Şuşanın baş planını Britaniya şirkəti hazırlayacaq, Lukaşenko Ryanair təyyarəsinin Minksə məcburi enişini şərh etdi

Şuşanın baş planını Britaniya şirkəti hazırlayacaq

Şəklin mənbəyi, MOD.GOV.AZ

Şuşanın baş planını Britaniya şirkəti hazırlayacaq, Lukaşenko Ryanair təyyarəsinin Minskə enməsi ilə bağlı vəziyyəti şərh edib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Şuşanın baş planını Britaniya şirkəti hazırlayacaq

Şuşa şəhərinin baş planını Böyük Britaniyanın Chapman Taylor şirkəti hazırlayacaq.

Şirkət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın baş planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub.

Şirkətə bu işlə bağlı 4 milyon manata yaxın vəsait ödəniləcək.

1959-cu ildə təsis edilən Chapman Taylor-un saytında qeyd olunur ki, bu illər ərzində şirkət Asiya, Avropa və Orta Şərqdə bir sıra layihələr həyata keçirib.

Şuşanın baş planının hazırlanması layihəsi şirkətin Azərbaycanda görəcəyi yeganə iş deyil. Buna qədər Chapman Taylor Azərbaycanda müxtəlif illərdə K Residence, Port Baku Tower, Gənclik Mall, Dəniz Mall-ın planını hazırlayıb. Hər 4 layihənin sifarişçisi Paşa Construction olub, şirkətin saytında qeyd olunur.

Çərşənbə axşamı Azərbaycan parlamenti "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsini müzakirəyə çıxarıb və birinci oxunuşda qəbul edib.

Azərbaycan Prezidentinin Milli Məclisə tövsiyə etdiyi qanun layihəsində təklif edilir ki, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılsın və giriş-çıxış tənzimlənsin.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin mayında Şuşa mədəniyyət paytaxtı elan edilib.

Şəhər 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. Ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis olunub.

Lukaşenko Ryanair təyyarəsinin məcburi enişini şərh etdi

Lukaşenko

Şəklin mənbəyi, Reuters

Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə olaraq, Ryanair təyyarəsinin Minskə enməsi ilə bağlı vəziyyəti şərh edib. O, bu barədə parlament və konstitusiya komissiyası üzvləri qarşısında çıxış edərək danışıb.

Aleksandr Lukaşenkonun sözlərinə görə, Afinadan Vilnüsa yollanan təyyarənin göyərtəsində bomba olduğu barədə məlumat İsveçrədən daxil olub.

Bu xəbəri prezidentin mətbuat xidməti ilə əlaqələndirilən "Pul Pervogo" Telegram kanalı yayıb. Aleksandr Lukaşenko sərnişin təyyarəsinin MiG-29 qırıcısı vasitəsiylə enməyə məcbur olunduğu barədə xəbərlərin "tamamiylə yalan" olduğunu deyib.

"Bomba var və ya yox idi, amma mənə təyyarədə terrorçunun olduğu xəbər verilsə idi, dərhal təyyarəni endirmək əmrini verərdim", - ATN Telegram kanalında Lukaşenkonun sözləri iqtibas olunur.

Mayın 23-də Afinadan Vilnüsə uçan Ryanair təyyarəsinin Minskdə təcili enişindən sonra göyərtədə olan iki sərnişin, müxalifətyönümlü Nexta telegram kanalının həmtəsisçisi, adı Belarusdakı "terrorçular siyahısında" olan Roman Protaseviç və onun sevgilisi, Rusiya vətəndaşı Sofia Sapeqa saxlanılıb.

Ryanair şirkəti bildirir ki, təyyarəni endirmək göstərişi göyərtədə potensial təhlükə olduğunu deyən Belarus aviadispetçerlərindən daxil olub. Minsk pilotların müstəqil qərar qəbul etdiyini vurğulayır.

Belarusun Nəqliyyat Nazirliyinə əsasən, bazar ertəsi Minsk aeroportuna Həmas qrupu adından daxil olan məlumatda Ryanair təyyarəsinin göyərtəsində bomba olduğu bildirilib. Həmas bu hadisəyə aidiyyəti olmadığını bildirib.

Ryanair təyyarəsinin məcburi enişi ilə bağlı insident beynəlxalq aləmdə geniş tənqidlərə tuş gəlib. Bir sıra aviaşirkət Belarus üzərindən uçuşlardan imtina edib.