"Hər cür tapşırığı yerdə, göydə, dənizdə, qışda, yayda, dağda-düzənlikdə yerinə yetirə bilərlər" - Türkiyə naziri hərbçilər barədə

Türkiyə Milli Müdafiə Nazirliyi, "Qış təlimi-2021" Azərbaycan Hulusi Akar Zakir Həsənov

Şəklin mənbəyi, Türkiyə Milli Müdafiə Nazirliyi

Qarsda keçirilən Türkiyə Azərbaycan təlimlərində Müşahidəçilər günü keçirilir, Ermənistan Ombudsmanı sərhədyanı ərazilərdə Azərbaycan hərbçiləri, bayrağı və lövhələrinin "tamamilə istisna edilməli" olduğunu yazıb, Ermənistanda əsir və itkinlərin qohumları etiraz edib, Türkiyə Prezidenti Türkiyə və Azərbaycan arasında mədəniyyət mərkəzlərinin yaradılmasıyla bağlı saziş təsdiqlənib, Ermənistan XİN Türkiyənin bu ölkəni "blokadada saxlamaq üçün artıq səbəbinin olmadığını" açıqlayıb, Azərbaycanın Müdafiə naziri Türkiyəyə gedib, ABŞ Türkiyəni bir daha Rusiyanın S-400 hava müdafiə sistemlərindən imtina etməyə çağırıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Bu gün Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi "Qış təlimi-2021" adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar "Türkiyə və Azərbaycan Silahlı Silahlı Qüvvələri təchizatı və şəxsi heyəti veriləcək hər cür tapşırığı yerdə, göydə, dənizdə, qışda, yayda, dağda-düzənlikdə yerinə yetirə biləcək gücdə olduğunu göstərib" deyib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akarın təlimləri izlədiyi bildirilir.

Zakir Həsənov bu gün "Qış təlimi-2021"-in yekun mərhələsini izləmək üçün Qarsa gedib.

Ermənistan Ombudsmanı sərhəddə Azərbaycan hərbçiləri, bayraq və lövhələrinin görünməsindən şikayət edir

Arman Tatoyan Ermənistan Ombudsmanı

Şəklin mənbəyi, Arman Tatoyan/Facebook

Ermənistan Ombudsmanı Arman Tatoyan Ermənistanın cənubunda sərhədyanı erməni yaşayış məntəqələrini birləşdirən yollarda Azərbaycan hərbçilərinin, bayraqlarının və lövhələrin "yerləşdirilməməli olduğunu" bildirib.

Arman Tatoyan bu barədə özünün rəsmi Facebook hesabında yayımladığı açıqlamada yazıb ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu kimi ərazilərdəki hər hansı bir hərəkəti də "istisna edilməlidir".

"Azərbaycan hərbçiləri Ermənistan və Dağlıq Qarabağın mülki şəxslərinin və hərbi qulluqçularının hüquqlarının kobud şəkildə pozulması, etnik təmizləmə, yaşayış məntəqələrinin dağıdılması, armenofobiya və ksenofobiya institusional siyasəti, işgəncə, qeyri-insani rəftar, məhkumların qanunsuz tutulması və müharibəni davam etdirmək üçün davamlı təhdidlər, habelə yeni sərhədlərin mexaniki "müəyyənləşdirilməsi" nəticəsində bu ərazilərdə yerləşdirilib," - Tatoyan yazıb.

Azərbaycan oxşar ittihamları dəfələrlə rədd edib və elan edib ki, Ermənistanın 27 illik işğalından sonra əks-hücum əməliyyatı nəticəsində Qarabağın və ətraf rayonların bir hissəsi geri qaytarılıb. Hazırda həmin ərazilərdə siyasi razılaşmaya görə, Azərbaycan və Ermənistan sovet dövründə mövcud olmuş dövlət sərhədlərinin bərpası işləri gedir.

Hüquq müdafiəçisi Arman Tatoyan yazısında Azərbaycan hərbçilərinin Ermənistanın yaşayış məntəqələri yaxınlığında olması bu yaşayış məntəqələri sakinlərinin hüquqlarının "kobud şəkildə pozulması, həyatlarını və təhlükəsizliyini təhlükəyə atmasıdır," - deyə qeyd edib.

Azərbaycan hökuməti bu iddialara hələlik reaksiya verməyib, amma əvvəllər dəfələrlə bildirib ki, Qarabağın Azərbaycan ərazisidir və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınır və beynəlxalq qanunlar tərəfindən dəstəklənir.

Ermənistanda əsir və itkinlərin qohumlarının etirazı olub

azatutyun.am Ermənistan yol etiraz protest,

Şəklin mənbəyi, azatutyun.am

Ermənistanda İkinci Qarabağ Müharibəsi nəticəsində əsir və itkin düşmüş döyüşçülərin qohumları çərşənbə günü saat 13:00-dan Gümri-Yerevan və Gümri-Armavir yollarının müxtəlif hissələrini bağlayıb.

Ermənistan mediası yazır ki, nəqliyyatın hərəkətini dyandırmaqla Ermənistanın Şirak vilayətinin sakinləri hakimiyyəti əsir və itkinlərin müəyyən edilib qaytarılması üçün daha fəal olmağa çağırırlar.

Etiraz edənlər bundan bir gün əvvəl Azərbaycandan Ermənistana qaytarılan əsirlərin arasında öz övladları və qohumlarının olacağını gözləyirdilər.

Fevralın 10-da Rusiya sülhməramlıların vasitəçiliyi ilə Ermənistandan Azərbaycana 1, Azərbaycandan Ermənistana 5 əsir qaytarılıb.

Əsir qohumları jurnalistlərlə danışmaq istəmir və aksiyanı videoya çəkməyə icazə vermirlər. Qorxurlar ki, bununla əsirlikdə olan yaxınlarına zərər vurarlar.

2020-ci il noyabrın 9-da Ermənistan Baş naziri ilə Rusiya və Azərbaycan Prezidentləri arasında atəşkəs haqqında bəyanat imzalandıqdan sonra Hadrut rayonunun Çaylaqqala kəndi bölgəsində Ermənistanın Şirak rayonundan 62 erməni (ehtiyatda olan) hərbçi əsir alınıb. Onlardan hələ ki 7 nəfəri Ermənistana qaytarılıb.

Fevralın 10-da bu məsələ ilə bağlı Ermənistan Milli Məclisində millət vəkillərinin suallarına cavab verərkən Ermənistan Baş naziri Nikol Paşinyan bu problemin hakimiyyəti də narahat etdiyi və bununla mütəmadi məşğul olduqlarını açıqlayıb.

"Biz bir an da bu problemi unutmuruq. Bununla bağlı heç bir aksiyaya ehtiyac yoxdur. Bu məsələdə "zərər vurmamaq" prinsipinə əməl etmək lazımdır," - Nikol Paşinyan deyib.

Türkiyə və Azərbaycan arasında yaradılacaq mədəniyyət mərkəzləri

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, EPA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hökuməti ilə Türkiyə arasında "Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş"i təsdiq edib.

Bu barədə Türkiyənin "Resmi Gazete"sində məlumat verilib.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş" 2018-ci ilin 25 aprel tarixində Ankarada imzalanıb.

"Dünya birliyinin təzyiqi altında Türkiyə gec-tez sərhədi açmalı olacaq"

Ara Ayvazyan Ermənistan Türkiyə blokada

Şəklin mənbəyi, Getty Images

Türkiyənin Ermənistanı blokadada saxlamaq üçün artıq səbəbi yoxdur, Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan parlamentinin iclasında millət vəkillərinin suallarını cavablandırarkən belə deyib, Ermənistanın News.am saytı yazıb.

Sayt yazır ki, Ara Ayvazyan fevralın 10-da etdiyi çıxışında Türkiyənin uzun illərdir Ermənistanla sərhədlərini bağlı saxladığını və Qarabağdakı status-kvonun dəyişdirilməsini tələb etdiyini xatırladıb.

"Bu status-kvo indi dəyişib və zorla dəyişdirilib. Dünya birliyinin təzyiqi altında Türkiyə gec-tez sərhədi açmalı olacaq. Eyni zamanda, sərhədlərin açılmasının həm imkanları, həm də riskləri ehtiva etdiyini başa düşürük. Bundan irəli gələrək, Ermənistan və onun səlahiyyətliləri təhlükəsizlik səviyyəsini yaxşılaşdırmaq üçün hər şeyi edəcəklər," Ara Ayvazyan vurğulayıb.

Ermənistanlı nazir hesab edir ki, Türkiyənin Cənubi Qafqazdakı mövcud hərbi-siyasi fəallığı Ermənistan üçün yeni problemlər yaradır.

Bu çərçivədə nazir xüsusilə Türkiyə və Azərbaycanın Qarsdakı birgə təlimlərini vurğulayıb.

"Erməni cəmiyyəti və diplomatiyası hər cür ssenari və problemə hazır olmalıdır," Ara Ayvazyan bəyan edib.

Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Qarabağın işğalından sonra bağlayıb.

Ötən ilin dekabrında Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından (noyabrın 10-da) bir ay sonra Türkiyə Prezidenti Recep Tayyip Erdoğandan 27 ildir bağlı olan sərhədləri açmaq barədə ilk pozitiv mesaj gəlib.

"Əgər Ermənistan bu müddətdə müsbət istiqamətdə inkişaf edəcəksə, biz də Ermənistana qapılarımızı açarıq, ... Türkiyə-Ermənistan münasibətlərində də yeni bir səhifə açıla bilər".

Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedib

Zakir Həsənov Azərbaycan Müdafiə

Şəklin mənbəyi, AZƏRTAC

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov cümə axşamı günü "Qış təlimi-2021"-in yekun mərhələsini izləmək üçün Türkiyəyə səfərə gedib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə bu ölkəyə yola düşüb.

Azərbaycanla Türkiyə həbçilərinin Karsda keçirilən "Qış təlimi-2021"də ümumilikdə 1268 nəfərlik heyət iştirak edir, burada 190 fərqli nəqliyyat vasitəsi və 218 müxtəlif ölçülü müxtəlif çaplı silahdan istifadə olunur.

"Qış təlimi-2021" bu ilin fevralın 1-də başlayıb, 12-də başa çatacağı bildirilir.

"Qış təlimi-2021"də ümumilikdə 1268 nəfərlik heyət iştirak edir, burada 190 fərqli nəqliyyat vasitəsi və 218 müxtəlif ölçülü müxtəlif çaplı silahdan istifadə olunur.

Şəklin mənbəyi, Anadolu Ajansı

ABŞ-ın Türkiyəyə bir daha S-400-dən imtina etmə çağırışı

Türkiyə Müdafiə Nazirliyi S-400 Zenit raketləri Rusiya NATO Amerika ABŞ

Şəklin mənbəyi, Türkiyə Müdafiə Nazirliyi

ABŞ hökuməti Türkiyəni bir daha Rusiyanın S-400 hava müdafiə sistemlərindən imtina etməyə çağırıb. Bu barədə RİA Novosti agentliyi ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın çıxışına istinadən yazıb.

Xəbərdə bildirilir ki, Ned Prays çıxışı zamanı "Ankaranın S-400-ü əldə etməsinə dair ABŞ-ın mövqeyinin dəyişmədiyini, bunun Türkiyənin NATO qarşısında öhdəliklərinə zidd olduğunu" deyib.

Praysın dediyinə görə, ABŞ Dövlət Katibi Tony Blinken və türkiyəli həmkarı bu və digər məsələləri yaxın gələcəkdə müzakirə edəcəklər.

"Türkiyə uzun müddətdir müttəfiqimizdir, bizi ümumi maraqlar birləşdirir," - o vurğulayıb.

Çərşənbə günü Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi RİA Novosti-yə Ankaranın Vaşinqtonun Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərindən imtina etmək tələblərinə tabe olmaq niyyətində olmadığını söyləyib.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan son Rusiya S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu il iyulun ortalarında başlayıb.

"Vaşinqton son F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salacağını və ya hətta ləğv edəcəyini, CAATSA (Sanksiyalar vasitəsilə Amerika Opponentlərinə Qarşı Mübarizə Qaydaları) qanununa uyğun olaraq sanksiya tətbiq etməsi ilə hədələyərək müqavilədən imtina etməsini və qarşılığında Amerikan Patriot sistemlərini almasını tələb edibç" RİA Novosti yazır.

Bildirilir ki, Ankara güzəştə getməkdən imtina edib və əlavə S-400 partiyası ilə bağlı danışıqları davam etdirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə əlaqədar ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar bir daha Vaşinqtonun ədalətli rəqabət apara bilməməsini göstərib.

Yanvarın 11-də Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayil Dəmir bildirib ki, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərinin ikinci dəstini almaqda heç bir risk görmür, lakin ortaq istehsal və texnologiya transferi vacibdir.

Türkiyənin müdafiə naziri Hulusi Akar bu həftə verdiyi müsahibədə Vaşinqton və Ankara arasında həll yollarının tapılması üçün müzakirələrdən bəhs etmişdi.

O demişdi ki, Türkiyə Rusiyanın S-400 raketlərini tamamilə yerləşdirməyə də bilər.

Türkiyə bu ilin oktyabr ayında S-400 raketlərini sınaqdan keçirdi, lakin aktivləşdirmədi.

BBC-nin Türkcə Xidməti Bloomberg-ə istinadən yazıb ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın ötən ay verdiyi açıqlamasında "Hazırda S-400-də birinci partiyanı həll etmişik, ikinci paket görüşümüzə əsasən davam edir".

Rusiya ilə ay sonunda görüşün olacağını bildirən Türkiyə Prezidenti "bununla birlikdə bir çox mövzunun müzakirə ediləcəyini" də açıqlamışdı.

Xəbərdə həmçinin Ərdoğanın görüşünün təxirə salınıb-salınmadığı hələlik məlum olmadığı deyilir.