Azərbaycanda dolları indi necə almaq olar?

- Müəllif, Cəmilə İbrahimova
- Vəzifə, BBC News Azərbaycanca
Azərbaycanda xarici valyuta alanlara nəzarət son bir neçə ayda gücləndirilsə də, son günlər külli miqdarda valyuta alanların vergiyə cəlb oluna biləcəyi barədə məlumatlar verilir.
Yerli mediada deyilir ki, Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərin daha ətraflı məlumatlarının toplanılması barədə təlimat ünvanlayıb.
Bu məlumatlara görə, 500 dollardan yuxarı xarici valyuta almaq istəyən müştərilər xüsusi blankda öz məlumatlarını qeyd etməlidirlər.
Mərkəzi Bank BBC News Azərbaycancanın sorğusunu hələ ki, cavablandırmayıb.
Banklar valyutanı hansı şərtlərlə satır?
BBC News Azərbaycanca banklarda xarici valyutanın hansı şərtlərlə satılması barədə maraqlanıb.
Müşahidələrimiz zamanı bankların birində müştərilərə valyuta satışı zamanı xüsusi blankın verildiyini görürük.

Həmin blankda müştəridən tam ad, şəxsiyyət vəsiqəsinin məlumatları, əlaqə nömrəsi, vəsaitin məbləği haqqında məlumatları qeyd etmək tələb olunur.
Bankın nümayəndəsi bir neçə ay əvvələ qədər bu blankların ancaq 500 dollar və ya avrodan yuxarı məbləğdə valyuta dəyişmək istəyənlərə şamil olunduğunu desə də, artıq bu qaydanın "1 dollar dəyişmək istəyənlərə belə" şamil olunduğunu deyib.
Onun sözlərinə görə, bu qayda Mərkəzi Bank tərəfindən tələb olunur və ehtimal edir ki, bu addım "valyutanın qara bazarının qarşısının alınması üçün" atılıb.
Beyəlxalq Bankın müştəri xidmətləri bir şəxs üçün 11500 dollar və ya 10 min avroya qədər valyuta dəyişə biləcəyimizi bildirib, lakin onlarda bu limitin hansı müddət üçün hesablandığı barədə "məlumat olmadığı" deyilib.
Bank nümayəndəsi ilk öncə bankda valyuta dəyişərkən "hər hansı blank doldurmağın tələb olunmadığını" desə də, daha sonra bu qaydanın tətbiq olunduğunu bildirib. O, blankdakı məlumatların hara təqdim olunacağı barədə də onlarda "məlumat olmadığını" deyib.
Operatorun məlumatına görə, limiti keçən müştəriyə Beynəlxalq Bank tərəfindən "xarici valyuta satılmayacaq". Lakin o, əlavə detallar barədə məlumatsız olduğunu bildirib.
Kapital Bankın müştəri xidmətləri bir şəxsin "il ərzində 20 min manat ekvivalentində valyuta ala biləcəyini" deyib.
"20 min manatadək ekvivalentdə valyuta almaq istəsəniz, bu, ərizə əsasında həyata keçiriləcək. Bu, sadəcə Kapital Bankın təyinatıdır və bu təyinata əsasən də belə edilir", - bank nümayəndəsi deyib.
O, müştərilərin toplanılan məlumatlarının "baş ofisə ötürüldüyünü" bildirib.

Şəklin mənbəyi, Reuters
"200-300 dollarla çirkli pullarla mübarizə aparılmır"
İqtisadi məsələlər üzrə şərhçi Samir Əliyev deyir ki, "bu addımın qanunvericilik kökü çirkli pulların yuyulması ilə bağlı qüvvədə olan qanuna əsaslanır".
O söyləyir ki, bu qanun Azərbaycanda çoxdan qəbul olunsa da, ona "əməl olunmurdu".
"Azərbaycan maliyyə monitorinqi orqanları arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə yaradılan Eqmunt qrupunda Maliyyə Monitorinqi Xidməti ilə təmsil olunur. Bir neçə ay əvvəldən söhbət yayılmışdı ki, 20 min manatadək məbləğdə valyuta alanlar Maliyyə Monitorinqi Xidməti vasitəsilə sorğu-sual olunur. İndi isə, 500 dollar məbləğində, bəzi hallarda isə 100-200 dollar məbləğində valyuta alanların blank doldurmaq məsələsi var", - iqtisadçı deyir.
Samir Əliyev deyir ki, pulun məbləğini göstərə bilməyənlərin "vergiyə cəlb edilmə ehtimalı var". Onun sözlərinə görə, bu zaman həmin məbləğ gəlir kimi qiymətləndirilərək "gəlir vergisinə cəlb edilə bilər".
İqtisadçı hesab edir ki, limitlərin əsas məqsədi "manata olan təzyiqi azaltmaq, insanları xüsusilə də dollar almaqdan çəkindirməkdir".
"Azərbaycan şəraitində heç də hamı öz gəlirini təsdiq edə bilmir. Nə qədər insan qeyri-rəsmi olaraq məşğulluq fəaliyyəti göstərir. Bunun kökü çirkli pullarla mübarizə olsa da, 200-300-400 dollarla çirkli pullarla mübarizə aparılmır. Əsas səbəb riskləri azaltmaqdır".
Cənab Əliyev bu addımın valyutanın "qara bazarının çiçəklənməsinə və onun həcminin artmasına" səbəb olacağını, bunun isə maliyyə sektorunda qeyri-sabitliyə və dollar qıtlığına gətirib çıxaracağını düşünür.
"Bunun olmaması üçün valyutadəyişmə məntəqəsində sərt nəzarət qaldırılmalıdır. Bu, çıxış yolu deyil. Onsuz da zərbə yenə az məbləğdə vəsait dəyişənlərə dəyəcək, böyük həcmdə vəsait dəyişənlər bu işi öz kanalları vasitəsilə, blank doldurmadan həll edə bilirlər".
"Gəlir deklarasiyası olmadığı şəraitdə..."
Banklarda valyuta alınan zaman müştərilərdən blank doldurulması tələb olunandan sonra sosial media istifadəçiləri gəlir deklarasiyasınının nə üçün tətbiq edilmədiyini soruşur.
"Deməli, əgər mən avtomobil alıramsa, bu avtomobili hansı pula aldığım soruşulmur, amma avtomobili satıb pulunu dollara çevirsəm, mənbə soruşulur. Bunun məntiqi nədir?" - bir sosial media istifadəçisi yazır.
İqtisadçı Samir Əliyev söyləyir ki, 2005-ci ildə Azərbaycanda gəlirlərin deklarasiyası barədə qanun qəbul edilsə də, "bu sahədə konkret iş görülmür".
O hesab edir ki, gəlir deklarasiyası mexanizminin olmadığı və "rəsmi gəlirlərin az olduğu" şəraitdə banklarda pulun mənbəyi barədə blank tətbiqi kimi addımlar ancaq "insanlara psixoloji təsir edərək dollar tələbatı süni şəkildə azaltmaq" məqsədi daşıyır.










