Məleykə Abbaszadə: "Yoluxucu xəstəliyi olanlar üçün xüsusi şərait yaratmaq qeyri-mümkündür"

bu gün Azərbaycan

Yoluxucu xəstəliyi olanlar üçün imtahanda xüsusi şərait yaratmaq qeyri-mümkündür, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri cümə günü onlayn keçirilmiş mətbuat konfransında bildirib.

"Yüksək hərarəti olan şəxsləri imtahana buraxmamaqla onu və ətrafındakıların sağlamlığını qorumuş oluruq," - Məleykə Abbaszadə bəzi abituriyentlərin xəstəlik səbəbilə buraxılış (qəbul) imtahanlarına buraxılmamaq ehtimalını dəyərləndirərkən söyləyib.

"Yoluxucu xəstəlikləri olmadığı aşkar edilən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak ediblər. Biz araşdırırıq ki, kim hansı statusa görə, nə üçün imtahanda iştirak etməyib. Təbii ki, müəyyən səbəblərə görə onlar karantin rejimindədirsə, biz onları imtahana buraxa bilmərik," - o bildirib.

DİM Direktorlar Şurasının sədri BBC News Azərbaycancanın "koronavirusa görə bəzi şəxslərin imtahana buraxılmaması halında onların bir il vaxt itirmələri" barədə sualına cavab olaraq bildirib ki, abituriyentlər arasında "keçiriləcək son imtahanlar zamanı da xəstələnənlər olarsa, bir neçə nəfərə görə təbii ki, proses ilboyu davam etdirilə bilməz."

"Hər dəfə kimsə xəstə olanda 60 min imtahan verən ya da ali məktəbə qəbul olmaq istəyən 72 min nəfərin nəticələrini saxlayaq ki, kimsə sağalsın və bu prosesə qoşulsun? Belə hallar əvvəlki illərdə də olub. Elə şəxslər olub ki, onlarda ayrı yoluxucu xəstəliklər olub. Suçiçəyi, qızılca və s. Təbii ki, biz onları da imtahana buraxmamışıq. Bu bütün dünyada belədir. Yoluxucu xəstəliyi olan şəxsləri imtahanlara buraxmırlar."

Lakin Məleykə Abbaszadə bildirib ki, "araşdırma nəticəsində həkimlərin imtahana buraxılmasına razılıq verdiyi şəxslər avqust ayı boyunca 4 gün ərzində baş tutmalı olan imtahanlara buraxılacaqlar."

Avqustda imtahanlar keçiriləcək

Azərbaycanda avqust ayı ərzində 4 gün müddətində qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda təxminən 60 min şəxsin iştirakı gözlənilir. DİM karantin rejimi səbəbilə imtahanların dəqiq vaxtını açıqlamayıb.

Bundan başqa, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunan sərt karantin rejimi səbəbilə təxirə salınmış rezidentura və dövlət qulluğu ilə bağlı qəbul imtahanlarının da avqustun 10-dək keçirilməsi nəzərdə tutulub.

İyunun 10-dan iyulun 10-dək isə Azərbaycanda 142 mindən çox şəxs imtahanlarda iştirak edib.

Xaricdə oxumaq üçün attestatını alanların abituriyent statusu varmı?

Məleykə Abbaszadə bundan sonra "abituriyent statusunu qazanmaq üçün sənəd vermək prosesinin aparılmayacağını" deyib.

"İndiyə qədər onlar bu sənədi veriblərsə, imtahanlarda abituriyent statusu ilə iştirak edə biləcəklər. Biz onları imtahan iştirakçıları sırasından çıxarmamışıq. Amma attestatlarının tam olmağını, yəni orada buraxılış imtahanının nəticələrinin də olmasını istəyənlər üçün sentyabrda müəyyən buraxılış imtahanları təşkil ediləcək. Bundan sonra onlar aldıqları attestatı dəyişib, yenisini ala biləcəklər."

DİM sədri deyib ki, "abituriyent statusu alan şəxslər buraxılış imtahanlarında da iştirak edə biləcək: "Şəxs abituriyent kimi sənəd veribsə, iş nömrəsi varsa, imtahanda iştirak edəcək. Kim qəbul imtahanında iştirak etmək istəyirsə, qəbul imtahanının birinci mərhələsi olan buraxılış imtahanına qatılmalıdır. Onlara buraxılış imtahanında iştirak üçün buraxılış vərəqəsi veriləcək. Abituriyent statusunu təsdiqləmiş şəxslər də buraxılış imtahanına buraxılış vərəqəsi ala biləcəklər".

DİM sədrinin sözlərinə görə, bu il Bakı üzrə məktəbi bitirmiş 90 faiz abituriyent sənədini təsdiqləyib: "Onlar buraxılış imtahanında iştirak edib bal toplamalıdılar ki, qəbul imtahanında da iştirak edə bilsinlər".

İmtahan hansı rayon və şəhərlərdə keçiriləcək?

Dövlət İmtahan Mərkəzi 23-24 iyulda növbəti buraxılış (qəbul) imtahanları keçirəcək.

Mərkəzdən BBC News Azərbaycancaya verilən məlumata görə, "imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak edəcək şəxslər barədə, o cümlədən, imtahanların növləri ilə bağlı yaxın 2 gündə məlumat veriləcək.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı DİM-in Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında operativ qərargah müsbət cavab verib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil ediləcək.

DİM bildirib ki, "bu il kollec və ya liseylərə ərizə verməyən 9-cu sinif şagirdləri, o cümlədən, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər sentyabr ayında təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə bilərlər."

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Dəqiq vaxtı bəlli olmayan 4 gündə hansı imtahanlar keçiriləcək?

Qeyd olunan tarixlərdə:

  • 11-ci sinif üzrə buraxılış imtahanları,
  • Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları,
  • Azərbaycan dilindən fərqli dildə təhsil alan və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) və 11-ci sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları,
  • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

Qəbul prosesi sentyabrın 15-dək yekunlaşacaqmı?

"Magistraturaya qəbul prosesini 15 sentyabra qədər bitirəcəyik. Eyni zamanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi də həmin tarixə qədər bitəcək", Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanları bitən kimi nəticələr elan olunacaq.

"Artıq 9-cu sinfi bitirib orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi üçün də kifayət qədər vaxt var. Bu proses mərhələ-mərhələ gedəcək. Yalnız bir kontingent qalır, o da ali məktəblərin 1-ci kurs tələbələridir. Ola bilsin bəzi səbəblərdən ali məktəblərə qəbul olan birinci kurs tələbələri sentyabrın 15-də dərsə başlaya bilməsin... Biz çalışacağıq ki, cədvələ uyğun olaraq sentyabrın 15-nə qədər bütün proseslər bitsin," - DİM sədri bəyan edib.

Məleykə Abbaszadə bu müddət ərzində "birinci mərhələnin bitəcəyini proqnozlaşdırsa da, "boş qalmış yerlərə yerləşdirmə aparılması prosesinin bir az vaxt" apara biləcəyini də vurğulayıb.

Gələcək üçün yeni növ imtahanlayihəsi

Məleykə Abbaszadə həm də bildirib ki, Dövlət İmtahan Mərkəzi gələcəkdə yeni növ imtahanın keçirilməsi üçün layihə üzərində işləyir.

DİM sədri "Açıq kitab" adlanan imtahanda istifadəçi köməkçi vasitələrdən istifadə edilə biləcəyini deyib."

"Önəmli olan tələb olunan tapşırığın həllini tapmaqdır: "Hazırda bu layihə üzərində işlənilir. Bunun növbəti imtahanlara heç bir aidiyyəti yoxdur. Bu, sadəcə bir layihədir. Gələcəkdə belə növ imtahanların onlayn keçirilməsi təhlükəsizlik baxımından daha doğru ola bilər".

Abituriyenti müşaiyət etmək mümkün olacaqmı?

İmtahanların keçiriləcəyi tarixlərdə rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları və ehtiyac yaranacağı halda onları müşaiyət edəcək bir nəfər haqqında məlumatlar aidiyyəti qurumlara ötürüləcək. Beləliklə də, həmin şəxslərin imtahan binasına gedib və imtahandan sonra olduğu yerə geri qayıtmasına icazə veriləcək.

DİM abituriyentlər binaya daxil olduqdan sonra valideynlərin 5 nəfərdən çox toplaşmamasını, imtahan binasının həyətinə yığışmamalarını, məsafə saxlamağı tövsiyə edib.