Azərbaycanda onlayn növbə sistemi niyə düzgün işləmir?

Kapital Bankın Cəfər Cabbarlı filialının qarşısında da izdiham var.
Şəklin alt yazısı, Kapital Bankın Cəfər Cabbarlı filialının qarşısında da izdiham var.

Azərbaycanda son vaxtlar koronavirusa yoluxma tendensiyasının artmasına baxmayaraq, ictimai yerlərdə koronavirusla mübarizə qaydalarına riayət məsələsində "canfəşanlıq" etməyə çalışanların sayı elə də çox deyil.

Bakının müxtəlif yerlərində bankların, notariat ofislərin, bəzi dövlət və özəl qurumların qarşısında yaranan uzun növbələrdə çox vaxt sosial məsafə qaydalarının pozulduğu müşahidə olunur.

Bəzi dövlət qurumları vətəndaşların internet və telefon vasitəsilə qəbulunu elan etsələr də, xüsusilə özəl şirkətlərdən gələn belə təkliflərin sayı çox deyil.

Bakıda insanların ən çox qarşısında toplaşdığı və haqqında ən çox şikayət edilən qurumlar isə banklardır.

İnsanlar onlayn sistem vasitəsilə növbə götürə bilmədiklərini, bəziləri isə onlayn sistemdən yararlansalar da, yenə bankların qarşısında gözləməli olduqlarından şikayətlənir.

Bəs, xüsusilə pandemiya dövründə vətəndaşların ən azı banklara əvvəlcədən telefon və ya internet vasitəsilə növbə tutaraq müraciəti niyə düzgün təşkil olunmur?

Bankların qarşısında vəziyyət necədir?

Bakının mərkəzində müşahidə etdiyimiz 10-a yaxın bank filialının bəzilərinin qarşısında sıx izdiham, bəzilərində isə bir neçə nəfər görmək olardı. Qarşısında insan olmayan cəmi bir bank filialı var idi.

Azərbaycanda insanlar arasında sosial məsafə 1,5-2 metr qəbul olunub.

Müxbirimiz baş çəkdiyi bankların qarşısında olan növbələrdən demək olar ki, heç birində tələb olunan sosial məsafənin qorunmadığını müşahidə edib. Bəzi bankların qarşısında polislər dayansa da, onlar növbədə sosial məsafənin qorunmasına müdaxilə etməyib.

Qarşısında ən çox izdiham toplaşan banklardan biri olan Kapital Bankın operatoru BBC News Azərbaycancaya deyib ki, onlarda "təkcə hüquqi şəxslər üçün onlayn növbə sistemi var, fiziki şəxslər üçün isə belə bir sistem yoxdur".

Bankın nümayəndəsi fiziki şəxslər üçün onlayn sistemin nəzərdə tutulmadığını və bu barədə hələlik müzakirə aparılmadığını bildirib.

Kapital Bankın Baş ofisinin qarşısında müştərilər növbədə dayanarkən sosial məsafəni qorumur.
Şəklin alt yazısı, Kapital Bankın Baş ofisinin qarşısında müştərilər növbədə dayanarkən sosial məsafəni qorumur.

"Filiala maksimum 10 nəfər daxil ola bilər. Bankın qarşısındakı növbələr müraciətlərin çoxluğu ilə bağlıdır. Bununla bağlı aidiyyatı tədbirlər görülməkdədir", - bankın operatoru deyib.

Bank nümayəndəsi hansı tədbirlərin görüldüyünü izah etməyib.

Məsələnin həlli yolu kimi isə, operator "hal-hazırda tövsiyə olunan banka əvvəlcədən gedib növbə götürməkdir" deyib.

Kapital Bankın Cəfər Cabbarlı filialının qarşısında da izdiham var.
Şəklin alt yazısı, Kapital Bankın Cəfər Cabbarlı filialının qarşısında da izdiham var.

Həmin bankın Cəfər Cabbarlı filialının qarşısında da izdihamla qarşılaşırıq. Bankın qarşısında və bir qədər ətrafda 20-dən çox adam növbə gözləyir. Onların arasında da tələb olunan sosial məsafə qorunmur.

Növbə gözləyənlərin bəziləri deyir ki, onlar bu yaxınlarda bağlanmış bankların sənədlərini təqdim etmək üçün gəliblər.

Namiq adlı vətəndaş deyir ki, onlara banka yaxınlaşmaq üçün konkret vaxt göstərilsə də, bu vaxta əməl edilmir və əlavə edir ki, artıq yarım saatdan çoxdur ki, növbə gözləyir.

Bir neçə şəxs də 40-45 dəqiqə növbə gözlədikləri barədə nəzarətçilərə şikayət edir.

Beynəlxalq Bankın filialının qarşısında növbə olsa da, burada sosial məsafə qismən qorunur.
Şəklin alt yazısı, Beynəlxalq Bankın Nəsimi filialının qarşısında növbə olsa da, burada sosial məsafə qismən qorunur.

Beynəlxalq Bankın Nəsimi filialının qarşısında növbə olsa da, burada sosial məsafə qismən qorunur.

Beynəlxalq Bankın onlayn növbə sistemi olsa da, bankın qarşısındakı vətəndaşların çoxu bundan xəbərsiz olduqlarını bildirib.

Aidə adlı qadın deyir: "Yəqin onlayn növbə götürsəm də, yenə bu qədər növbə gözləməli olacağam, ona görə heç onlayn növbə ilə maraqlanmamışam".

Beynəlxalq Bank müştərilərinə saytlarında qeyd olunan bölmədən banka yaxınlaşmaq üçün onlayn növbə götürmək təklif edir. Bu zaman müştəri 30 dəqiqə aralıqla təklif olunan vaxtlardan istədiyini seçə bilər.

Bankın operatoru BBC News Azərbaycancaya deyib ki, "bağlanan bankların müştəriləri də daxil olmaqla ümumilikdə müştəri sayı çox olduğuna görə hər kəsə onlayn növbə çatışmaya bilir. Bu zaman insanlar bankın qarşısında növbə gözləməli olur".

Bankın nümayəndəsi deyir ki, bankın saytında onlayn növbə götürərkən "filiala yaxınlaşmaq üçün saat seçə bilmirsinizsə, deməli onlayn növbə yerləri dolub".

Operator həm də deyir ki, bankda göstəriləm əməliyyatların vaxtı uzadılmalı olsa, müştəri "onlayn növbə götürdüyü vaxtda qəbul edilməyə də bilər".

İlham Əliyev nə deyib?

Prezident İlham Əliyev Azərbaycanda koronavirusun geniş yayılmasında vətəndaşları günahlandırıb. O, may ayındakı çıxışında deyib ki, ölkədə koronavirusa yoluxma halı azalandan sonra sayın yenidən artması "vətəndaşların məsuliyyətsizliyindən" doğur.

Prezident hesab edir ki, aprelin 27-dən karantin rejiminin yumşaldılması əks nəticə verib və yoluxanların sayı artmağa başlayıb.

"Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar", - İlham Əliyev deyib.

Azərbaycanda indiyədək 11 mindən çox şəxs koronavirusa yoluxub, 130-dan çox adam ölüb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb. İyun ayında isə qurum koronavirusun qarşısının alınması məqsədilə həftəsonları ev təcridi rejimi tətbiq etməyə başlayıb.