Ermənistanda minlərlə etirazçı Nikol Paşinyana qarşı mitinqlərə qatılıb

Video açılmırsa YouTube-dan izləyin.

Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı müxalifət mitinqində bir neçə min nəfər iştirak edir.

Ermənistan hökümətinə qarşı mitinqlər ötən ilin noyabrında ölkənin Azərbaycanla müharibədə məğlub olmasından sonra başlayıb və bu günə kimi davam edir.

Müxalifət Baş nazir Nikol Paşinyanı təslim olmaqda və ölkəni idarə edə bilməməkdə ittiham edir və onun istefasını tələb edir.

Mitinqi 17 siyasi partiyanın təmsil olunduğu "Vətənin Xilası Hərəkatı" təşkil edib.

Hərəkatda cəmləşən qüvvələr Paşinyanın dərhal istefaya çıxmasını tələb edir, həmçinin Baş nazirin istefası tələbilə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargahına tam dəstəyini bildirir.

Mitinqin əsas şüarları: " Nikolsuz Ermənistan", "Nikol - satqın" və "Millət, ordu, qələbə"dir.

Ötən həftə ordunun Baş Qərargahı baş naziri istefaya çağırdıqdan sonra hakimiyyət ordunu çevrilişə cəhddə günahlandırıb.

Prezident Armen Sarkisyanın Baş nazirin verdiyi Baş Qərargah rəisinin işdən azad olunması qərarını təsdiqləməməsi ölkədə siyasi böhranı dərinləşdirib.

Ermənistan Milli Təhlükəsizlik Şurası Ermənistan Prezidentini Baş qərargah rəisinin istefası haqqında fərmanı imzalamağa çağırıb.

Ermənistan Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq, ordunu "siyasi proseslərə cəlb etmək" cəhdlərini pisləyib və Prezident Armen Sarkisyanı Baş nazir Paşinyanın Baş qərargah rəisi Onik Qasparyanın istefası haqqında fərmanını imzalamağa çağırıb.

Bu gün səhər saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Ermənistan hökuməti elan edib ki, Təhlükəsizlik Şurasında "daxili və xarici təhlükəsizlik gündəliyi, təhdidlər və onların aradan qaldırılması yollarına aid məsələlər müzakirə olunub".

İclasda Təhlükəsizlik Şurasının üzvləri olan Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyan və Ermənistan Prezidenti Armen Sarkisyan iştirak etməyiblər.

Prezident administrasiyası mətbuat xidmətinin məlumatına görə, Prezident Sarkisyan səhhəti səbəbindən iclasda iştirak edə bilməyib.

Baş qərargah rəisinə gəlincə, Təhlükəsizlik Şurasının protokoluna əsasən, Onik Qasparyana iclasa dəvət göndərilib, lakin hazırda onun istefası ətrafında yaranmış vəziyyətlə bağlı, o, iclasa gəlməyib, yerli mətbuat belə ehtimal edir.

Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Konstitusiyaya görə, Silahlı Qüvvələr siyasi proseslərə cəlb oluna bilməz və vətəndaş nəzarəti altında olmalıdır.

Ermənistanda Nikol Paşinyana və onun hökümətinə qarşı etirazlar 10 noyabrda Rusiyanın vasitəçiliyiylə Azərbaycanla imzaladığı atəşkəs razılaşmasından sonra başlayıb.

Razılaşmaya əsasən Qarabağda gedən müharibə dayanıb və Ağdam, Kəlbəcər rayonları və Laçın rayonunun əksər yerləri döyüşsüz Azərbaycana qaytarılıb.