İLGA-Europe Azərbaycanda LGBTİ insan hüquqları ilə bağlı illik hesabatını açıqlayıb

https://rainbow-europe.org/

Şəklin mənbəyi, rainbow-europe.org

İLGA-Europe qeyri-hökümət təşkilatı Azərbaycanda LGBTI-lərin insan hüquqları ilə bağlı illik hesabatını hazırlayıb; Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub; Sabahdan Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsinə başlanılır, TƏBİB Covid-19 vaksinin əhali arasında yayılan "mümkün əlavə təsirlərindən" danışıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

İLGA-Europe təşkilatının hesabatında nədən danışılır?

Avropada və Orta Asiyada 54 ölkədən olan 600-dən çox təşkilatı birləşdirən ILGA-Europe təşkilatı lesbian, gey, biseksual, trans və interseks şəxslərin insan hüquqları ilə bağlı vəziyyətə dair illik hesabatını hazırlayıb. Hesabatda Azərbaycana da yer ayrılıb.

Hesabatda deyilir ki, gənc bir gey cütlük Valentin günündə özləri üçün bir paylaşım etdiklərindən sonra çoxsaylı ölüm hədələrinə məruz qalıblar:

"Bəziləri onları öldürənə pul mükafatı təklif ediblər. Cütlük polisə müraciət edib, lakin polis onlara kömək etməkdənvə ya istintaqa başlamaqdan imtina edib. Nəticədə cütlük gizlənməyə və yaşadıqları şəhərdən köçməli olub."

Sənəddə 2020-ci il boyu baş vermiş müxtəlif hadisələrə nəzər yetirilib. Qeyd edilib ki, 8 Mart Qadınlar Günü münasibətilə keçirilən yürüşdən sonra "nifrət dolu çıxışlar baş alıb gedib".

"Onlarla ədavət ruhlu məqalələr yazılıb, yürüş "milli və dini dəyərlərə və ailə institutlarına hücum" adlandırılıb; "feminizm adı altında fahişəlik və LGBT hüquqlarının təbliğatı"; iştirakçılar Bakı küçələrində "əxlaqsız QİÇS virusları" adlandırılıb."

May ayında Azərbaycan müxalifətinin, Demokratik Qüvvələrin Milli Şura (DQMŞ) üzvlərinin iclasında edilən homofob ruhlu bəyanatlar onlayn məkana sızıb.

"Nəfəs" LGBT Azərbaycan Alyansı, Azlıq Azərbaycan və AZAD LGBT Kollektivi ölkənin siyasi rəhbərliyinin nifrət ritorikasını qınayan birgə bəyanat yayıblar.

Hesabatda İkinci Qarabağ müharibəsi zamanı bir gey fəalın həlak olması və bir rəsmi tərəfindən onun ünvanına deyilmiş sözlər tənqidlərə səbəb olması barədə məlumatlar da yer alıb. Hərçənd ki, sonradan fəalın qardaşı çəkdiyi videosunda qardaşını "gey olmadığını" deyib, sənəd müəllifləri qeyd ediblər.

LGBT icmasına qarşı nifrət cinayətləri ciddi məsələ olaraq bu il davam edib, araşdırmaçılar qeyd edib.

May ayında Bakıda iki gey kişi hücuma məruz qaldığı və polisin bununla araşdırma aparmadığı bildirilib. Həmçinin deyilib ki, iyul ayında polis bir qrup trans şəxsin narkotikdən istifadəni təbliğ etdiklərini iddia edərək onları nəzarətə götürüb və onların ifadələri bir dövlət mediası tərəfindən paylaşılıb.

Hesabatda həmçinin "mart ayında Bakı Baş Polis İdarəsinin Sabunçuda bir sıra seks işçisi və "cinsi azlıqları" saxladığını və sonuncuları tibbi müayinədən keçirdikləri" bildirilib.

Daxili İşlər Nazirliyindən bununla bağlı şərh almaq mümkün olmayıb.

18 iyun tarixində trans qadın və seks işçisi Aysu Məmmədli Bakıda müştərisi olduğu iddia edilən şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Hesabata görə, bir gün sonra başqa bir trans qadın Bakıda bıçaqlanıb, lakin qaça bilib. Başqa bir nəfərin isə ailəsi tərəfindən şiddət gördüyü yazılıb.

30 iyul tarixində çoxsaylı bıçaq xəsarətləri alan trans qadına müvafiq tibbi yardım göstərilməsindən imtina edildiyi və onun qanaxmaya baxmayaraq xəstəxananı tərk etməyə məcbur olduğu qeyd olunub.

"Oktyabr ayında 21 yaşlı bir trans şəxs vərəm, Hepatit C və əlaqəli xəstəliklərinin müalicə olunmaması səbəbindən vəfat edib. Ayan gənc yaşlarından ailəsi tərəfindən rədd edilib və 13 yaşından seks işçisi kimi işləyib. O, gender mənsubluğuna görə dəfələrlə səbəbsiz həbslərə və diskriminasiyaya məruz qalıb", sənəddə açıqlanıb.

COVID-19 böhranı səbəbindən sərt karantin məhdudiyyətləri LGBTIQ+ insanları, xüsusən də bir neçə ay ərzində gəlirsiz qalmış trans seks işçilərinə "dramatik tərzdə" təsir göstərib. Çoxları kirayə haqqını ödəyə bilməyib yaşadıqları evləri tərk etməli olublar.

Təşkilat bildirib ki, 18 sentyabrda bir trans qadın gender mənsubiyyəti səbəbindən evdən çıxarılmaqla təhdid olunub. Bu məsələ Ombudsman ofisinə məruzə olunub.

Bəzi təhsil ocaqlarında ənənəvi tədris qismən bərpa olunub

bu gün təhsil Azərbaycan

Şəklin mənbəyi, Azərtag

Bu gündən etibarən ali, orta ixtisas və peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub, Təhsil Nazirliyi açıqlayıb.

Qurum bildirib ki, sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

Digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.

peyvənd, koronavirus, vaksin

Şəklin mənbəyi, MARTIN BERNETTI/AFP/Getty Images

50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsi

Sabahdan Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsinə başlanılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

Məlumatda deyilir ki, bu yaş qrupuna aid şəsxlər randevu.its.gov.az saytına daxil olaraq, vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

BBC News Azərbaycancanın vaksinasiya üçün qeydiyyat qaydaları və yarana biləcək çətinliklərin həlli haqqında hazırladığı materialı bu keçiddən oxuya bilərsiniz.

vaksin, peyvənd, koronavirus, Azərbaycan, təbib, covid-19

Şəklin mənbəyi, Roberto Silvino/NurPhoto/Getty Images

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vurulan vaksinin mümkün əlavə təsirləri barədə açıqlama verib.

Qurum bildirib ki, əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər "əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir".

TƏBİB vaksinin kimlərə vurulmasının tövsiyə edilmədiyini də vurğulayıb:

"Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir", - qurumun məlumatında deyilir.

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb.