İlham Əliyev “Azal-dan narazıdır”

azal

Şəklin mənbəyi, Azal.az

İlham Əliyev "Azal-dan narazıdır", Azərbaycan və Ermənistan arasında yerləşən Şurnux kəndinin sakini heyvanlarının sərhədi keçdiyini iddia edir, aprelin 1-dən etibarən Azərbaycan vətəndaşları Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə də səfər edə biləcəklər,- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Bu gün Azərbaycan Prezidentinin sərəncamı ilə AZAL-ın Müşahidə Şurası yaradılıb və quruma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sədr təyin edilib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev AZAL-ın Müşahidə Şurasının yaradılmasını dövlət başçısının bu qurumun "müəyyən siyasətindən narazı olması" ilə bağlayır.

O bildirir ki, ölkə prezidenti AZAL və digər bir sıra iri şirkətlərin daha səmərəli işləməli olduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, belə qurumlar qazanc əldə etməli və vergiləri ödəməlidirlər, amma burada problemlər yaranır.

"Böyük şirkətlər hər dəfə beynəlxalq, ya iri layihə həyata keçirəndə büdcədən pul alırdılar. Kapital qoyuluşunun qanunları var və bu öz effektivliyini göstərməlidir,"- Rüfət Quliyev deyir.

O hesab edir ki, AZAL-dan narazılığın əsas səbəblərindən biri qiymətlərin yüksək olmasıdır və bu islahatlar şirkətin qiymət siyasətinə də təsir edəcək.

AZAL-ın xidmət səviyyəsinin yüksək olduğunu vurğulayan cənab Quliyev deyir ki, pandemiya dövründə ən çox ziyan görən sahələrdən biri də turizm və aviaşirkətlərdir.

"Hazırda Azərbaycan post-pandemiya iqtisadiyyatının konturlarını cızır və arxitekturasını hazırlayır. Bu gün biz gələcəyin planını cızırıq, bunun üçün aviaşirkətin işində mükəmməl islahatlar aparmalıyıq".

AZAL-ın özəlləşdirilməsinə gəlincə, millət vəkili deyir ki, bunun hansı formada olacağına ölkə prezidenti qərar verəcək.

"AZAL-ı tam özəlləşdirilməyə aparmağa ehtiyac yoxdur. Şirkəti aeroportdan ayırmaq kifayətdir. Şirkət, xidmət bir kökə bağlananda rəqabət yaranmır,"- o əlavə edir.

Rüfət Quliyevin sözlərinə görə, AZAL ötən il yaradılmış İnvestisiya Fondunun tərkibinə verildiyindən, artıq yeni layihələr üçün büdcədən pul tələb olunmayacaq, vergilər də vaxtlı-vaxtında ödəniləcək.

Bundan bir müddət öncə ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL), "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Şurnux kəndi
Şəklin alt yazısı, Şurnux sakini 13 inəyinin Azərbaycana keçirildiyini iddia edir

Şurnux sakini 13 inəyinin Azərbaycana keçirildiyini iddia edir

Ermənistanın Azərbaycanla sərhədində yerləşən Sünik vilayətindəki Şurnux kəndinin sakini iddia edir ki, tövləsindən oğurlanan "inəklərin izi Azərbaycana aparır".

Ölkə mediası yazıb ki, bu barədə millət vəkili Naira Zohrabyan öz Facebook hesabında yazıb.

O, Qarabağda Rusiya sülhməramlı kontingentin komandiri Rüstəm Muradova müraciət edib ki, Şurnux sakini Qavruş Hakobyanın tövlədən oğurlanmış 13 inəyini qaytarmağa kömək etsinlər.

Naira Zohrabyan yazıb ki, Qavruş Hakobyan ailəsini bu inəklərlə dolandırır, "oğlu inəklərin izi ilə gedib, o tərəfdə söz veriblər ki, qaytaralar".

BBC News Azərbaycanca inəklərin Azərbaycan tərəfinə keçirilməsi iddiaları ilə bağlı nə Azərbaycanın Müdafiə Nazirliyindən, nə də Dövlət Sərhəd Xidmətlərindən şərh ala bilib.

İkinci Qarabağ müharibəsindən sonra Şurnux kəndinin bir hissəsi Sovet İttifaqı dövründə formalaşmış sərhədə əsasən, Azərbaycana qaytarılıb.

Azərbaycana səfər edən sərnişinlər

Şəklin mənbəyi, Getty Images

Azərbaycan vətəndaşları Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə də səfər edə biləcəklər

Aprelin 1-dən etibarən Azərbaycan vətəndaşları Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə də səfər edə biləcəklər.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Türkiyəyə səfər etmək üçün tələb olunan sənədlər siyahısına diplomatik, xidməti və ümumvətəndaş pasportları ilə yanaşı biometrik şəxsiyyət vəsiqəsinin də əlavə olunması barədə iki ölkə arasındakı protokol 1 aprel 2021-ci il tarixində qüvvəyə minir.

​Nazirliyin məlumatına görə, həm biometrik şəxsiyyət vəsiqəsi, həm də indiyədək qüvvədə olan digər sənədələrlə Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyədən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyəyə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburi olaraq qalır.

Nazirlik bəyan edib ki, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycandan Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcəkdir.

Azərbaycan tarixində ilk dəfə şəxsiyyət vəsiqəsi ilə ölkədən kənara səyahət etmək mümkün olacaq. İndiyə kimi Azərbaycanla qonşu olan Gürcüstan və Rusiya vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə bilirdi.

Azərbaycan XİN bəyan edib ki, Türkiyə ilə belə müqavilənin imzalanması iki ölkə arasındakı "dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin təcəssümüdür".

Azərbaycana 30 günədək səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 2019-cu ildə ləğv olunub. Türkiyə tərəfi isə Azərbaycanla viza rejimini 2007-ci ildə ləğv edib.

Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi

Şəklin mənbəyi, AFFA

Şəklin alt yazısı, Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi

Bakı Olimpiya Stadionunda Azərbaycan komandası Serbiya ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatı-2022-nin seçmə mərhələsində Serbiya komandası ilə Bakıda görüşəcək. Serbiya qrupda ən çox xala sahib olan, Azərbaycan isə ən az xalı olan komandadır.

Azərtacın məlumatına görə, Azərbaycan-Serbiya oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Seçmə mərhələnin "A" qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandaları mübarizə aparır.

"Serbiya çox çətin rəqibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Qələbə qazanmağa çalışacağıq", - Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Azərbaycan komandası A qrupundakı ikinci rəsmi oyununu Serbiya yığması ilə keçirəcək. Oyun Bakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. COVİD-19 pandemiyası səbəbindən oyun azarkeşlərin iştirakı olmadan baş tutacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazindir. Azərbaycan və Serbiya milli komandaları indiyədək beş görüş keçiriblər və oyunlarda Serbiya 14, Azərbaycan isə rəqibin qapısından 6 top keçirib.

Azərbaycan komandası seçmə mərhələdəki ilk qrup matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupda iki oyun keçirib və İrlandiyanı məğlub edib Portuqaliya ilə isə heç-heçə edib.

Serbiya A qrupunda 4 xalla liderdir Azərbaycan millisi isə 0 xalla qrupda sonuncu yerdədir.

Həmçinin bax:

Videonun alt yazısı, İran: Saxta saqqal və pariklə futbol meydanına daxil olan qızlar