You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Keçmiş "rabitəçi" Vidadi Zeynalovun əmlakının bir hissəsi üzərindən həbs götürülüb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifə tutmuş Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin əmlakı üzərindən həbs götürülüb. Onların bəzisinin cəza müddəti də endirilib. Bəziləri isə məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.
Mətbuatda "Rabitə işi" kimi adlandırılan cinayət işi ilə bağlı həbs olunmuş keçmiş baş mühasib Anar Mustafayevin vəkili Gülşən Salmanova BBC Azərbaycancaya bildirib ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakları üzərindən həbs götürülüb və müsadirə dayandırılıb: "2009-cu ildən sonrakı illərdə əldə olunan əmlakların üzərinə qoyulmuş həbs isə götürülməyib", vəkil bildirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. O, 13 il azadlıqdan məhrum edilmişdi.
Bakı Apellyasiya Məhkəməsi "Bakı Telefon Rabitə" İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun da cəzasını 7 il 6 aya endirib. O, 13 il azadlıqdan məhrum edilmişdi.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev şərti vəza ilə azadlığa buraxılıb, vəkil Gülşən Salmanova deyib. Anar Mustafayev 5 illik həbs cəzası almışdı.
Vəkil bildirib ki, Anar Mustafayevlə yanaşı daha üç nəfərin cəzası şərti həbslə əvəzlənib.
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra həm MTN-nin keçmiş işçiləri, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslər həyata keçirildi.
"Rabitə işi" üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanırdılar.
İstintaq bu iş üzrə dəyən zərəri 153 milyon manat dəyərləndirmişdi.
Birinci instansiya məhkəməsində bu işə baxılarkən vurulmuş ziyandan Hüseynov 10 milyon, Zeynalov isə 3 milyon manat ödəmişdi.