İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib; Türkmənistan Xəzərdə "Dostluq" yatağına dair memorandumu təsdiqləyib

Ann Linden və İlham Əliyev

Şəklin mənbəyi, PRESIDENT.AZ

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib; Türkmənistan parlamenti Bakı ilə Aşqabad arasında Xəzər dənizində "Dostluq" yatağına dair imzalanmış memorandumu təsdiqləyib; Azərbaycanda indiyədək 453586 nəfər Covid-19-a qarşı vaksinasiya olunub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Prezident Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, prezidentin mətbuat xidməti bildirib.

Məlumata əsasən, əvvəlcə Prezident Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde-nin təkbətək görüşü olub.

Sonra görüş geniş tərkibdə davam etdirilib.

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Şəklin mənbəyi, PRESIDENT.AZ

Türkmənistan Xəzər dənizindəki "Dostluq" yatağına dair memorandumu təsdiqləyib

Türkmənistan parlamentinin binası

Şəklin mənbəyi, Getty Images/Anthony Asael/Art in All of Us

Türkmənistan parlamenti "Dostluq" yatağına dair memorandumu təsdiqləyib

Türkmənistan parlamenti Bakı ilə Aşqabad arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında hökümətlərarası Anlaşma Memorandumunu təsdiqləyib.

Türkmənistan Dövlət İnformasiya Agentliyi bu sənədin Türkmənistan Məclisində yekdikliklə bəyənildiyini və təsdiqləndiyini qeyd edib.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" yanvarın 21-də imzalanıb.

Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Azərbaycan parlamentində, Milli Məclisdə bu sənəd fevralın 23-də ratifikasiya olunub.

Azərbaycanda 453586 nəfər Covid-19-a qarşı vaksinasiya olunub

Covid-19 vaksini

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 5942 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 14-də yaydığı məlumatına əsasən, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 453586 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya çərçivəsində görülən tədbirlər Azərbaycanın bütün rayonlarında davam etdirilir, məlumatda qeyd olunub.