Türkiyə "Azərbaycanın yanında olduğunu" bəyan edir, Paşinyan bundan "narahatlıq" ifadə edir

Mevlüt Çavuşoğlu, Türkiyə, nazir, ermənistan, azərbaycan

Şəklin mənbəyi, TRT

Türkiyə Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı "Azərbaycanın yanında olduğunu" bildirib.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu TRT-nin canlı yayımında bildirib ki, "Ermənistanın etdiyi qəbuledilməzdir, ağlını başına yığsın. Azərbaycan yalnız deyil".

"Biz Türkiyə Cümhuriyyəti olaraq və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq və Azərbaycanın torpaq bütünlüyünün qorunması məsələsində də bundan sonra da əlimizdən gələn tam dəstək verəcəyik", Çavuşoğlu qeyd edib.

O, hadisə ilə bağlı azərbaycanlı həmkarına zəng edəcəyini deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Çavuşoğlunun reaksiyasına bu gün Hökumət iclasında şərh verib, Türkiyənin mövqeyinin "xüsusi narahatlıq doğurduğunu" bildirib.

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən "ciddi narahatlığını" bildirib, tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırıb.

Rusiya XİN saytında çap olunan bəyanatda qeyd edilib ki, Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır".

Bu bəyanatlar bazar günü günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölüm və yaralanmalara səbəb olan qarşılıqlı atışma baş verməsindən sonra verilir. Azərbaycan döyüşlər nəticəsində dörd hərbçisinin həlak olduğunu bildirib.

Azərbaycan Təhlükəsizlik Şurasının iclasını keçirib

İlham Əliyev,

Şəklin mənbəyi, Prezident.az

"Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib", Prezident İlham Əliyev bazar ertəsi günü bildirib.

Təhlükəsizlik Şurasının iclasında çıxış etmiş cənab Əliyev bildirib ki, "qəflətən bizim hərbi postumuza artilleriya atəşi vurulub və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm".

Prezident Əliyev beynəlxalq təşkilatlara müvafiq müraciətlər edildiyini və operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini vəziyyəti öz gözləri ilə görmələri üçün həmin əraziyə dəvət edəcəyini qeyd edib.

"Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik", cənab Əliyev bildirib.

İlham Əliyev hadisənin baş verməsini Ermənistanda "daxili vəziyyətin artıq böhranlı həddə çatması", "daxili çaxnaşmalar geniş vüsət alması", Azərbaycanın "beynəlxalq uğurlarının" "onlarda paxıllıq hissini daha da gücləndirməsi" əlaqələndirib.

Paşinyan nə deyib?

Ermənistan baş naziri Nikol Paşinyan Hökumət iclasında "vəziyyətin gərginləşməsinə görə Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərini" ittiham edib.

"Artıq uzun müddətdir, Azərbaycan hakimiyyəti, bizə məlum olan səbəblərə görə, "anti-erməni kart" oynatmağa çalışır. Bəlkə bu, Azərbaycan hərbi-siyasi rəhbərliyinin iş üslubudur, onlar sərhəddə vəziyyəti gərginləşdirərək, daxili problemləri arxa plana sıxışdırmağa çalışırlar. Bu kontekstdə insan ömrünə, o cümlədən Azərbaycan hərbçilərinin ömrünə nifrət hissi özünü büruzə verir. Bu, onların [əsgərlərin] perspektivsiz hərəkətlərə göndərilməsində təzahür olur", - Paşinyan deyib.

"İnanın ki, heç bir təxribat cavabsız qalmayacaq, və bütün soydaşlarımızı birmənalı Silahlı Qüvvələrimizə, vətənin müdafiəsində duran əsgər və komandanlara dəstək verməyə çağırıram. Onların arxası möhkəm olmalı, və hər birimiz onun bir hissəci olmalıyıq. Soydaşlarımızı müstəsna olaraq rəsmi mənbələrə etibar etməyə çağırıram, çünki bu dönəmdə erməni ordusunun qələbəsinin rəhni cəmiyyətimizin informasiya qarşıdurma qabiliyyətidir", - Paşinyanın çıxışında bildirilir.

Rusiyalı nazir və ATƏT nümayəndələri ilə söhbət

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb, bölgədə vəziyyətin daha da gərginləşməsinə görə Ermənistanı ittiham edib və "üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini" qeyd edib.

Bundan əvvəl Elmar Məmmədyarov məsələ ilə bağlı 25 ildən çoxdur ki, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT nümayəndələri ilə söhbətində "ciddi narazılığını" bildirib.

O, ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefonla danışıb və "Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib", XİN məlumat yayıb.

"E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb", məlumatda bildirilir.

Ermənistan KTMT baş katibi və ATƏT nümayəndələri ilə danışıb

Ermənistan Müdafiə Nazirliyi yaydığı bəyanatda bildirir ki, Ermənistan baş naziri, müdafiə və xarici işlər nazirləri iyulun 13-nə keçən gecə ATƏT-in fəaliyyətdə olan nümayəndəsi Andrzey Kaprzyk-lə təmasda olub.

"Müdafiə naziri David Tonoyan cənab Kasprzyk-ə məlumat verib ki, Ermənistan Silahlı Qüvvələri birləşmələrinin komanda heyətinə təmkinliliyi qorumaq, lakin lazım gələrsə, qarşı tərəfin Ermənistan sərhədində təxribatına cavab olaraq, yeni, daha əlverişli mövqelər tutmaq əmri verilib," - nazirliyin yaydığı bəyanatda deyilir.

Bundan başqa, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Ermənistan-Azərbaycan sərhədində iyulun 12-də atəşkəsin pozulması haqqında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Konstantin Zasa məlumat verib.

Bu barədə Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan öz Facebook səhifəsində qeyd edib.

"Nazir Mnatsakanyan KTMT baş katibinə Azərbaycan SQ tərəfindən iyulun 12-də Tavuş istiqamətində, artilleriya qurğularından istifadə edərək, atəşkəs rejiminin pozulması, iyulun 13-ü səhəri hərəkətlərin davam etdirilməsi, eləcə də vəziyyətin gərginləşməsinin nəticələri haqqında ətraflı məlumat verib", - XİN mətbuat katibinin qeydində deyilir.

Ermənistan XİN başçısı "KTMT üzvü ölkəsinə dair bu kimi hərəkətlərin yolverilməz" olduğunu vurğulayıb.

"KTMT baş katibi ilə mütəmadi əlaqə saxlanılır, Təşkilat çərçivəsində işlər davam edir", - əlavə açıqlama verilmədən, Ermənistan XİN məlumatında deyilir.

Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı da bu gün Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı KTMT-nin Daimi Şurasının təcili iclasını keçirəcəyini bildirib. Sonradan bu məlumat qurumun saytından yığışdırılıb və agentliklər iclasın təxirə düşdüyünü yazıb.

Avropa İttifaqı "silahlı qarşıdurmanı dayandırmağa" çağırır

Aİ hər iki tərəfi "silahlı qarşıdurmanı dayandırmağa, gərginlik doğuran hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün dərhal tədbirlər görməyə çağırıb".

"Atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərtlər imkan verən kimi, ATƏT-in regionda monitorinqini bərpa edilməsi vacibdir".

"Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağa, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırır", - deyə bəyanatda qeyd olunur.

"Bu kontekstdə hər iki tərəf ATƏT-in Minsk Qrupunun həmsədrlərinin başçılığı ilə müəyyən edilmiş format olan birbaşa ünsiyyət mexanizmindən, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsindən istifadə etməlidir. Atəşkəsin bu cür ciddi pozulması şərait imkan verən kimi ərazidə ATƏT-in monitorinqinin bərpasına təcili ehtiyacın olduğunu göstərir", Aİ-nin rəsmi saytında bildirilib.

Avropa İttifaqı rəsmisi: "Çox narahatam"

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib ki, "Ermənistan-Azərbaycan sərhədində atəş mübadiləsinə görə çox narahatam".

"Təmkin nümayiş etdirmək, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək hər iki ölkə üçün çox vacibdir", onun tvitində deyilir.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Bazar ertəsinə keçən gecə də davam edən atışma ilə əlaqədar atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham ediblər.

Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər nəticəsində 4 hərbçisinin şəhid olduğunu və 5 əsgərinin yaralandığını bildirib.

Ermənistanın Müdafiə Nazirliyi ikisi polis əməkdaşı olmaqla, beş nəfərin yaralandığını bildirib.