TƏBİB sözçüsü Rəvanə Əliyeva Facebook postuna görə tənqid olunur

rəvanə əliyeva, koronavirus, facebook, bu gün

Şəklin mənbəyi, ITS, Facebook

Şəklin alt yazısı, Rəvanə Əliyevanın Facebook-da yazdığı postu qəzəb yaradıb

Azərbaycanda koronavirusa qarşı mübarizədə məsul qurumun təmsilçisinin sosial mediada vətəndaşları "məsuliyyətsiz" və "eqoist" davranışda ittiham etməsi tənqid və qəzəb doğurub.

Yerli medianın çap etdiyi və onlarla şərh və paylaşım gələn postun müəllifi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in sözçüsü Rəvanə Əliyevadır.

Rəvanə Əliyeva koronavirusun varlığına inanmayanlara xitabən "Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə" yazıb.

O BBC News Azərbaycancaya danışarkən statusunun qəzəbli reaksiya doğurmasından təəccübünü ifadə edib.

Bəs dövlət qurumunun təmsilçisi olan Rəvanə Əliyevanın belə bir status yazması təmsil etdiyi qurumun daxili qaydalarını pozmurmu, TƏBİB-in sosial media qaydaları nədir, bu qurumda işçilərin şəxsi postlar yazması necə tənzimlənir ?

Rəvanə Əliyeva deyir ki, TƏBİB ona belə bir qadağa qoymayıb. Onun sözlərinə görə, TƏBİB-də işçilərin sosial mediadan istifadəsi qaydaları sənədi yoxdur.

İşçilərin öz fikirlərini paylaşmasına gəldikdə isə, o bildirib ki, "şəxsi profilində şəxsi fikirlərini" paylaşıb.

Onun Facebook postunda sonra təmsil etdiyi qurum artan koronavirus halları, koronavirus testləri, xəstəxanada yerlərin olmamaması və ümumilikdə, karantin qaydaları barədə verilən qərarlarına görə tənqid edilib.

İki gün öncə atasının itirmiş jurnalist Seymur Kazımov Rəvanə Əliyevaya "insanları qınayan, alçaldan" postu ilə bağlı müraciət edərək ictimai şəkildə TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlıya "TƏBİB-in insanlara olan biganəliyi"nə dair açıq məktub yazıb.

Atasının 10 gün qızdırmadan əziyyət çəkdikdən sonra vəfat etdiyini və atasının "yarıtmaz səhiyyənin və bir qrup məsuliyyətsizin verdiy məntiqsiz qərarların qurbanı" olduğunu deyən jurnalist, Ramin Bayramlıdan səhiyyə sistemi ilə bağlı suallara cavab istəyib.

koronavirus
xətt

Rəvanə Əliyeva nə deyib?

TƏBİB sözçüsü Rəvanə Əliyeva bazar ertəsi günü şəxsi Facebook profilində bir müxbirin qızdırmalı halda işləməsi və 103-ə məlumat verilməməsi, koronavirus test nəticəsi pozitiv çıxan başqa bir şəxsin isə rayona getməsi, bir şəxsin isə özünü evdə müalicə etməsini tənqid edib.

"Artıq həqiqətən dözmürəm. Bəsdir məsuliyyətsizlik etdiniz!", Rəvanə Əliyeva bu barədə "ilk dəfə sadə vətəndaş kimi" yazıdığını qeyd edib.

"Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, həkimlərimiz ölür sizə görə!!!", o əlavə edib.

O bu rejimdə işlədiyinə görə əlavə pul almadığını da bildirib.

Paylaşımını ötürün Facebook, 1

Məzmun mövcud deyil

Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.

Paylaşımın sonu Facebook, 1

TƏBİB-in sözçüsünün paylaşımına yazılan bəzi şərhlərin müəllifi onun fikirlərini bölüşdüklərini bildiriblər, lakin narazılıq bildirən şərhlər də az olmayıb.

"3 gün evdə qızdırmada yatan analizi korona çıxan bir xəstə gündə 10 dəfə 103 ə zəng edir ki, gəlib məni aparın həkimlər deyir vaxtımız və yerimiz yoxdu. Yer boşalanda gələrik. Ölməzsiz qorxmayin... Bu nədir bəs!! Dünən sizə də yazdım cavab vermədiniz...təki vətəndaşa qarşı bu qədər laqeydlik niyə yaranıb???", İlahə Vəliyeva - Hacıyeva adlı istifadəçi yazıb.

İradə Kerimova adlı istifadəçi isə diqqəti Bakıdan kənara yönəldib: "İnsanların inanmamasına müxtəlif səbəblər var. Bu səbəbləri görmək üçün rayon xəstəxanalarında karantin rejimində saxlanılan xəstələrə bir baş çəkin və görəcəksiniz niyə insanların inamsız olduğunu. Hər şey paytaxtla bitmir. Canını fəda edən insanlarla yanaşı, məsuliyyətsizliyi və işbilməməzliyi ilə görülən işi kölgəyə salan tibb personalı da var. Yəni hər şeyin bir səbəbi var. İnsanları məsuliyyətsizlikdə və eqoistlikdə günahlandırmaq bir üsul deyil.

"Sizin hər cümlənizlə razıyam, hər birimiz məsuliyyətli olmalıyıq. Amma operativ qərargahın qərarları özü bəzən yoluxmanın artmasına rəvac verir. Həftəsonu sərt karantin rejimindən 1 gün əvvəl market və mağazalarda yaranan izdiham infeksiyanın sürətlə yayılması üçün ən böyük zəmindir, Facebook profilində İTV-nin İnformasiya Departamentində böyük redaktor olduğunu bildirən Əmrah Fəqanoğlu yazıb.

"Atam yarıtmaz səhiyyə və məntiqsiz qərarların qurbanı oldu"

Seymur Kazımov, jurnalist

Şəklin mənbəyi, Fərqanə Novruzova

Şəklin alt yazısı, Seymur Kazımov suallarına yalnız Ramin Bayramlıdan, bu sahəyə məsul olan şəxsdən cavab istəyir.

Sosial şəbəkələrdə bu şərhlə əlaqəli ən təsirli paylaşımı iki gün öncə atasını itirən jurnalist Seymur Kazımov edib.

Rəvanə Əliyevaya xitabən "sizin insanları qınayan, alçaldan postunuz imkan vermədi ki, sakitcə yasımızı tutaq" yazan jurnalist TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlıya "TƏBİB-in insanlara olan biganəliyinə" dair açıq məktub yazıb.

Paylaşımını ötürün Facebook, 2

Məzmun mövcud deyil

Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.

Paylaşımın sonu Facebook, 2

Azərbaycan səhiyyəsinin "növbəti qurbanının atası olduğunu" qeyd edən Seymur Kazımov "10 gün qızdırmadan əziyyət çəkən atasına normal tibbi xidmət göstərilmədiyini" bildirib.

O, Xırdalan Təcili Tibbi Yardımından başlayaraq, TƏBİB-in qaynar xəttinə gec cavab verilməsi, ölümündən 4 gün öncə analiz edilməsi, həkimin günlər sonra gəlməsi, atasının xəstə halda rentgenə getməsi və ikitərəfli ağciyər pnevmaniyası diaqnozu qoyulması, testin cavabı olmadan ağır xəstənin xəstəxanaya aparılmaması, ölümündən iki saat sonra koronavirus testinin nəticəsinin neqativ olması barədə mesaj gəlməsinə dair 10 gün ərzində başlarına gələnləri sadalayıb və Ramin Bayramlıya səhiyyə sistemi və koronavirusla mübarizə siyasəti barədə suallar yollayıb.

"...Yuxarıda sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiyi məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz", o qeyd edib.

Suallarına yalnız Ramin Bayramlıdan, bu sahəyə məsul olan şəxsdən cavab istəyən Seymur Kazımov BBC News Azərbaycancaya bildirib ki, hələlik onun bu məktubuna cavab verilməyib.

"Yəqin ki, artıq ictimailəşib, yəqin ki, insanlar paylaşıb, xəbərləri olar. Ya məni qəbul etsin, ya da telefonla danışsın".

Jurnalistin bu postuna yüzlərcə şərh yazılıb və post yüzlərlə paylaşılıb.

Jurnalist Şahin Rzayevə görə, Seymur Kazımovun "məktubu sanki bir fəryaddır". "Səbrin tükəndiyi məqam", o belə şərh verib.

Könül Şamilqızı yazıb: "Bu sualları jurnalist Seymur Kazımov verib. Əslində isə hamının suallarıdı. Üst pərdədən, yekə-yekə camaata dərs keçmək, yol göstərmək, aşağılamaq yerinə bu suallara cavab verin. Rəvanə Əliyevanın yazdığını mən də oxudum, "Niyə sizin məsuliyyətsizliyiniz üzündən mənim yaxınlarım ölsün?" deyə soruşurdu. Niyə sizin məsuliyyətsizliyiniz ucbatından Seymurun atası ölməliydi bəs?"

"Jurnalist Seymur Kazımovun atası vəfat edib. Bir daha başsağlığı veririk. Seymur bəy atasının ölümü ərəfəsində başlarına gələni yazıb. Pis idarəçəliyin necə böyük fəlakət olduğunu görün...", Şahvələd Çobanoğlu yazıb.

Rəvanə Əliyeva "Şəxsi proflimdə şəxsi fikirlərimi paylaşmışam"

Rəvanə Əliyeva postu ilə bağlı BBC News Azərbaycancaya bildirib ki, o bu postda "qorxularını dilə gətirib".

O, postunun TƏBİB təmsilçisi kimi qəbul edilməsi ilə bağlı deyib ki, paylaşımı "sıravi vətəndaş kimi" edib.

"Mən qorxuram, mən valideynlərim üçün qorxuram, əzizlərim üçün qorxuram", o əlavə edib.

Onun sözlərinə görə, TƏBİB-də işçilərin sosial mediadan istifadəsi qaydaları sənədi yoxdur.

İşçilərin öz fikirlərini paylaşmasına gəldikdə isə Rəvanə Əliyeva bildirib ki, "mən bunu rəhbərimlə məsləhətləşməmişəm. Mən bunu şəxsi profilimdə öz fikirlərim kimi səsləndirmişəm. Bunu rəhbərlik necə qiymətləndirir, filan, mən bu gün evdəyəm karantindir, evdən işləyirik və bayram günüdür. Şəxsi profilimdə şəxsi fikirlərimi paylaşmışam".

Vətəndaşları məsuliyyətsizlikdə ittiham etməsi iddialarına gəldikdə isə o bildirib ki, yazdığı üç faktda barələrində bəhs edilən şəxslər "məsuliyyətsizdirlər".

"Üç fakt yazmışam və demişəm ki, bəli, bu vətəndaşlar məsuliyyətsizdirlər. Həmin o üç faktda göstərdiyim vətəndaşlar, bəli, eqoist davranış göstəriblər ki, nəticəsini bilmədən çıxıb kimlərinsə uşaqları ilə gedir rayona, bilə-bilə ki, qızdırmalıdır, təcili yardıma müraciət etmədən gedir işə. Bəli, onlar eqoist və məsuliyyətsizdirlər."

O həmçinin bildirib ki, şəxsi fikirlərinə görə açıqlama vermək istəmir və fikirlərini "sıravi vətəndaş kimi" paylaşıb və bu, onun dostlarına səsləndiyi fikirləridir.

"Orda kimisə alçaldacaq, təhqir edəcək bir şey yazmamışam. 3 fakt yazmışam və insanları səsləmişəm ki, məsuliyyətli olsunlar. Bunu mən yaxınıma da aid edirəm, doğma bacıma da".

O, postuna qəzəbli reaksiya gözləmədiyini və postunu dəstək və ya tənqidi şərhlər üçün yazmadığını bildirib.