Nikol Paşinyan hərbi səfərbərlik elan edib

Şəklin mənbəyi, AFP
Baş nazir Nikol Paşinyan Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edib. O bu barədə sosial media hesabında yazıb.
"Əziz həmvətənlər, Ermənistan Respublikası Hökumət qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib. Qoşunların şəxsi heyətini rayon hərbi komissarlıqlarına toplaşmağa çağırıram", - Paşinyan bildirib.
Yerevanın mərkəzində "cəbhəyə yollanmağa hazır olan" vətəndaşlar yığışır, yerli media xəbər verir.
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Qurum bazar günü səhər saatlarında bildirib ki, Ermənistan Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub və Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini müdafiə etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisinə müraciət edib və cəbhə bölgəsi boyunca hərbi əməliyyatların getdiyini deyib.
Ermənistan hücuma birinci Azərbaycanın başladığını deyib.

Şəklin mənbəyi, Azərbaycan Televiziyası
Prezident İlham Əliyev dövlət televiziyası ilə çıxışında deyib ki, "bu gün regionda təhlükə mənbəyi Ermənistandır". O, Azərbaycanın Ermənistan tərəfindən "təxribata məruz qaldığını", Azərbaycanın Ermənistana heç bir ərazi iddiası olmadığını bildirib.
Prezident xalqa müraciətində bildirib ki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan əsgəri öz torpağında döyüşür.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə" Azərbaycan Ordusunun komandanlığı bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamaqla bağlı qərar verib.
"Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər," - nazirliyin açıqlamasında deyilir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır, Müdafiə Nazirliyi bildirib.
Qurum Ermənistanın hava hücumundan müdafiə bölmələrinin 12 ədəd "OSA" zenit-raket kompleksini itirdiyini bildirib.
"Ermənistan məsuliyyət daşıyır"
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri "cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib". Hikmət Hacıyev yaydığı bəyanatda bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı dəfələrlə xəbərdar edib.
O bəyan edir ki, Ermənistanın "yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır".
Hikmət Hacıyev "yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü" bildirir.

Şəklin mənbəyi, mod.gov.az
Bazar günü səhər nə baş verib?
Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında məlumat yayıb ki, "Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub".
Nazirliyin məlumatına görə, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin "intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var".
Nazirlik həlak olan və yaralananların sayı barədə məlumatın dəqiqləşdirildiyini deyib.
Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib, - qurumun məlumatında deyilir.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun ön xətt bölmələri qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Ermənistan nə deyir?
Ermənistanın Baş naziri Nikol Paşinyan öz rəsmi Facebook səhifəsində yazıb ki, tezliklə ölkənin Təhlükəsizlik Şurasını toplayacaq.
O yazıb ki, Təhlükəsizlik Şurasında hərbi vəziyyət və məhdud hərbi toplanış müzakirə olunacaq.
Nikol Paşinyan torpaqları qorumağa hazır olmağa çağırıb.
Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzey Kasprzyk-ə Azərbaycanın Dağlıq Qarabağ təmas xəttində "növbəti təxribata" başladığını bildirib.
Azərbaycan Dağlıq Qarabağ təmas xətti boyunca hücuma başlayıb, Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan xəbər verir.
"2016-cı il aprel döyüşlərindən 4 il keçmiş düşmən bu yolla Qarabağ münaqişəsini öz xeyrinə həll etmək ümidi ilə yenə silaha əl atıb. Sentyabrın 27-də səhər Azərbaycan ordusu raket-artilleriya və PUA atəşindən sonra bütün təmas xətti boyunca hücuma keçib," - Müdafiə Nazirliyinin məmlumatında deyilir.
"Bütün məsuliyyət Azərbaycan hərbi-siyasi rəhbərliyi üzərinə düşür," Müdafiə Nazirliyinin mətbuat katibi Facebook-da yazıb.
"Artsax (Qağlıq Qarabağ - BBC) müdafiə ordusunun komandanı general-mayor Calal Harutunyanın qeyd etdiyinə görə, Azərbaycan qoşunları saat 7:10-da bütün təmas xətti boyunca hücuma keçib," - Tanınmamış Dağlıq Qarabağ Respublikası məlumat yayıb.
Məlumatda mülki əhali arasında itki olduğu iddia edilir.
BBC News Azərbaycanca Azərbaycan və Ermənistan tərəfinin mülki şəxslərin həlak olması ilə bağlı açıqladığı məlumatları müstəqil mənbələrdən dəqiqləşdirə bilməyib.
Azərbaycan və Ermənistan qarşı tərəfin texniki itki verdiyini açıqlasa da, tərəflər bir-birini təkzib edir.
Azərbaycan yalnız bir helikopterinin vurulduğunu, ekipaj üzvlərinin sağ olduğunu açıqlayıb.
"Dağlıq Qarabağ ombudsmanı" Artak Beqlaryan öz Facebook qeydində beynəlxalq ictimaiyyəti Azərbaycanın hərəkətlərinə qiymət verməyə və "dinc əhalinin həyatı və təhlükəsizliyinə təhdidlərin neytrallaşdırılması üçün tədbir görməyə" çağırır.
Bir müddətdir ki, Azərbaycan Ermənistanı yeni müharibəyə hazırlaşmaqda ittiham edir. Ermənistan isə bu ittihamı rədd edir.
Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur ki, Qarabağ münaqişəsi davam edir.
1994-cü ildə tərəflər arasında atəşkəs imzalansa da, mütəmadi olaraq atışmalar davam edir.
Ən son döyüşlər iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermis, iyulun 16-na kimi intensiv atışmalar olmuş, nəticədə Azərbaycan bir mülki şəxsini, biri general olmaqla 10-dan çox hərbçisini, Ermənistan isə 5 hərbçisini itirmişdi.
Xəbər yenilənir.





