İlham Əliyev "dost ölkələrdən" olan şirkətləri Qarabağa dəvət edib

Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev bu gün BMT-nin komissiya sessiyasında xarici şirkətləri Qarabağda yenidənqurma işlərinə dəvət edib.
"Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm", - İlham Əliyev söyləyib.
Prezident bildirib ki, hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışılır.
Onun sözlərinə görə, bu dəhliz Azərbaycana "Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə" imkan verəcək.
İlham Əliyev Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edib.
BBC News Azərbaycancanın icmalındakı digər xəbərlər:

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda "immunlaşdırma həftəsi"
Bu gündən Azərbaycanda "immunlaşdırma həftəsi" keçirilir.
Bu barədə Səhiyyə Nazirliyi qərar verib.
Nazirliyin qərarına görə, "immunlaşdırılma həftəsi" aprelin 26-dan mayın 2-dək Respublikanın bütün şəhər və rayonlarında keçiriləcək.
Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, bu müddətdə hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların peyvəndlənməyə cəlb olunması, əhalinin Covid-19 barədə maarifləndirilməsi və digər məsələlər həyata keçiriləcək.
"İmmunlaşdırma həftəsi" Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən həyata keçirilir.

Şəklin mənbəyi, Sergei Bobylev/TASS
İxracatda yeni müqavilələr
Azərbaycan Ukrayna və Belarusa pomidor məhsulunun ixracı ilə bağlı 1 milyon dollarlıq müqavilə imzalayıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) açıqlayıb ki, Azərbaycanın "Agro Norm" MMC şirkəti Belarusdan olan şirkətlə 500 min ABŞ dolları, Ukraynanın supermarketlər şəbəkəsi ilə isə 600 min ABŞ dolları dəyərində pomidor məhsulunun ixracına dair müqavilə imzalayıb.
Qurum həmçinin bildirib ki, "Ulduz" Şokolad Fabriki MMC İordaniya və Səudiyyə Ərəbistandan olan şirkətlərlə bağladığı müqaviləyə əsasən, 116 min ABŞ dolları dəyərində şirniyyat məhsullarının ixracını həyata keçirib.
Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Rusiyanın Azərbaycandan ixrac edilən pomidorlara bir neçə dəfə qoyduğu sanksiyanı xatırladaraq hökumətə ənənəvi bazarlar saxlanılmaqla yeni bazarlar axtarışına çıxılmağı tapşırmışdı.
AZPROMO pomidor ixracı üçün yeni bazarlar kimi Avropa və Körfəz ölkələrini hədəflədiyini bildirmişdi.









