Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan necə döyüşürlər və nəyə nail olmağa çalışırlar

Müharibə həmişə əzab-əziyyətli olur. Xankəndindəki (Stepanakertdəki) bomba sığınacağında yaşlı bir qadın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Müharibə həmişə əzab-əziyyətli olur. Xankəndindəki (Stepanakertdəki) bomba sığınacağında yaşlı bir qadın
    • Müəllif, Pavel Aksyonov
    • Vəzifə, BBC

Ermənistan-Azərbaycan münasibətlərində indiki hərbi böhran 1994-cü ildə müharibə bitdikdən bəri ən ciddi böhranlardan birinə çevrilib.

Lakin hər iki tərəfin yeritdiyi məxfilik rejimi və geniş dezinformasiya kampaniyası səbəbindən hərbi əməliyyatların həqiqi miqyasını, cəlb olunan qüvvələri, hücumların istiqamətini və döyüş əməliyyatlarının gedişatını qiymətləndirmək çox çətindir.

Buna baxmayaraq, həm tanınmamış Dağlıq Qarabağ Respublikası ilə Ermənistanın, həm də Azərbaycan nümayəndələrinin dərc etdikləri video və fotolara əsasən, münaqişənin yeni kəskinləşməsində ağır zirehli texnika, yaylım atəş sistemləri, artilleriya, pilotsuz uçuş aparatları və məhdud dərəcədə aviasiya iştirak edir.

İtkilər barədə də fikir söyləmək çətindir. Tərəflər öz itkiləri və düşmən itkiləri barədə məlumat verib, lakin tərəflərdən hər biri düşmənin itkilərinin öz itkilərindən dəfələrlə çox olduğunu göstərib.

Belə ki, bazar ertəsi axşam tanınmamış Dağlıq Qarabağ respublikasının müdafiə nazirliyi 84 hərbçisinin həlak olduğunu və onlardan 26 nəfərin bazar ertəsi öldürüldüyünü bildirib.

Bazar günü Azərbaycan müdafiə nazirliyi döyüşlər zamanı Qarabağ qoşunlarının ölən və yaralı daxil, 550 nəfər itki verdiyini iddia edib.

Ermənistan bu məlumatı rədd edərək bildirib ki, yalnız bazar günü Azərbaycan 200 nəfər itki verib.

Döyüşlər harada gedir?

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tanklarının hücumu və onlardan birinin məhvini göstərən görüntüləri yayıb. Döyüşlərin çəkilişini Azərbaycan tərəfi də paylaşıb

Şəklin mənbəyi, Armenian MOD

Şəklin alt yazısı, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tanklarının hücumu və onlardan birinin məhvini göstərən görüntüləri yayıb. Döyüşlərin çəkilişini Azərbaycan tərəfi də paylaşıb

Bazar günü səhər, döyüş əməliyyatları başlayanda Azərbaycan müdafiə nazirliyi bütün cəbhə xətti boyunca "əks-hücum əməliyyatı" keçirdiyini bəyan edib.

Bazar ertəsi günü keçirilmiş brifinqdə Ermənistan müdafiə naziri "hazırda Artsax [Dağlıq Qarabağ] və Azərbaycan arasındakı bütün sərhəd boyu döyüşlərin davam etdiyini" söyləyib.

Azərbaycan hərbçiləri

Şəklin mənbəyi, Defence Ministry of AZE/Anadolu Agency

Şəklin alt yazısı, Döyüşlər əsasən quruda baş verir - göydə isə pilotsuz aparatlar hərəkət edir

Döyüş bölgələrindən qeyri-rəsmi bir məlumat, demək olar ki, gəlmir - hər iki tərəf məlumat axınına ciddi nəzarət edir.

Hərbi ekspert Azad İsazadənin BBC-yə dediyinə görə, Azərbaycanda internet trafiki ciddi sürətdə məhdudlaşdırılıb. İlk növbədə - sosial şəbəkələr və medianın ötürülməsi.

Azərbaycanın rəsmi məlumatlarında Talış kəndi və Murovdağ dağ silsiləsi zonasında yüksəkliklər qeyd olunub. Bundan əlavə, Mardakert şəhəri ətrafında hərbi əməliyyatlardan bəhs olunub.

Azərbaycan eləcə də Füzuli və Cəbrayıl bölgələrində bir neçə yaşayış məntəqəsini nəzarət altına götürdüyünü iddia etmişdi. Erməni tərəfi bunu təsdiqləmir, lakin Ermənistan hökumətinə yaxın bir mənbə BBC Rus xidmətinə bu bölgələrdə döyüşlərin getdiyi faktını təsdiqləyib.

İki günlük döyüşlərin nəticələri

Bazar günü Azərbaycan qoşunlarının iki rayon mərkəzi - Füzuli və Cəbrayıl şəhərləri istiqamətində yeddi yaşayış məntəqəsini nəzarəti altına götürə bildiyini bəyan edib. Bu ərazilər erməni silahlı birləşmələrinin nəzarət etdiyi vilayətin cənubunda yerləşir.

Azərbaycan eləcə də Murovdağ dağını nəzarəti altına aldığını bildirmişdi. Bu, Qafqazın ən yüksək zirvələrindən biridir, dağın hündürlüyü 3340 metrdir. Bu dağa nəzarət Ermənistandan Qarabağa təchizat yüklərini gətirməyə imkan verən strateji Vardenis-Mardakert yolunu atəş altında saxlamağa imkan verir. Tanınmamış DQR nümayəndələri dağı geri aldıqlarını iddia edirlər. Bundan əlavə, Azərbaycan Talış kəndi ətrafında bir neçə yüksəkliyi nəzarəti altına götürdüyünü iddia edib.

Nəticədə, hansı ərazinin nəzarətə götürüldüyünü söyləmək çətindir. Çərşənbə axşamı günü tanınmamış Dağlıq Qarabağ respublikasının müdafiə nazirliyinin yaydığı bir bəyanata əsasən, hərbi əməliyyatlar davam edir.

Çərşənbə axşamı günü britaniyalı jurnalist və Dağlıq Qarabağ üzrə ekspert Tom de Waal yazıb ki, tərəflərin verdiyi bəyanatlar əsasında həqiqi vəziyyət barədə fikir irəli sürmək olmaz: "Münaqişə ətrafında olduqca çox təbliğat aparılır. Hər iki tərəf haqlı ola bilməz, amma hər ikisi səhv edə bilər - və onlar çox vaxt bəyanatlarında səhv edirlər. Bütün rəsmi açıqlamalara böyük şübhə ilə yanaşın!"

Bakıda əhali Qarabağa doğru irəliləyən hərbi texnikanı alqışlayır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bakıda əhali Qarabağa doğru irəliləyən hərbi texnikanı alqışlayır

Ancaq hətta rəsmi hesabatlarda sadalanan coğrafi adları nəzərdən keçirəndə, tanınmamış DQR-in müdafiəsinin yarılmasını söyləmək olmur.

"İndi miqyaslı bir əməliyyatdan söhbət getmir. Təmas xətti boyunca hakim yüksəkliklər və dayaq məntəqələri, bəzi yollara nəzarət etmək uğrunda taktiki dərinliyədək döyüşlər, defile, bundan artıq deyil," - rusiyalı ekspert Viktor Muraxovski BBC-yə deyib.

Viktor Muraxovskiyə görə, çox güman ki, Azərbaycan hücum istiqamətlərində güclü zərbə qruplaşmalarını yaratmağa heç cəhd belə etməyib.

"Bu [zərbə qruplaşmalarının yaradılması] ciddi səfərbərlik və yeni birləşmələrin yaradılmasını tələb edir. Ən azından indi bu proseslərin getmədiyi görünür. Və birə ki, belə proseslər çox vaxt tələb edir, ən azı altı-səkkiz həftə," - ekspert deyib.

Belə bir halda ehtiyatda olan hərbçilərin təlim toplanışlarına çağırışı vəziyyəti dəyişməzdi.

Sərhəd üzərində nəzarət

Azərbaycanlı hərbi ekspert Azad İsazadənin sözlərinə görə, çox güman ki, qarşıdurma xəttində yerləşən qoşunlar gücləndirilməyib, lakin açıq mənbələrdə bu barədə dəqiq məlumat yoxdur.

İsazadə bir sıra hərbi əməliyyatlar keçirən Bakının özünün qarşısında strateji hədəf qoymadığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan ordusu bu hücuma xüsusi hazırlaşmamışdı, yalnız Qarabağ hərbçilərinin hərəkətlərinə cavab verib.

"Azərbaycan sadəcə, cavab verib. Cavab zərbəsi endirib və Dağlıq Qarabağ ərazisinin xaricində öz yurisdiksiyasını bərpa etməyə başlayıb. Zərbə istiqamətinə baxılsa, görünür ki, Azərbaycan indi cənubda İran-Azərbaycan sərhədi və Ermənistan-Azərbaycan sərhədi üzərində nəzarətini bərpa etməyə cəhd edir."

Buna baxmayaraq, bu hədəflərə çatdıqdan sonra Azərbaycanın Dağlıq Qarabağın taleyi ilə bağlı danışıqlara başlamağı nəzərdən keçirir.

Taktiki geriçəkilmə

Armenian Research & Development Institute təşkilatının müdafiə tədqiqatları şöbəsinin müdiri Leonid Nersisyan hesab edir ki, Azərbaycan silahlı qüvvələrinin əməliyyatının məqsədləri daha miqyaslı idi: "Toqquşmaların bütün təmas xətti uzunluğu boyunca baş verdiyini və həqiqətən böyük qüvvələrdən istifadə olunduğunu nəzərə alsaq, görünür, hədəf müdafiəni yarıb mümkün qədər çox ərazi tutmaq idi."

Ekspert hesab edir ki, Azərbaycan ordusu qoyduğu hədəflərə çatmayıb və bu, qismən əməliyyatın qəfil olmamasına görədir.

"Gözlənilməz heç bir şey olmayıb. Azərbaycandakı ABŞ səfirliyi ilə bağlı vəziyyət məzəlidir, hətta onlar iki gün öncə yazmışdılar ki, Amerika vətəndaşlarına Abşeron yarımadasını tərk etməyə dəyməz. Ermənistan müdafiə nazirliyi sərhəd yaxınlığında qoşunların toplanmasını bildirirdi. Bu, tamamilə hazırlanmış və çox da gizlədilməyən bir aksiya idi", - o deyib.

Leonid Nersisyan, "Əlbəttə ki, ilk saatlarda Azərbaycan birinci müdafiə xəttini alt-üst etdi, xüsusilə, cənubda, amma bu baş verməyə bilməzdi, bu bir taktikadır - ön xətti saxlamaq olmaz, gərək geri çəkiləsən, sonra isə həmin mövqeyi döyüşlə təzədən ələ keçirəsən", - Leonid Nersisyan izah edib.

Aviasiyasız müharibə

Ermənistan Rusiyadan Su-30 qırıcılarını alıb, lakin onlardan istifadə etməyə tələsmir

Şəklin mənbəyi, Vahram Baghdasaryan/Photolure/TASS

Şəklin alt yazısı, Ermənistan Rusiyadan Su-30 qırıcılarını alıb, lakin onlardan istifadə etməyə tələsmir

Bu bölgədəki döyüş əməliyyatlarının bir xüsusiyyəti ondan ibarətdir ki, hər iki tərəf, demək olar ki, döyüş təyyarələrindən heç istifadə etmir.

Bazar günü Qarabağ hərbçiləri Azərbaycan helikopterlərini və pilotsuz təyyarələrini vurduqlarını bəyan ediblər, lakin Bakı yalnız bir helikopterin itirildiyini etiraf edib və həmin helikopter öz ərazisinə çata bilib. Azərbaycan hərbçilərinin verdiyi məlumata görə, eniş zamanı heç kim ölməyib.

Azərbaycanın kifayət qədər iri hava qüvvələri var - son illərdə ölkə 20-dən çox MiG-29 qırıcısı və 11 Su-25 hücum təyyarəsini alıb. Bundan əlavə, ordunun ixtiyarında 12 ədəd Mi-24 hücum helikopteri və Mi-24 helikopterinin tamamilə modernləşdirilmiş versiyası olan ən azı 24 ədəd Mi-35 helikopteri var.

Dağlıq Qarabağı dəstəkləyən Ermənistan bu yaxınlarda Rusiyadan MiG-29-dan daha müasir və daha güclü olan Su-30 qırıcıları alıb. Ermənistan Hərbi Hava Qüvvələrində yalnız dörd belə təyyarə var, lakin Yerevan onları da tanınmamış DQR birləşmələrinin dəstəklənməsinə göndərməyib.

"Onlardan istifadə etmək üçün heç bir hədəf ortaya çıxmayıb. Onlardan düşmənin zirehli texnikasını ovlamaq üçün istifadə etmək çox da ağıllı bir iş deyil," - Nersisyan deyib.

Bundan əlavə, Dağlıq Qarabağ bölgəsində hər iki tərəfin hava hücumundan müdafiə sistemləri o qədər sıx yerləşdirilib ki, heç kim orada aviasiyadan istifadə etməyə cəsarət etmir - təyyarəni itirmək riski çox böyükdür.

"Birincisi, dağlıq ərazidir və aviasiyadan istifadə etmək orada həqiqətən çətindir. Biz yaxşı anlayırıq ki, bu illər ərzində Dağlıq Qarabağda müəyyən dərəcədə döyüş qabiliyyəti olan hava hücumundan müdafiə sistemi yaradılıb. Üstəlik, Rusiyadan S-400 kompleksi alınıb. O, Qarabağ ərazisində deyil, amma sərhəddədir, Qoris rayonunda və Qarabağ üzərindəki hava məkanını müdafiə edir," - Azad İsazadə deyib.

Bakıda keçirilmiş ADEX-2016 sərgisində modernləşdirilmiş Т-72 tankı

Şəklin mənbəyi, Marina Lystseva/TASS

Şəklin alt yazısı, Azərbaycan son illərdə silah alınmasına kifayət qədər çox pul xərcləyib

Azərbaycan da öz növbəsində, son illərdə silah alınmasına kifayət qədər böyük vəsaitlər xərcləyib və hava hücumundan müdafiə qüvvələrinin ixtiyarında uzaq mənzilli S-300 zenit-raket kompleksləri və bir neçə ədəd Tor-M2E yaxın məsafəli komplekslər var.

Bəlkə də məhz buna görədir ki, indiki kəskinləşmə tank döyüşləri ilə xarakterizə olunur - Dağlıq Qarabağ müdafiə nazirliyi çərşənbə axşamı bildirib ki, "müdafiə ordusunun tank və tank əleyhinə birləşmələri ilə döyüşlərdə düşmən on ədəd texnikasını itirib."

Azərbaycan da bazar günü və bazar ertəsi günü erməni tanklarının məhv edildiyini bildirib.

Bu zaman hər iki tərəf texnikanın məhv edildiyini göstərən videoyazılara bir sübut kimi istinad ediblər.