Pomidor ixracı: Azərbaycan “Rusiyadan imtina etmir”, Avropa və Körfəz ölkələrini hədəfləyir

Pomidor seçən qadın

Şəklin mənbəyi, AFP/Getty Images

Azərbaycan pomidor ixracı üçün yeni bazarlar kimi Avropa və Körfəz ölkələrini hədəfləyir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bildirir.

Azərbaycanın təşəbbüsü Rusiyanın pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda yer alır.

AZPROMO Avropa və Körfəz ölkələrini hədəfləsə də, Rusiya bazarından imtina etmək fikrində olmadığını vurğulayır.

"Bu bazardan tamamilə imtina edib, digər bazarlara yönəlmək istəmirik. Sadəcə pomidor ixracını diversifikasiya etmək istəyirik," - AZPROMO-nun sədri vəzifəsini icra edən Yusif Abdullayevin sözləri Report agentliyi iqtibas olunur.

Rusiyanın Rosselxoznadzor qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.

Ondan bəri müəyyən istehsalçıların bazara girişi bərpa olunsa da, məhdudiyyətlər qüvvədə qalır.

Bu ilk dəfə də deyil ki, Rusiya Azərbaycandan idxala məhdudiyyətlər tətbiq edir. Moskva bunu təkzib etsə, onun tənqidçiləri bu sahədə qəbul edilən bəzi qərarların siyasi motivli olduğunu hesab edir.

Bəs, belə təhlükə artıq bir müddətdir ki, mövcud olubsa, Azərbaycan Rusiyadan başqa bazarlara çıxışı axtarmağa məhz niyə indi başlayıb? İqtisadçı Natiq Cəfərli hesab edir ki, fəallığın məhz indi artmasının bir neçə səbəbi ola bilər.

Buraya suvarma sahələrin genişlənməsi və işğaldan azad olunmuş torpaqlarda məhsul istehsalının artırılması ilə bağlı planları aid etmək olar.

"Gələcəkdə məhsul istehsalının həcmi artdıqca, bazarlara çıxış imkanları da çox çeşidli hala gəlməlidir".

Natiq Cəfərli

Şəklin mənbəyi, Facebook

Şəklin alt yazısı, Natiq Cəfərli

Hazırda Rusiya bazarından asılılıq yüksəkdir və pomidor bazarının 90 faizdən çoxu bu ölkənin payına düşür.

Natiq Cəfərli hesab edir ki, buna görə, hələ sovet vaxtlarından miras qalan "inersiya" var və istehsalçılar bir çox halda, qablaşdırma kimi sahələrə aid müasir standartlara fikir vermirlər.

"Azərbaycan pomidorunu Rusiyaya satarkən adi yeşiklərə, qəzetə bükülmüş şəkildə göndərirdilər. Yəni bu gündə elə gedir. Bu standartlara uyğun deyil, nə daşınma nə də keyfiyyət standartlarına."

Bu arada, Azərbaycan öz istehsalçılarının xarici bazarlara çıxışı üçün işin aparıldığını bildirir.

AZPROMO hazırda Körfəz ölkələrinə ixrac üçün sahibkarların "Qlobal GAP" (Keyfiyyət və sertifikatlaşdırma sistemi - red.) sertifikatı əldə etməsi üçün işlərin aparıldığını bildirir.

Lakin pomidor kimi, məhsulların yeni bazarlara yol tapması üçün sertifikatlaşdırma uzun proses ola bilər, Natiq Cəfərli deyir. Onun sözlərinə görə,Ümumdünya Ticarət Təşkilatına üzvlük və Avropa İttifaqı ilə müvafiq müqavilə sayəsində keyfiyyət, qablaşdırma və saxlanma şəraiti kimi göstəriciləri nəzərə alan beynəlxalq sertifikatın alınması asanlaşa bilərdi.

"Bu müqavilələr olsa sertifikatları daha asan əldə etmək olardı. Yaxın zamanda bu müqavilələr imzalanmasa, Azərbaycan daha çətin vəziyyətdə qalacaq, - Natiq Cəfərli deyir. - Beynəlxalq qurumlarda iştirakımızın olmamağı bizim beynəlxalq sertifikatlaşdırılmamızı çətinləşdirir."

Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş üzrə danışıqlar prosesi 2017-ci ildə başlayıb. ÜTT-yə üzvlüklə bağlı danışıqlar isə 2004-cü ildən aparılır.

Hazırda AZPOMO Avropa və Körfəz ölkələrinə 50 milyon dollar dəyərində ixracı hədəfləyir ki, bu da Rusiyaya pomidor ixracının təqribən dörddə birini təşkil edir.

"Məqsədimiz 5 il ərzində bu göstəriciyə çatmaqdır," - Yusif Abdullayev deyib.

Ötən ilin dekabr ayında Rusiya tərəfindən pomidor və almaya qarşı tətbiq olunan qadağadan sonra, Azərbaycan Prezidenti kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar axtarılmalı olduğunu deyib.

"Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq," - İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bəyan edib.

Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır - Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbaycandan gəlir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-da izləyin.