Azərbaycan-İran sərhədi: “Sərhədi pozanlardan biri aldığı güllə yarasından ölüb”

Şəklin mənbəyi, Dövlət Sərhəd Xİdməti
Çərşənbə günü Azərbaycan sərhədlərini pozmağa çalışdığı iddia edilən və "dayan" əmrinə tabe olmayan 3 nəfərdən biri Azərbaycan-İran sərhədinin Göytəpə kəndi yaxınlığında "aldığı silah yaraları nəticəsində ölüb".
Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda bildirilir ki, "sərhəd pozucuları "dayan" əmrinə tabe olmayıblar".
Qurumun məlumatında sərhəd pozucularının "sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etdikləri" bildirilir. Lakin sərhədçilərin xəsarət almasına dair məlumat yoxdur.
Dövlət Sərhəd Xidməti əlavə edir ki, digər iki nəfər "ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar".
Qurum yaralanan şəxsə ilkin tibbi yardım göstərildiyini və Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparıldığını, "görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadığını" bildirir.
DSX "hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, lüləsi kəsilmiş qoşalülə bir ov tüfəngi, altı patron, bir patron gilizinin aşkar olunduğunu" deyir.
DSX "İran tərəfinin sərhəd nümayəndəsinin dəvət olunduğunu, hadisə yerində görüş" keçirildiyini deyir.
Qurum hazırda aidiyyətli dövlət qurumlarının hadisə ilə əlaqədar zəruri tədbirlərin keçirildiyini deyib.






