Moskva Azərbaycan-Ermənistan sərhədi və Qarabağ barədə açıqlama verib, Rusiyadakı miqrantlar elektron daşıyıcılı vahid sənəd almalı olacaqlar

Mariya Zaxarova

Şəklin mənbəyi, Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Azərbaycan-Ermənistan sərhədi və Qarabağ barədə açıqlama verib, Rusiyada yaşamaq istəyən miqrantlar elektron daşıyıcılı vahid sənəd almalı olacaqlar, Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı yeni qanun layihəsində deyilir, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası ilə əlaqədar işlərin başlamasına kömək göstərməyə hazırdır.

Bunu cümə günü keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

"Biz zəruri konsultativ dəstək göstərməyə hazırıq və hazırda xarici siyasət, müdafiə və sərhəd xidmətləri xətti ilə, o cümlədən gərginliyi azaltmaq məqsədi ilə təmaslar davam edir", - TASS agentliyində Mariya Zaxarovanın sözləri iqtibas olunur.

Rusiya diplomatının dediyinə görə, iki ölkənin sərhədindəki vəziyyət "Dağlıq Qarabağ nizamlanması" ilə birbaşa bağlı deyil və "daha çox" sərhədlərin hüquqi cəhətdən formalaşmamasının nəticəsidir.

Mariya Zaxarova həmçinin tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu deyib.

Həmçinin oxuyun:

Rusiyada miqrantlar mühacirlər

Şəklin mənbəyi, Sergey Savostyanov/TASS

Rusiyadakı miqrantlar elektron daşıyıcılı vahid sənəd almalı olacaqlar

Rusiyada yaşamaq istəyən miqrantlar elektron daşıyıcılı vahid sənəd almalı olacaqlar, Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı yeni qanun layihəsində deyilir.10 illik verilməsi planlaşdırılan sənədi almaq üçün xarici vətəndaş yerli icra hakimiyyətinin ərazi üzrə orqanına ərizə ilə müraciət etməli olacaq, TASS agentliyi yazır.

Layihədə deyilir ki, sənəd üçün müraciət edənlərdən barmaq izi, fotoşəkil, narkotik maddələrdən asılılığın, HİİV və ətrafdakı insanlar üçün digər təhlükəli infeksion xəstəliklərin olmadığını göstərən tibbi sənəd icbari şəkildə tələb olunacaq.

Bundan başqa, miqrantların könüllü və ya icbari tibbi sığortası olmalı və sənəd üçün dövlət rüsumunu ödəməlidirlər.

Məlumatda qeyd olunur ki, ad, soyad, ata adı, doğum tarixi, cinsi dəyişən, vətəndaşlığını itirən xaricilər sənədi yeniləməli olacaqlar.

Miqrantın özü haqqında yalan məlumat verməsi kimi hallarda həmin şəxslərə sənəd verilməsindən imtina olunacaq, şəxs bir ildən çox Rusiya hüdudlarından kənarda qaldığı halda isə, sənəd etibarlılığını itirəcək, layihədə deyilir.

Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi müvəqqəti yaşayış icazəsindən imtina etməyi təklif edir, əvəzində üç miqrasiya rejimi təklif edilir: 90 günədək qısamüddətli səfər, 90 gündən çox müddətə daimi yaşayış icazəsi olmadan uzunmüddətli səfər, daimi müddətsiz yaşayış.