Azərbaycandan Belçika Parlamentinin Qarabağ qətnaməsinə etiraz, Ermənistanda ümummilli matəmlə bağlı yürüşlər, Rusiya-Azərbaycan sərhədində keçid məhdudiyyəti

Şəklin mənbəyi, Anadolu Agency/Getty images
Azərbaycandan Belçika Parlamentinin Qarabağ qətnaməsinə etiraz, Ermənistanda ümummilli matəmlə bağlı yürüşlər, Rusiya sülhməramlı qüvvələrində ilk itki, Rusiya-Azərbaycan sərhədində keçid məhdudiyyəti, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycan Belçikanın Qarabağ qətnaməsinə etiraz edib
Azərbaycanın xarici işlər naziri Belçika Parlamenti tərəfindən Azərbaycana qarşı "əsassız və qərəzli iddiaları əks etdirən qətnamə layihəsinin qəbuluna etiraz edib". Bu barədə şənbə günü Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, xarici işlər naziri Ceyhun Bayramov qətnamənin qəbul edilməsi ilə bağlı etirazını Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sophie Wilmes-ə çatdırıb.
"Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək" adlı qətnamə layihəsi Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı qəbul edilib.
Cümə günü Belçika ermənilərinin diaspor təşkilatı parlamentin son qərarını alqışlayıb.
Ceyhun Bayramovla görüşü vaxtı Sophie Wilmes ölkəsinin rəsmi mövqeyini xatırladıb.
"Vurğulamaq istərdik ki, Belçikanın Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib", - Azərbaycan XİN-in saytındakı məlumatda deyilir.

Şəklin mənbəyi, TASS/Getty Images
Ermənistanda üç günlük yas və matəm yürüşləri
Yerevanda keçən yürüş iştirakçıları Qarabağdakı müharibə vaxtı həlak olanların xatirəsini yad ediblər. Yürüşlərdən birinə qatılan Baş nazir Nikol Paşinyan Yerablur panteonunda hərbçilərin memoriyalı qarşısına gül qoyub, informasiya agentlikləri xəbər verirlər.
Məlumata əsasən, hadisə yerində Nikol Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında gərginlik yaranıb. Qarşıdurmaya müdaxilə edən polis Baş nazirin məzarlığa keçməsinə mane olmağa çalışan insanları kənara sıxışdırıb.
Bundan əvvəl paytaxt küçələrində daha bir mitinq və yürüş təşkil olunub.
Müharibəyə son qoyan üçtərəfli razılaşmanın imzalanmasından sonra, Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Müxalifət Baş naziri erməni qüvvələrinin nəzarətindəki ərazilərin itirilməsində günahlandırır.
Bundan əvvəl Ermənistan lideri istefaya çıxmayacağını deyib.
Şənbə günü xalqa müraciət edən Nikol Paşinyan deyib ki, 40 gün əvvəl başa çatan müharibənin ətraflı təhlilinə ehtiyac var.
Rusiya sülhməramlı qüvvələrində ilk itki

Şəklin mənbəyi, TASS
Rusiya sülhməramlı qüvvələrinin zabiti Dağlıq Qarabağda minanı zərərsizləşdirərkən ölümcül xəsarət alıb. Bu, sülhməramlılar kontingentində ilk ölüm hadisəsidir.
Həlak olan hərbçinin adı açıqlanmır.
Rusiya Müdafiə Nazirliyinin bəyanatdan belə nəticəyə gəlmək olar ki, hadisə Şuşa şəhəri ərazisindəki yolun minalardan təmizlənməsi vaxtı baş verib.
Azərbaycan-Rusiya sərhədi piyada keçidi üçün bağlanır

Şəklin mənbəyi, moscow.mfa.gov.az
Azərbaycanla Rusiya arasında sərhəd vətəndaşların piyada keçidi üçün gələn ilin mart ayınadək bağlı olacaq. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirir.
Məlumata əsasən, tədbir koronavirusa yoluxanların sayının "kəskin artması" və Azərbaycanda karantin tədbirlərinin tətbiqi ilə bağlıdır.
"Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin 1 mart tarixinədək bağlı olacaqdır," - Azərbaycanın Rusiyadakı səfirliyi bildirir.
Rəsmi məlumata görə, Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələri "tam həcmdə və adi rejimdə davam etməkdədir".
Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi "təkidlə xahiş edir".










