İranın xarici işlər naziri Zərif Bakıya gəlib, Bakı və Ankara Türkiyə gəmisinə quldur hücumunu pisləyiblər

Məhəmməd Cavad Zərif

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 24-də Bakıya gəlib. Zərif Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu gün keçirdikləri telefon danışığı zamanı Türkiyə yük gəmisinə hücum etmiş dəniz quldurlarının "beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar" - bu xəbərlər daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Məhəmməd Cavad Zərif Bakıya gəlib

AZƏRTAC-ın məlumatına əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Cavad Zərif jurnalistlərə deyib ki, "İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib."

Nazir qeyd edib ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə olunacaq.

IRNA agentliyinin bildirdiyinə görə, Zərif Bakıda bazar ertəsi günü Azərbaycan prezidenti İlham Əliyev, həmkarı Ceyhun Bayramov və Azərbaycan Baş nazirinin birinci müavini Şahin Mustafayevlə ikitərəfli münasibətlər və regional inkişaf məsələlərini müzakirə etməyi planlaşdırır.

"Ölkənin Qarabağdakı torpaqları azad edildikdən sonra İran şirkətlərinin də Qarabağın yenidən qurulmasında iştirakı daxil olmaqla, bölgədəki yeni əməkdaşlıq imkanları" nəzərdən keçiriləcək, IRNA qeyd edib.

Agentliyə görə, Zərifin Azərbaycan tərəfi ilə görüşlərində "Şimal-Cənub beynəlxalq dəhlizinin başa çatdırılması və bu tranzit marşrutun imkanlarından yararlanmaq üçün İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək."

İranın xarici işlər naziri Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək.

Bayramov və Çavuşoğlu Türkiyə gəmisinə dəniz quldurlarının hücumunu pisləyiblər

Ceyhun Bayramov - Mevlüt Çavuşoğlu

Şəklin mənbəyi, MFA.GOV.AZ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu gün keçirdikləri telefon danışığı zamanı Türkiyə yük gəmisinə hücum etmiş dəniz quldurlarının "beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar."

Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Ceyhun Bayramova başsağlığı bildirib, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

"Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb," - məlumatda qeyd olunub.

Türkiyənin "MV Mozart" yük gəmisi Nigeriya sularında dəniz quldurlarının basqınına məruz qalıb, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, 1 nəfər öldürülüb.

Ölən heyət üzvü Azərbaycan vətəndaşı, gəmi mühəndisi Fərman İsmayılovdur.