Azərbaycan: sərt karantin rejimi iyulun 20-nədək uzadıldı, Bakıda metro dayanır, həftəsonu ictimai nəqliyyat işləməyəcək

polis, koronavirus, karantin, bu gün

Şəklin mənbəyi, Getty Images

Azərbaycanın bəzi şəhər və rayonlarında sərt karantin rejimi iyulun 20-nə qədər uzadıldı.

Ölkədə son iki ayda koronavirusa yoluxmanın artmasından sonra hökumət Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-dən ciddi karantin rejiminin tətbiqinə qərar vermişdi.

Hazırda sərt karantin rejiminin tətbiq edildiyi bölgələrə yeniləri də artırılıb.

Baş nazirin cümə günü imzaladığı qərara görə, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

O cümlədən iyulun 4-dən Bakıda metropolitenində sərnişindaşıma fəaliyyəti iyulun 20-nə kimi dayandırılır.

Azərtac xəbər verir ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda karantinin qüvvədə olduğu tarixlərdə həftəsonu (şənbə-bazar) bütün ictimai nəqliyyat dayandırılır.

Eyni zamanda, bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Amma baş nazirin iyulun 3-də imzaladığı qərara görə, yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisnadır.

Bakı

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində iyulun 20-nə dək bəzi iş və xidmət sahələri üzrə ərzaq və fəaliyyətə icazə verilmir:

  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti
  • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətləri
  • bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahələrdə müştərilərə evində və ya digər məkanlarda xidmətlər
  • muzey və sərgi zallarının fəaliyyəti
  • açıq havada idman oyunları
  • müştərinin evində və ya digər məkanda xidmət)
  • təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla)

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

  • təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və "E-Təbib" mobil tətbiqi vasitəsilə)
  • ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və "E-Təbib" mobil tətbiqi vasitəsilə)
  • yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə)
koronavirus, Azərbaycan, sms, plis

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Şəklin alt yazısı, Foto-Arxiv

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müraciətinə müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Bundan başqa, nəzərdə tutulan SMS icazəsindən yalnız bir dəfə istifadə edilməsinə icazə verilib.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə xidməti vəsiqələr və ya "icaze.e-gov.az" portalı vasitəsi ilə hərəkət edə bilərlər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında icazə verilir.

Azərbaycanda koronavirusa görə martın 24-dən xüsusi karantin rejimi tətbiq edilir. Aprelin 27-dən isə rejimin qaydaları yumşaldılmışdı.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Hazırda yoluxanların sayı 19 minə, ölənlərin sayı isə 230-a yaxınlaşıb. Karantin müddətində maska taxmaq məcburi hala gətirlib və cərimə iki dəfə artırılıb.