İlham Əliyev Rusiya sülhməramlılarının hərəkətlərinə "niyə göz yumduğunu" açıqlayıb

Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev Rusiyanın Qarabağda sülhməramlı qüvvələrinin Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatda qeyd olunan funksiyalarından kənara çıxdığını bildirib.
O, çərşənbə günü 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib ki, noyabrın 10-da imzalanmış bəyanat "gələcək fəaliyyət üçün əsas olmalıdır və qeyd edib ki, bu bəyanatdan başqa hər hansı bir digər sənəd imzalanmayıb.
"Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".
Məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələrinə veriləcək
İlham Əliyev müşavirədə Qarabağ müharibəsi və ondan sonrakı dövr üçün görüləcək işlərdən danışıb.
O söyləyib ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək, onlar üçün tikilən evlər isə şəhid ailələrinə veriləcək.
"Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır....Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin".
Prezident söyləyib ki, məcburi köçkünlər ev növbəsində uzun illər gözləsələr də, torpaqlar azad olunduğuna görə onları Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək "heç bir məntiqə sığmır".
"Ermənistan ərazisinə girmədik"
İlham Əliyev həm müharibə, həm də sonrakı dövrdən danışıb.
O deyib ki, Azərbaycan dünyaya "gücü və ədalət" göstərdi, çünki "Ermənistan ərazisinə girmədi".
"Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik".
Prezident Ermənistan xarici işlər naziri Ara Ayvazyanın yanvarın 5-də Xankəndinə səfəri barəsində deyib ki, bu addımlar davam etsə, Azərbaycanın cavabı "çox sərt" olacaq.
"Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində" - cənab Əliyev deyib.
İlham Əliyev söyləyib ki, Füzuli şəhərində tikiləcək aeroportdan başqa Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır.
Onun sözlərinə görə, Ermənistana qarşı təzminat davasına başlanması üçün dəymiş ziyan hesablanmalı, materiallar toplanmalıdır.
Müşavirədə bildirilib ki, Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlər üçün ümumilikdə 4,6 milyard manat maliyyə təminatı yaradılıb.
Bundan başqa, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 35 milyon manat vəsait ayrılıb.
"Mən bilmirdim"
İlham Əliyev müşavirədə 2020-ci ilin yekunlarına dair məsələlərə də toxunub.
O, siyasi partiyalar, korrupsiya ilə mübarizə və digər məsələlər barədə danışıb.
Prezident deyib ki, bu gün Azərbaycanda "çox ciddi və fəal siyasi dialoq gedir" və əlavə edib ki, o, bəzi siyasi partiyaların qeydiyyatdan keçmədiyindən "xəbərsiz idi".
"Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır".
O, söyləyib ki, xoşagəlməz hallar bürokratiya tərəfindən "ört-basdır edilirdi" və bəzi hallarda məlumat ona "çatdırılmırdı".
"Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir".
Cənab Əliyev deyib ki, xərclərə və xüsusilə dövlət xətti ilə alınan mallara "çox ciddi nəzarət olmalıdır".
Prezident söyləyib ki, bəzi hallarda şişirtmələr olur, dövlət təşkilatları "öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar".
"Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər".
Koronavirusla bağlı vəziyyət "tam nəzarətdədir"
İlham Əliyev söyləyib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət "tam nəzarətdədir".
O, söyləyib ki, koronavirusla mübarizə aparan həkimlərin əməkhaqları 3-5 dəfə artırılıb.
Prezidentin sözlərinə görə, koronavirusdan əziyyət çəkən insanlara və qeyri-formal çalışan və işsiz vətəndaşlara bir neçə milyard manat dəyərində sosial paket yardım kimi göstərilib.
Müşavirədə bildirilib ki, Azərbaycanda COVID-19-la mübarizəyə 644 milyon manata qədər vəsait sərf olunub. Bu il üçün isə büdcədə hələlik 261 milyon manat nəzərdə tutulub.







