You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistanda Baş Qərargah rəisinin istefa böhranı, Bakıda azarkeşsiz Formula 1 yarışı
Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası haqqında fərmanı imzalamayıb, lakin Qasparyan istefa verməlidir, Bu il Bakıda keçiriləcək Formula 1 yarışlarının tamaşaçısız keçirilməsinə qərar verilib, Ermənistanın Baş naziri Nikol Paşinyan "müxalifət razılaşarsa, biz növbədənkənar seçkiyə hazırıq" deyib, o, həmçinin ölkə konstitusiyasına dəyişiklik edilməli olduğunu bildirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Prezident fərmanı yenə imzalamadı
Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın ikinci dəfə təqdim etdiyi Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında fərmanını imzalamayıb.
Qanuna görə, belə olan halda baş nazirin prezidentə təqdim etdiyi vəsatət üç gündən sonra avtomatik olaraq qüvvəyə minir və Onik Qasparyanın vəzifədən getməsi məsələsi avtomatik həll olunur.
Prezident Administrasiyası mətbuat xidmətindən alınan məlumata görə, Armen Sarkisyan "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanunda 2018-ci ildə edilən düzəlişlərin ölkə Konstitusiyasına uyğun olmasının yoxlanması üçün martın 2-də Konstitusiya Məhkəməsinə müraciət edib.
Lakin prezident Sarkisyanın müraciəti əsasında Konstitusiya Məhkəməsi baş nazirin vəsatətini deyil, baş nazirə vəsatət təqdim etmək ixtiyarı verən düzəlişlərə baxmalıdır.
Prezident Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciət etməsi Baş nazir Paşinyanın istefasını tələb edən müxalif "Vətənin xilası" hərəkatını hiddətləndirib.
Hərəkat prezident Armen Sarkisyanla təcili görüş tələb edib.
Hərəkatın Facebook səhifəsində dərc olunmuş bəyanatında prezident Sarkisyanın qərarı ilə bağlı narahatlıq ifadə olunub.
"Ölkə prezidenti tərəfindən yayılan bəyanatda Nikol Paşinyanın müvafiq qərarının Konstitusiya Məhkəməsində mübahisə edilməsi məsələsinə toxunulmur. Vətənin Xilası Hərəkatının nümayəndələri Ermənistan prezidenti ilə təcili görüş tələb edirlər,"- - müxalifətin bəyanatında deyilir.
Silahlı Qüvvələri Baş Qərargah rəisinin istefası məsələsi ilə bağlı gərginliyə Paşinyanın baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərmək qərarı səbəb olub.
Xaçatryan baş nazir Paşinyanın "İsgəndər" raket komplekslərinin səmərəliliyinə dair bəyanatını istehza ilə şərh etmişdi.
Bundan sonra Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazirin və Nazirlər Kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib.
Bunun cavabında Paşinyan Baş Qərargah rəisinin istefasına sərəncam verib, lakin Prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri, o cümlədən hərbi rəhbərliklə məsləhətləşmələrdən sonra sənədi imzalamayıb və geri qaytarıb.
Baş nazir yenidən Onik Qasparyanın istefası haqqında vəsatətini prezident Armen Sarkisyanın təsdiqinə göndərib.
Formula 1 qayıdır, amma bu dəfə azarkeşsiz
Bu il azarkeşlərin Formula 1 Azərbaycan Qran-Prisini tribunalardan izləməsinə icazə verilməyəcək, xəbəri Azərtac agentliyi yayıb.
Koronavirus pandemiyasına görə 2020-ci ildə Azərbaycanda bütün kütləvi tədbirlər, o cümlədən Formula 1 yarışları təxirə salınıb.
Agentlik "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə istinadən bildirib ki, bu qərar Azərbaycanın Formula 1 şirkəti qarşısında öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.
Xəbərdə, həmçinin "Martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağı, mayda isə tikinti prosesinin yekunlaşacağı" bildirilir.
Formula 1 Azərbaycan Qran-Prisi 4-6 iyun tarixlərində Bakı şəhər halqasında təşkil olunacaq.
Azərbaycanda Formula 1 yarışları 2016-cı ildən keçirilir.
Paşinyan "müxalifət razı olarsa, növbədənkənar seçkiyə hazır" olduqlarını bəyan edib
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Yerevanın Respublika Meydanında keçirilən mitinqdə parlament qüvvələri "razılıq verərsə, növbədənkənar seçkilərə hazır olduqlarını" açıqlayıb, "Armenpress" yazır.
Sayt, həmçinin yazır ki, Baş nazir çıxışı zamanı müxalifətin xalqın Paşinyanın istefasını tələb etdiyini küçələrdə göstərmək üçün "əlindən gələni etdiyini" deyib. ''Bunu edə bilmədilər və mən onlara bir daha şans verirəm, onlara meydan oxuyuram, gəlin başqa bir seçki keçirək və xalqın kimin istefasını tələb edəcəyini görək," - Nikol Paşinyan deyib.
Ermənistan Baş naziri mitinq zamanı, həmçinin bildirib ki, konstitusiyaya dəyişiklik təşəbbüsünü irəli sürəcək.
O, fikrini ölkə konstitusiyasıının "çoxsaylı böhran riski yaratması" ilə əsaslandırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, 2015-ci ildə qəbul edilmiş və 2018-ci ildə tam qüvvəyə minmiş Konstitusiyada bu dövrdə bir çox çatışmazlıq var.
"Düşünürəm ki, bu ilin oktyabrında ümumxalq referendumu ilə yeni bir Konstitusiya və ya Konstitusiya düzəlişlərini qəbul etmək üçün səy göstərməli olduğumuzu qeyd etmə vaxtı gəldi və yarı prezident sisteminə keçid mümkün variantlardan biri olmalıdır. Bu proseduru Milli Məclis, Hökümət, Prezident, siyasi qüvvələr və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda həyata keçirməliyik,"- Paşinyan deyib.
Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Yerli media yazır ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
"İndiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda, əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb", - xəbərdə deyilir.