Fransada həyat yoldaşını "saxta işə" düzəltmiş keçmiş Baş nazir həbs olunub, Rusiya Baş Kəşfiyyat İdarəsi Talibana öldürülmüş amerikalılara görə pul ödəyib?
Həyat yoldaşına heç vaxt etmədiyi işə görə maaş ödəməkdə ittiham olunan Fransanın keçmiş Baş naziri həbs olunub. Onun həyat yoldaşına da həbs cəzası verilib. ABŞ-ın üç mətbu nəşri Ağ Evdəki mənbələrə istinadən xəbər verir ki, ötən il Rusiya hərbi kəşfiyyat bölməsinin nümayəndələri Talibanla sövdələşmə bağlayaraq, onlara Əfqanıstanda hər bir öldürülən amerikalı əsgərə görə pul ödəməyi təklif ediblər. Pakistanda silahlı hücum nəticəsində ölən və yaralananlar var. İranda bundan sonra ictimai yerlərdə maska taxmaq məcburi olacaq. Ötənilki qəzalara görə imtina edilmiş, AZAL-ın da aldığı Boeing 737 Max təyyarələrinin sınağına başlanır, 5G şəbəkəsi Covid-19 virusunu yaya bilərmi? - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.
"Saxta iş"-ə görə həbs

Şəklin mənbəyi, Reuters
Fransanın keçmiş Baş naziri François Fillon və onun uelsli həyat yoldaşı "saxta iş" ittihamı üzrə həbs cəzası alıblar.
Mühafizəkar Respublikaçılar Partiyasından olan Fillon həyat yoldaşı Penelope Fillon-a parlamentdəki köməkçisi adı ilə heç vaxt etmədiyi işə görə 1.156 milyon avro (1.06 milyon funt sterlinq) ödəməkdə təqsirli bilinib.
Keçmiş Baş nazir üç ili şərti olmaqla, 5 il, həyat yoldaşı isə 3 il şərti həbs cəzasına məhkum edilib.
Keçmiş Baş nazirin və xanımının qərardan apellyasiya verməsi Fillonun dərhal saxlanmasına mane olub.
Qalmaqal 2017-ci ildə onun prezidentliyə namizədliyinin ləğv olunması ilə nəticələnib.
66 yaşlı François Fillon 1958-ci ildə ölkədə Beşinci Respublika başladıqdan bəri həbs cəzası alan ən yüksək vəzifəli şəxsdir.
Hökm oxunan zaman onların koronavirusa görə taxdıqları maska cütlüyün üz ifadələrini gizlədib.
Fillon on illərlə siyasətdə olub. Öncə millət vəkili, sonra senator və daha sonra bir sıra nazir vəzifələrində işlədikdən sonra, o, 2007-2012 illərdə Prezident Nikola Sarkozinin rəhbərliyi zamanı Fransanın Baş naziri olub.

Şəklin mənbəyi, Getty Images
"Taliban"öldürülən amerikalı əsgərlərə görə Moskva ilə sövdələşməyə gedib?
ABŞ-ın üç mətbu nəşri - New York Times, Washington Post və Wall Street Journal - Ağ Evdəki mənbələrə istinadən xəbər verir ki, ötən il Rusiya hərbi kəşfiyyat bölməsinin nümayəndələri Talibanla sövdələşmə bağlayaraq, onlara Əfqanıstanda hər bir öldürülən amerikalı əsgərə görə pul ödəməyi təklif ediblər.
Qəzetlər yazır ki, guya elə həmin bölmənin Avropada bəzi hay-küylü sui-qəsdlərdə əli var.
Rusiya hakimiyyəti bu ittihamları qəti şəkildə rədd edib. Washington-dakı Rusiya səfirliyi isə bəyan edib ki, bu məqalələr nəticəsində artıq Rusiya səfirlərinin ünvanına təhdidlər gəlməyə başlayıb.
Taliban Moskva ilə bu cür sövdələşmələrin bağlanmasını hər vəchlə inkar edib.
Əsas məsələ prezident Donald Trump-ın bundan xəbərdar olub-olmaması ilə və əgər belədirsə, ona necə reaksiya verməsi ilə bağlıdır.
Bazar günü axşam Trump Twitter-də yazıb ki, kəşfiyyat ona yalnız indi məlumat verib ki, QRU-nun Taliban qruplaşması ilə sövdələşməsi barədə məlumatlar etibarsızdır və buna görə də nə ona, nə də vitse-prezident Mike Pence-ə bu barədə xəbər verilib.
"Ola bilsin ki, bu, Rusiya ilə bağlı daha bir saxtalaşdırmadır. Ola bilsin ki, New York Times saxta xəbərlər yolu ilə respublikaçıları pis vəziyyətdə qoymaq istəyir," - Donald Trump yazıb.
ABŞ mətbuatında dərc olunan yazılar Ağ Evin Əfqanıstanda 19 ildir davam edən münaqişəyə son qoymaq məqsədilə müharibə aparan tərəflər arasında sülh müqaviləsi bağlamağa çalışması dövrünə təsadüf edib.
Bu arada Britaniya parlamentinin müdafiə komitəsinin rəhbəri Tobias Elvud bazar ertəsi günü bu məsələ ilə bağlı hökumət qarşısında sorğu qaldırmaq niyyətindədir. Onun sorğusu qəbul olunarsa, hökumət naziri müvafiq rəsmi cavab verməlidir.

Şəklin mənbəyi, Reuters
Pakistan birjasına hücum
Dörd silahlı şəxs Karaçi şəhərindəki Pakistan birjasına hücum edərək, ən azı iki nəfəri öldürüb, başqalarını yaralayıb.
Hücum edənlər polis tərəfindən öldürülüb.
Bazar ertəsi günü silahlılar qumbara atdıqdan sonra birjanın xaricindəki təhlükəsizlik postuna atəş açıblar.
"Corolla avtomobilində gələn silahlıları darvazada polis əməkdaşları dayandırıb və elə orada da atəş başlayıb", - polis generalı Ghulam Nabi Memon BBC Urduya bildirib.
Polisln bildirdiyinə görə, hücum edən silahlılar ticarət əməliyyatları aparılan meydançaya keçə bilməyiblər.
Təhlükəsizlik qüvvələri hazırda ərazidə axtarış aparırlar.
Bəluc Qurtuluş Ordusu adlı təşkilat bu hücumu həyata keçirdiyini bildirib.
Etnik bəluc qrupları, Pakistanın Bəlucistan əyalətində bu ərazinin ayrılması və ehtiyatlarına nəzarətin daha böyük payının əldə edilməsi uğrunda uzun müddətdir ki, üsyançı mübarizə aparıblar.
Pakistan, əsasən islamçı qruplar tərəfindən törədilən silahlı zorakılıqlara illərdir ki, məruz qalır, lakin son illərdə bu dəfəki kimi hücum nadir hallarda baş verib.

Şəklin mənbəyi, Boeing
- Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 5 suala cavabda
- Hökumət yeni sərt karantin dövründə bizneslərə yardım edəcəkmi?
- "Qonşu ölkələr arasında son 14 gündə ən böyük artım Azərbaycanda qeydə alınıb" - ÜST nümayəndəsi
- Azərbaycanda sərt karantinə görə işini itirənlərə 190 manatın verilməsi bərpa edilir
Boeing şirkəti 737 Max təyyarələrinin sınağına başlayır
Boeing şirkəti bir neçə qəzadan sonra uçuşlardan çıxarılmış 737 Max təyyarələrinin təhlükəsizlik sınağına başlayır.
Pilotlar və texniki ekspertlər bazar ertəsi başlanması gözlənilən üç günlük test müddətinə start verəcək.
Boeing-in ən çox satılan bu model təyyarəsi ötən il 2 qəza törədərək 346 nəfərin ölümünə səbəb olmuşdu.
Bundan sonra bir çox ölkələr Boeing 737 Max modeli təyyarələrdən imtina etmişdilər.
Ötən il Azərbaycan Hava Yolları bu model təyyarədən 10 ədəd aldığını bildirmişdi.

Şəklin mənbəyi, Getty Images
İran "məcburi maska" qaydasına keçir
Yaxın Şərqdə Covid-19 pandemiyasının ən çox təsir etdiyi ölkə olan İran məcburi maska taxmaq qaydasına keçir.
Prezident Həsən Ruhani tərəfindən açıqlanan yeni tədbirlər növbəti bazar günündən etibarən qüvvəyə minəcək.
Ruhani maska taxmayanlara qarşı hansı addımların atılacağını bildirməyib.
İranın səhiyyə naziri maska taxmayan şəxslərin alış-veriş mərkəzləri kimi yerlərə buraxılmayacağını bildirib.
222 mindən çox rəsmi yoluxma halının olduğu ölkədə 10 min 500-dən çox insan həyatını itirib.

Şəklin mənbəyi, Getty Images
5G şəbəkəsi virus yaya bilərmi?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5G mobil telefon şəbəkəsinin Covid-19 virusunu yayması ilə bağlı iddiaları rədd edib.
Bir neçə gün əvvəl internetdə 5G mobil telefon şəbəkəsinin virusu yaydığı ilə bağlı iddialar yer alıb.
Azərbaycanda da bununla bağlı whatsapp şəbəkəsindən səsli mesajlar dolaşıb.
ÜST bildirib ki, viruslar "radiodalğalar və mobil telefon şəbəkələri vasitəsilə yayıla bilməz".
Qurum qeyd edib ki, Coronavirus pandemiyası 5G mobil telefon şəbəkəsinin mövcud olmadığı bir çox ölkələrdə yayılıb.








