər.
O, misal kimi builki olimpiadada Britaniyanı atçılıq yarışında təmsil etmiş 66 yaşlı idmançını göstərib.
"Yaş məsələsi o qədər də önəmli rol oynamırdı, o qədər də əhəmiyyət kəsb etmirdi. Nə olsun Hacı Əliyevin yaşı 30-u, Rəfael Ağayevin yaşı 36-nı keçib. Əksinə, bu onların texniki hazırlığının ən mükəmməl dövrüdür. Burada yaşlı və cavan söhbəti yersizdir," - Fikrət Adıgözəlov deyib.
O, yaşının çoxluğuna görə tənqid edilən idmançılarla müqayisədə gənc idmançıların heç bir medal göstəricilərinin önə çıxmadığını deyib.
Legioner, yoxsa milli?
Görəsən, Azərbaycan "əsas stavkanı" legionerlərə, yoxsa yerli idmançılara etməli idi?
"Təbii ki, hər ölkənin idmanının gücü yetişdirdiyi idmançılarla ölçülür," - "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli qeyd edir.
"Azərbaycan idmanını kor-təbii şəkildə legioner oylağına çevirmək asan yola qaçmaq, primitiv qərar verməkdir. İşin faciəvi tərəfi budur ki, ölkəmizdə tarixi ənənələri olan idman növlərində belə legionerlərin xidmətinə müraciət edirik. Heç bir ölkənin olimpiya yığmasında bu qədər legioner yoxdu".
Mahir Rüstəmli qeyd edir ki, Azərbaycanın bütün idman növlərini eyni dərəcədə inkişaf etdirmək üçün "nə insan resursu, nə də infrastruktur imkanı var."
"Ölkəmizdə gözəl ənənələri olan həndbol, su polosu, otüstü hokkey, voleybol kimi idman növləri ya tam məhv edilib, ya da son nəfəsini yaşayır. Dəqiq resept vermək hər nə qədər çətin olsa da, ənənələrə söykənməklə yeniliyə can atmalıyıq," - o, vurğulayıb.
Fikrət Adıgözəlov hesab edir ki, ayrı-seçkilik eləmək düzgün deyil: "Əgər idmançı Azərbaycan vətəndaşlığını qəbul edirsə və bu ölkənin qanunları ilə yarışırsa, artıq o bizim vətəndaşımızdır. Dünya təcrübəsində belə hallar çoxdur".
Onun sözlərinə görə, milli komandalarda harda boşluqlar varsa, ora legionerlərin dəvət olunmasına pis baxmır. Əməkdar jurnalist düşünür ki, legionerlərin göstərdikləri nəticələr yerli idmançılar üçün nümunə ola bilər.
Fikrət Adıgözəlov onu da deyib ki, bölgələrdə bacarıqlı idmançılar var, "sadəcə olaraq, onları axtarıb tapmaq, məşqlərə cəlb etmək lazımdır, ancaq heyif ki, məşqçilər bu işi aparmırlar".
İdmanda "kadr axını varmı?"
Maraqlıdır ki, Tokioda bir neçə Azərbaycan əsilli idmançı digər ölkələrin bayrağı altında çıxış edib və kifayət qədər də yaxşı nəticələr göstəriblər.
Görəsən, bu, "yeni normallıq"dır, yoxsa idman sahəsində "kadr axını" probleminin mövcudluğundan xəbər verir?
Mahir Rüstəmli hesab edir ki, belə düşünməyə əsas yoxdur.
"Məsələn, Böyük Britaniyaya idman gimnastikasında bürünc medal qazandıran Cessika və Cenifer Qədirova bacıları valideynlərinin Dublinə səfəri zamanı dünyaya gəlib, Ukraynaya güləşdə "gümüş" qazandıran Pərviz Nəsibov 6 yaşından sonra ailəsi ilə Nikolayev şəhərinə köçüb".
O xatırladır ki, yalnız sprinter Ramil Quliyev bəzi səbəblər üzündən vətəni tərk edib və Mahir Sultanlı bunu sadəcə, "tale məsələsi" sayır.
Jurnalist Elmir Əliyev üçün Tokio-2020-nin yekunları Olimpiadada "Azərbaycan idmanının hazırda nə vəziyyətdə olduğunu əyani şəkildə nümayiş etdirib".
"İdmanda dünya ölkələri tərəqqi edir"
Fikrət Adıgözəlova görə, Tokio Olimpiadasında indiyə kimi görünməmiş rəqabət müşahidə edilib:
"İndiyə kimi olimpiya hərəkatında hamı tərəqqi edir, çox güclü, çox kəskin bir rəqabət yaranıb. Bu gün gözlənilməz komandalar yüksək nəticələr göstərirlər. İndiyədək 93 ölkə komandasının medal qazanması kimi hadisə olmamışdı. 206 komandadan 93 ölkə medal qazanıb və bu, rəqabətin gücləndiyini göstərir".