Azərbaycan: bankların bağlanması davam edə bilərmi?

dollar

Şəklin mənbəyi, Reuters

Azərbaycanda son bir neçə həftədə bağlanan bankların sayı 4-ə çatıb. Mərkəzi Bankın İdarə Heyəti "AG Bank" və "NBC bank"ın da lisenziyasını ləğv edib.

Bundan bir neçə gün öncə, "Atabank" və "AmrahBank" lisenziyadan məhrum edilmişdi.

"AmrahBank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min, digər üç bankın hər biri isə 100 min manat ianə edib.

"Vəziyyətimiz imkan verib ki, biz bu ianəni etmişik," - AG Bank İdarə Heyətinin sədr müavini, risklər üzrə baş direktor Elnur Musayev BBC News Azərbaycancaya bildirib.

Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib ki, bağlanan banklarda əhalinin 690 milyon manata yaxın əmanəti olub, probemli kreditlərin həcminin xüsusi çəkisi 73 faizdir. "Əgər portfelin 4-də 3-ü işlək deyilsə, çox ciddi təhdid yaranır. Açıq demək lazımdır ki, əmanətləri geri qaytarmaq iqtidarında deyildi".

Elman Rüstəmov deyir ki, 4 bankın hər birində məcmu kapital itirilib. "Biz bu bankların özləri ilə də yanvar ayından müzakirə aparırdıq. Vəziyyətlərindən xəbərdar idilər. Azərqaz bankla da (AG bank) müzakirə edirdik. Xarici audit özü də 2019-cu ilin göstəricilərinə görə bankda mənfi kapital olduğunu qeyd etmişdi".

"Fonda 100 min ianə eləmişik"

"Vəziyyətimiz imkan verib ki, biz Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manatlıq ianəni eləmişik," - AG Bank İdarə Heyətinin sədr müavini, risklər üzrə baş direktor Elnur Musayev BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, bankın vəziyyəti "kifayət qədər qənaətbəxş" olub. Sədr müavini "qənaətbəxş" dedikdə "öhdəliklərini vaxtlı-vaxtında" yerinə yetirdiklərini nəzərdə tutduğunu deyir: "Sosial mediada da bizim müştərilərimizin qeydlərini oxuya bilərsiniz ki, bizə qarşı hər hansı iradları olmayıb".

Bu zaman bank niyə bağlanır? Elnur Musayev bu sualın Mərkəzi Banka ünvanlanmalı olduğunu deyir.

Mərkəzi Bankı sədri Elman Rüstəmov isə AG bankın da digər banklar kimi öhdəliklərini yerinə yetirə bilmədiyini deyib.

Mərkəzi Bank sədri bildirib ki, AG Bankın sağlamlaşdırılmasına çalışılıb, amma nəticə verməyib.

Elnur Musayevin sözlərinə görə isə, 2015-ci ildə manatın devalvasiyasından sonra banka əmanət qoyuluşuna davam edilib.

Əmanət müvafiq qanunla 100 faiz qorunduğu üçün ləğvetmə prosesindən sonra əmanətçilər öz əmanətlərini geri ala biləcəklər. Bəs digər kreditorlar da öz vəsaitlərini ala biləcəklərmi?

Sədr müavini deyir ki, bankın kifayət qədər təminat portfeli var, öhdəlik portfeli var: "Onlar icra olunduqdan sonra güman edirəm ki, heç bir sıxıntı qalmayacaq".

"Sonuncu olmaya bilər"

Bank məsələləri üzrə təhlilçi Samir Əliyev bank sektorunda yaşananların gözlənən olduğunu deyir və hesab edir ki, 4 bank bağlanan sonuncu bank olmayacaq.

"Bütün bu olanlar göstərir ki, banklar 2015-ci ilin fəsadlarını tam aradan qaldıra bilmirlər. Koronavirus pandemiyası da təsirini göstərdi. Üstəlik, mart ayında manata təzyiq yarananda vətəndaşlar banklardan əmanətlərini çəkməyə çalışdılar. Banklarda əmanət qoyuluşu təkcə martda 470 milyon manatdan çox azalıb, bunun aprel ayında da davam edəcəyini düşünürəm".

Samir Əliyevə görə, 4 bankın bağlanması da bu ajiotajl davam etdirəcək. Onun fikrincə, əgər pandemiya uzun çəkərsə və neftin dünya bazarında qiyməti aşağı olarsa, maliyyə bazarında çətinliklər "qaçılmaz olacaq".

Elman Rüstəmov deyir ki, bağlanan bankların açıqladığı hesabatla real vəziyyətləri arasında ziddiyyət olub. Hazırda Mərkəzi Bank ölkənin bank sektorunu tam yoxlayıb başa çatdırmayıb, amma Elman Rüstəmov əlavə edir ki, bankların açıqladığı bu hesabatlara "inanmaq olar".