TƏBİB: "Videogörüntülərdəki Bəhram Bağırzadə deyil"

Şəklin mənbəyi, APA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə əməkdar artist Bəhram Bağırzadə ilə bağlı yayılmış videogörüntülərə cavab verib.
TƏBİB bildirib ki, görüntülərdəki şəxs Bəhram Bağırzadə yox, "Yeni Klinika" tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaş olub.
Uzun illər "Şən və Hazırcavablar klubunun" üzvü olmuş Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.
Son günlərdə sosial şəbəkələrdə yayılmış və Bəhram Bağırzadənin olduğu iddia olunan görüntülərdə həkimlər bir nəfərə tibbi müdaxilə edirlər.
Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti görüntülərin sözügedən xəstəxada çəkilmədiyini bildirib.
Hospital bildirib ki, Bəhram Bağırzadə iyunun 13-də vəziyyətinin kəskin pisləşməsinə görə müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
"Bəhram Bağırzadənin EKMO cihazına qoşulduqdan sonra son 24 saat ərzində dinamikasında az da olsa stabillik, hətta nisbi müsbət dəyişikliklər var", - Mərkəzi Gömrük Hospitalı açıqlayıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram sosial şəbəkə hesabından Bəhram Bağırzadəyə dəstək mesajı paylaşıb.
"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik", - Mehriban Əliyeva yazıb.
Birinci vitse-prezident hər kəsdən "bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməyi" xahiş edib.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
Ölkədə indiyədək 10.662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.








