Quba sakinləri: "güclü sel evləri su ilə doldurub, bostan təsərrüfatı yararsız hala düşüb"

Şəklin mənbəyi, AZERTAG
Bazar ertəsi və çərşənbə axşamı günü yağan güclü yağış nəticəsində Qudyalçay, Qaraçay, Ağçay, Vəlvələçay və Cağacıq çaylarında yaranan sel Quba rayonunda bir neçə kənddə evlərə və kənd təsərrüfatına ziyan vurub.
BBC News Azərbaycancaya danışan Qubanın kənd sakinləri deyirlər ki, "güclü sel evləri su ilə doldurub, bostan təsərrüfatı yararsız hala düşüb".
Quba rayonu Bostankeş kənd sakini Mehman Lalayev deyib ki, iki gün ardıcıl gələn sel onun evini su və palçıqla doldurub.
"Evim daha yaşamaq üçün yaramır. Arılarımdan salamat heç nə qalmayıb. 40-a yaxın arı yeşiyim vardı, onları sel aparıb bir-iki yeşik yumalanıb kənarda qalıb. Bu kənddə ən çox ziyan mənim evimə dəyib", - Mehman Lalayev deyib.
O deyib ki, Bostankeş kəndində daha beş-altı evə ziyan dəyib.
Onun sözlərinə görə, İcra Hakimiyyətinin nümayəndəsi gəlib, vəziyyəti aktlaşdırıb və aktda ev tam yararsızdır yazılıb.
"FHN-də zəng etdik, onlar da dedilər icra nümayəndəsinə müraciət edin. Başqa bir qurumdan gəlib maraqlanan olmayıb", - kənd sakini deyib.
Quba Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya bildirilib ki, "fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib".

Şəklin mənbəyi, Balaqardaş Mikayılov
Xaltan kənd sakini Balaqardaş Mikayılov deyib ki, "sel yuxarı hissədən gəlib və güclü olub".
"Qaraqum deyilən yerdən sel körpümüzü aparıb. Xaltanda 12-13 evi su basıb. Ən çox bostanımızı dağıdıb. Paxla, kartof əkmişdik, sel hamısını məhv edib", - Balaqardaş Mikayılov deyib.
Quba İcra Hakimiyyətinin şöbə müdirinin məlumatına görə, sel suları Buduq, Dalıqaya, Söhüb, Bostankeş, Qalaxudat, Xaltan, Yerfi, Xanəgah və başqa kəndlərdə yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna "ciddi ziyan vurub".
O deyib ki, evlərə ciddi ziyan dəyməyib.
Azərtacın məlumata görə, Xanəgah kəndində Cağacıq çayı üzərindəki yeni avtomobil körpüsü selin təsirindən yararsız vəziyyətə düşüb.
"Qaraçay üzərində Birinci və İkinci Nügədi kəndləri arasındakı körpüdə də qəzalı vəziyyət yaranıb. Sel bəzi kəndlərdə iribuynuzlu heyvanları, arı yeşiklərini, ot tayalarını aparıb, istirahət mərkəzlərinin ərazilərini su basıb", məlumatda deyilir.
Quba Rayon İcra Hakimiyyəti başçının birinci müavini Allahverdi Xudaverdiyev BBC News Azərbaycancaya deyib ki, "fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib".
"Ümumilikdə, ziyan çox ciddi deyil. Fəsadlar barədə danışmaq hələ tezdir. Dəymiş ziyan hələ dəqiqləşdirilir. İcra Hakimiyyəti məlumatları toplayıb müvafiq dövlət qurumlarına təhvil verəcək və ondan sonra əhaliyə nəsə kömək edilə bilər", - Allahverdi Xudaverdiyev deyib.








