Bakıda, meydanda onminlərlə insanın qarşısına niyə çıxan olmadı?

- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Son illərdə ilk dəfə Bakıda on minlərlə insan hər hansı çağırış və ya təşkilatçılıq olmadan küçələrə çıxdı.
Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərlə bağlı Şəhidlər Xiyabanına yürüş edən və saatlarca Parlament binasının önündə dayanan izdihamın qarşısına müxalifətdən və iqtidardan heç kim çıxmayıb.
Təhlilçilərə görə, belə izdihamın qarşısına çıxacaq "nə hökumət rəsmisi, nə də ziyalı" vardı.
BBC News Azərbaycancaya danışan müxalifət nümayəndələri "təxribatdan narahat olduqları üçün həmin gün meydana çıxmadıqlarını" deyirlər.
Hökumət təmsilçiləri hesab edirlər ki, hakimiyyət koronavirus pandemiyasına görə "məhdudlaşdırıcı və evdə qalmaq tədbirlərini" əsas götürərək izdiham qarşısına çıxmayıb.
İyulun 12-də Azərbaycanın Ermənistanla sərhəddində yerləşən Tovuz rayonu istiqamətində atışma başlayıb, daha sonra gedən döyüşlərdə Azərbaycanın 4-ü yüksək rütbəli olmaqla, 12 hərbçisi və bir mülki şəxsi həlak olub. Ermənistan indiyədək 4 hərbçisini itirdiyini açıqlayıb.
Bunun ardınca, ölkənin müxtəlif yerlərində, o cümlədən, Bakıda və Sumqayıtda aralarında qadın və uşaqların da olduğu minlərlə şəxsin iştirakı ilə "orduya dəstək" nümayişləri keçirilib.
Bakıda, Milli Məclis qarşısında keçirilən nümayişin sonunda bir qrup Parlament binasına daxil olub, Daxili İşlər Nazirliyi polis əməkdaşlarının və polis avtomobillərinin zərər görməsi barədə məlumat yayıb. Nəticədə hadisə ilə bağlı 7 nəfər saxlanıb.
"Prezidentin çıxması problematik ola bilərdi"
Siyasi məsələlər üzrə təhlilçi Rəşad Şirin deyir ki, "izdihamı idarə etmək lazım idi".
"Cəmiyyətdə belə bir gözlənti var idi ki, bir liderlik olacaq. Kimsə çıxıb insanlarla danışacaq. Əslində bir çox sonradan yarana biləcək təxribat, xuliqanlıq, vandalizmin qarşısını almaq üçün həm də o liderliyə ehtiyac var idi".
O, iqtidar təmsilçilərinin kütlə qarşısına çıxmamasını onların "kütlələrin önündə danışmağa alışmaması, belə gərgin vəziyyətdə hazırlıqlı olmaması ilə" əlaqələndirir.
Rəşad Şirin həmçinin deyir ki, "fikirlər səslənirdi ki, Prezident çıxmalı və insanlara müraciət etməli idi. Belə spontan, xaotik aksiyalarda Prezidentin çıxması problematik ola bilər, çünki təhlükəsizlik məsələsi var."
Rəşad Şirin əlavə edir ki, siyasi situasiyaya uyğun olaraq millət vəkilləri də kütlənin qarşısına çıxa bilərdilər və "Azərbaycan xalqı bu cür hadisələrdə - "Meydan hərəkatı" zamanı bu iştirakı görüb."
"İnsanların hisslərini ifadə edə bilcək, emosiyalara alta qoya biləcək insanlar olmalıdır və onlar ortada olmalıdırlar. Belə deyək, qarşıdurma yaratmayan insanlar olmalıdır ki, sonradan bunun siyasi çaları ortaya çıxmasın. O siyasi iradə, yanaşma mövcud olsa idi, ayrı-ayrı insanların tapılması problem deyildi."
Təhlilçiyə görə o vaxtın dövlət rəhbərləri "kütlə ilə işləyə bilirdilər və bunun, sanki o zamanlar siyasi rəhbərlik üçün "daha çox faydası və dəyəri hiss olunurdu".
"Məsələn, Heydər Əliyev bu kütlələrlə təmasdan həm istifadə, həm də faydalana bilirdi. Onlara xitab edə, mürəkkəb situasiyaları bu şəkildə idarə edə bilirdi. Hətta parlamentdə müzakirələr açırdı. Toplantılara gəlirdi, çıxış edirdi".
Müxalif liderlərin izdiham önünə nə üçün çıxmamasına gəlincə, Rəşad Şirin hesab edir ki, "müxalifət liderlərinin yazdıqlarından da hiss olunurdu ki, müxalifətin ortaya çıxıb hansısa prosesin "başını çəkməyi" və ya ona təsir etməsi siyasi baxımdan neytral görünməyə bilərdi, ona görə də onlar prosesdən kənar durmağa çalışıblar."
"Bəzi müxalif liderlər dövlətə, hakimiyyətə bu çətin anda tam və şərtsiz dəstəklərini ifadə etdilər. Bəlkə də ona görə bu aksiyada iştirak etməməyi seçdilər. Bu da anlaşılan məsələdir ki, burada hansısa iştirak əgər təzada gətirib çıxaracaqdısa əvvəlcədən ehtiyatlı davranmaqda fayda var idi", o qeyd edir.
"Bizim müdaxiləmiz təxribat imkanlarını artırardı"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli müxalifətin izdiham qarşısına çıxmamasında "əvvəlki təcrübələrin də təsirinin olma" ehtimalı ilə razılaşmır.
"Biz bilirik ki, hakimiyyət təxribatlar etməyə meyllidir. Həmin o İsmayıllı hadisələrində, eləcə də "əsgər ölümlərinə son!" aksiyalarında da həbslər olub. Ancaq bu o demək deyil ki, müxalifət yenə mitinq etməyəcək. Biz bütün bunların hamısından sonra 19 oktyabrda möhtəşəm və razılaşdırılmamış aksiya etdik. Etiraz keçirdik və bu etirazı minlərlə insanın iştirakı ilə keçirdik. Ancaq dünənki aksiyanın bizim iştirak etməyəcəyimiz təqdirdə xoşluqla başa çatacağına ümidli idik. Heyf, bu olmadı."
Əli Kərimli müxalifət liderlərinin nümayişə qatılmama səbəbini "qoşularlarsa, təxribat imkanlarının artırıla biləcəyi" ehtimalları ilə izah edib.
"Azərbaycan xalqı özü təşkilatçılıq edərək, heç bir siyası qüvvənin təşkilatçısı olmadan möhtəşəm bir aksiya keçirdi. Bu aksiyanın gözəlliyi və perspektivi həm də onunla bağlı idi ki, bu aksiyanı xalq özü torpaqlarına olan aqressiyaya etiraz olaraq, heç kimin təşkil etmədiyi şəraitdə keçirirdi. İnsanlar həyəcanlanaraq küçələrə axışırdılar".
Cənab Kərimlinin sözlərinə görə, onların prosesə müdaxiləsi onun təbiiliyinə kölgə salardı.
"Dünyada neçə belə xalq var ki, 10 minlərlə şəxs meydanlara toplaşaraq dövlət rəhbərliyinə onu silahlandırmaqla bağlı müraciət etsin? Ona görə də bu, bir ümumxalq mitinqi idi. Bizim orada iştirakımız təxribat imkanlarını artırardı."
Cənab Kərimli deyir ki, "əvvəlcədən ehtimal etdiyinə görə mümkün təxribatların qarşısının alınması üçün çoxlu səylər göstərib."
"Mən iki dəfə mesaj göndərdim ki, hakimiyyət bu aksiyalardan qorxmamalıdır. Bu, əslində hökumətə də bir çağırış idi. Bu aksiyalar hökumətə qarşı deyildi və Qarabağ tələbilə bağlı olan vətənpərvərlik aksiyaları idi. Ona görə də "hökumətin qorxuya düşüb təxribatlar planlamasına, zorakılıq etməsinə ehtiyac yoxdur" kimi müraciətlər etdim. Çox istəyirdim ki, aksiya dinc şəkildə başa çatsın. Bir anlıq təsəvvür edin ki, həmin aksiyalara müdaxilə olunmurdu... Nəyi pis olardı bunun? Azərbaycanın imicinə yaxşı təsir etməzdimi? Belə bir ovqat, belə bir kütləvilik, belə bir həmrəylik."
Əli Kərimli "Azərbaycan hökumətinin belə bir fürsəti buraxdığına təəssüfləndiyini" bildirir.
AXCP lideri həm də təəssüf edir ki, "o cür gözəl tədbir axırda su vuran maşınlar və rezin güllələrlə başa çatmış oldu."
Müxalifət lideri "bütün olanlara rəğmən bu aksiyaların məqsədinə nail olduğunu və Azərbaycan tarixinə yazılacaq bir xarakter aldığını" deyir.
"Xalqın əzmi, iradəsi eyni idi"
Milli Strateji düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, hökumətin "xalqın qarşısına çıxaracaq nüfuzlu şəxsləri yoxdur."
"Dünən baş verənləri 1988-ci illlə müqayisə ediriksə, mən sizə nəyin fərqli olduğunu deyim. Xalqın əzmi, iradəsi eyni idi. Ancaq 1988-ci ildə xalq hərəkatı başlayanda cəmiyyətdə müəyyən ziyalı təbəqəsi var idi ki, insanlar onları az-çox tanıyırdılar və xalq onları dinləməyə hazır idi. İndi həmin ziyalılar demək olar ki, qalmayıb."

Onun sözlərinə görə, hakimiyyət "bu ziyalıları sıradan çıxarıb, ya özünə tam şəkildə tabe edib, nüfuzdan düşməyə məcbur edib, ya da ictimai-siyasi proseslərdən tamamilə kənarlaşdırıb."
İsa Qəmbər "millətin birliyi, millətin orduya arxa çıxması" aksiyasının "uğurla yekunlaşmasına imkan verilməməsinə" görə hakimiyyəti ittiham edir.
"Təsəvvür edin ki, hakimiyyət öz səhvləri üzündən o cür gərginləşmiş situasiyanı, çox yüksək səviyyəli dinc aksiyanın - millətin birliyi, millətin orduya arxa çıxması aksiyasının uğurla yekunlaşmasına imkan vermədi. Bu araşdırılır və araşdırılmalıdır ki, bu təxribat necə oldu ki, baş verdi?"
Cənab Qəmbər ehtimal edir ki, "tanınmış ictimai-siyasi partiya liderləri və ictimai-siyasi şəxsiyyətlər orda görünsəydilər, həmin təxribatı da hakimiyyət onların boynuna yıxmağa başlayacaqdı."
"Böyük planın bir hissəsi"
Hüquq müdafiəçisi, araşdırmaçı-jurnalist Xədicə İsmayılova düşünür ki, parlament önünə toplaşan kütlənin gözləntisi "səfərbərlik vədi" olsa da, Azərbaycanda "bu vədi verə biləcək hökumət yoxdur."
"Azərbaycan hökumətinin Qarabağda uzunmüddətli sülhü bərpa edəcək hansısa addımlar atmaqla bağlı heç bir planı olmayıb və bu vədi verəcək şəxs də yox idi. Hökumətin həmin əhalini hansısa şəkildə sakitləşdirəcək, evinə göndərəcək, rahatladacaq populyar siması da yoxdur ki, heç nə vəd etmədən, çıxsın adamlara desin ki, bu gün dağılışaq. Sabah görərik başımıza nə gəlir... Yəni, xalqa müraciət edəcək bir sima yoxdur. Yoxdur belə bir adam!" - Xədicə İsmayılova vurğulayır.

O ehtimal edir ki, insanların meydana axışmasına "şərait yaratmaq, hətta bəlkə bunu təşkil etmək də böyük planın bir hissəsi ola bilər."
"İnsanların toplanmış narazı enerjisini, qaynar qazanın qapağını bir balaca açıb buraxarcasına buraxmaq lazım idi ki, o enerji özünütəzahür etsin. Amma bu, idarəolunan proses olmalı idi. Və biz bunu gördük".
Xədicə İsmayılova əlavə edir ki, "hətta orda baş verən təxribatların da arxasında hökumətin durduğu ortaya çıxsa mən təəccüblənmərəm".
Onun sözlərinə görə, bir yerdə maşın çevrilməsi, digər bir yerdə parlamentin binasına girilməsi "çox lokaldır və əgər insanların bunu etmək niyyəti olsaydı, bu, bütün meydan boyu baş verə bilərdi. Bu da onu göstərir ki, bu, sadəcə polisə aşırı güc tətbiq etməkdən ötrü bəhanə vermək idi."
O, bunun baş verməsi də "təsadüfi" hesab etmir.
"2003-də camaat dinc şəkildə Azadlıq Meydanını tutmuşdu. Dinc adamlara güllə atmaq bəhanəsini həmin təxribatçı qrup verdi. O adamları heç kim tanımırdı. Sonda da o şəxslər nə tutulanların, nə də siyasi fəalların içində idilər. O, adamlar elə bil ki, o aksiyanın içində gəldilər və yox oldular," - o deyir.
2013-cü ildə baş verənləri də xatırladan Xədicə İsmayılova ehtimal edir ki, "həmin ildə olduğu kimi hökumət bu dəfə də qeyri-populyar şəxslərdən qurtulmaq addımı atacaq":
"2013-cü ildə olduğu kimi, əsgər ölümlərinə son aksiyasında Səfər Əbiyev vəzifəsindən kənarlaşdırıdı. Bununla da hökumət zorla dağıdılan aksiyanın tələbinə "qulaq vermiş" oldu."
Hüquq müdafiəçisi hesab edir ki, əgər ölkədə "siyasi proseslər getsə və vətəndaş cəmiyyəti olsaydı, onlar bu aksiyanı təşkil edərdi" və o zaman "aksiyada mikrofon olardı, tribunalar olardı və o tribunaya çıxan adamları adamlar eşidərdilər".
"Pandemiya şəraiti olmasaydı..."

Millət vəkili, Azərbaycanın hakimiyyət təmsilçisi Zahid Oruc deyir ki, "pandemiya şəraiti olmasa idi bu məsələlərə - yön vermək, təşkilatlandırmaq, onlara, belə demək mümkünsə, dizayn vermək" olardı.
Zahid Oruc hesab edir ki, məsələlərə "hakimiyyət nümayəndələri izdiham qarşısına çıxmadı" prizmasından yanaşmaq doğru deyil.
Hakimiyyət təmsilçisi hesab edir ki, hakimiyyət məhdudlaşdırıcı və evdə qalmaq tədbirlərini əsas götürərək izdiham qarşısına çıxmayıb.
Zahid Oruc "xalqın müxtəlif kəsimlərinin özbaşına, heç bir təşkilatçı olmadan, hökumətə dəstək üçün keçirdiyi aksiya ilə bağlı hökumətin provokativ yanaşmasının ola biləcəyini" istisna edir.
"Orada siyasi şüarlardan daha çox "Ali Baş Komandan, sizinləyik, bizə silah verin", "dövlətlə birlikdəyik" şüarları və düşmənə olan o qəzəb və hiddət dolu "Qarabağ bizimdir!" şüarı ilə Azərbaycanın bütovlükdə milli dərdləri meydanda olan xalqın dilində idi... Onlar anti-dövlət və anti-parlament şüarlar səsləndirməyiblər."
O hesab edir ki, xalqın bir sıra nümayəndələrinin iştirakı ilə keçən aksiya "dövlətlə birlik aksiyası olub."
Ona görə də cənab Oruc "hökumətin insanların coşqusundan öz siyasi və hərbi mövqeyini gücləndirmək üçün istifadə etdiyi halda, belə bir addımı atacağını düşünmür:
"Bir neçə şəxs parlament binasına daxil olması ilə hakimiyyətə dəstək üçün təşkil olunmuş aksiyaların önəmini azalda bilməz, çünki dəstək üçün gəlmiş izdihamdan "iqtidara ziyan gələ bilməzdi."
İlham Əliyev: "Təxribat törədənlərin şəxsiyyəti müəyyənləşdirilir"
Prezident İlham Əliyev nümayişdən bir gün sonraya təsadüf edən çıxışında kütlələrin meydana axışması hadisəsinə toxunub, insanların "ona öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutduğunu" və onların "bu vətənpərvər addımı alqışladığını" deyib.
O bu hadisəni "xalq-iqtidar birliyini göstərən daha bir mənzərə" adlandırıb.
İlham Əliyev həmçinin deyib ki, nümayişlər baş verən zamanı Daxili İşlər naziri Vilayət Eyvazova insanların təhlükəsizliyini təmin edilməsi, yol hərəkətinin tənzimlənməsi barədə göstərişlər verib.
"Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, "beşinci kolon"un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir".
Cənab Əliyev əlavə edib ki, "təxribat törədənlərin şəxsiyyəti müəyyənləşdirilir" və "onların hamısı məsuliyyətə cəlb ediləcək".







